RU

Kitablarda xüsusi maddi mədəni irs bölməsi yaradılsın Əfqan Vəliyev

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Azərbaycan tarix kitabları qalib Azərbaycan dövlətinin və yeni dövrün tələbləri nəzərə alınaraq, ona uyğun hazırlanmalıdır. İlk növbədə eramızdan əvvəlki Azərbaycan tarixi tədqiq olunmalıdır, o dövrə aid tarix kitablarına maddi-mədəni irs nümunələri, hətta qədim kitabələr və sənədlər də daxil edilsə, çox məqsədəuyğun olar".

Bu fikirləri Redaktor.az-a Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, tarixçi Əfqan Vəliyev elm və təhsil naziri Emin Əmrullayevin tarix dərsliklərinin dəyişdirilməli olduğu ilə bağlı verdiyi açıqlamadan danışarkən bildirdi.

Onun sözlərinə görə, kitablarda o dövrə aid tarixi sənədlər və o dövrdə Azərbaycan ərazisində yaşayan türk mənşəli tayfaların, qədim tayfaların yaşayışını əks etdirən müxtəlif növ abidələr, kitabələr haqqında məlumat verilməlidir:

"Tarix kitablarına xüsusilə hər tayfa dövrünə aid və onların məişətini, sosiologiyasını, həyatını əks etdirən müxtəlif nümunələrin əksini tapması yaxşı olardı. Qarabağ xanlıqlar dövrü xüsusi işlənməlidir və xanlıqlar dövrü arxiv sənədləri əsasında yenidən tədqiq olunub dərsliklərdə əksini tapmalıdır. Çünki xanlıqların müəyyən dövrləri və müəyyən hadisələr kitablarda istənilən səviyyədə əksini tapmayıb və düşünürəm ki, artıq onun hazırlanması üçün də müxtəlif arxiv sənədləri mövcuddur. Qərbi Azərbaycan xanlıqlarının da, Qərbi Azərbaycan tarixinin də, ümumiyyətlə İrəvan xanlığının da tarix kitablarına daxil edilməsi məqsədəuyğun olardı. Qarabağ xanlığının tarixi yazılarkən Qarabağnamələrə xüsusi diqqət yetirilməlidir. Qarabağnamələrdən əlavə o dövrə aid Qarabağda əhalinin yaşayışını əks etdirən müxtəlif arxiv sənədləri əsasında Qarabağın tarixi yenidən tədqiq olunub yazılmalıdır".

Tarixçi qeyd etdi ki, Azərbaycanda Daşkəsən-Gədəbəy-Qarabağ silsiləsinə mənsub ərazidə çoxsaylı tədqiqatlar aparılıb:

"Bu tədqiqatlar nəticəsində qədim azərbaycanlıların nəslinin nümayəndələrinin, əcdadlarının orada yaşadığına dair bir çox eksponatlar çıxarılıb. Bu eksponatlar tarix kitablarında da əksini tapmalıdır. Qəbirüstü abidələr, azərbaycanlıların ərazidə qədim yaşayışını əks etdirən qədim abidələr kitablarda əksini tapmalıdır. Kitablarda xüsusi maddi-mədəni irs bölməsi yaradılsa, çox məqsədəuyğun olardı. Çünki dünya dəyişib və artıq insanlar sənədlərdən daha çox maddi-mədəni irsə önəm verirlər. Abidələr bu gün günümüzün tarixşünaslığında daha ön plandadır. Çünki abidə bir millətin kimliyidir, pasportludur, nəsildən-nəslə daşıyıcısıdır və hər abidə onun mənsub olduğu xalqın, tayfanın həyat hekayəsini, həyat şəraitini özündə əks etdirir, onların kimliyini daşıyır. Hər dövrə aid maddi-mədəni irs nümunələrinin tarix kitablarında əks olunması düşünürəm ki, fakt cəhətdən və tələbələrin, şagirdlərin yaddaşlarında həkk olunması cəhətindən çox əhəmiyyətli məsələlərdir. Qarabağnamələr yazılarkən Mir Mehdi, Mirzə Camalın Qarabağnaməsi yazılıb və bir neçə Qarabağnamə nüsxələri yazılıb, tərcümə olunub. Amma Mir Mehdi Xəzaninin də Qarabağnaməsinin tarix kitablarında yer alması məqsədəuyğun olardı. Tarix dərslikləri xüsusilə sadə, anlaşılır dildə olması və eyni zamanda yazılarkən dil üslubuna, yazı üslubuna xüsusi diqqət edilməsi məncə daha məqsədəuyğun olardı. Tarix kitablarında qalib dövlətin sərkərdəsi, lideri, Ali Baş Komandan İlham Əliyevin sitatlarına həm tarixlə bağlı söylədiyi fikirlərə, həm də müasir dövrlə bağlı fikirlərə, sitatlara yer verilməsini məqsədəuyğun olardı".

Əfaqan Vəliyev qeyd etdi ki, bütün dövlətlər tarixlərini yenidən yazır və tarixlərini dönəm-dönəm yenidən gözdən keçirirlər, yeni arxeoloji tədqiqatlar aparıb, yeni abidələr, yeni sənədlər əldə edib onu tarix kitablarına əlavə edirlər.

"Bizim də arxivlərimizdə müstəqillik dövründə çox sayda arxiv sənədləri aşkar olunub, xaricdən çox sayda mənbələr gətirilib, arxivlərə qoyulub və düşünürəm ki, bu arxiv sənədləri əsasında tariximizin qaranlıq qalan səhifələrini tam olmasa da müəyyən dərəcədə işıqlandırmaq mümkündür. Xüsusilə 1900-cü ildən 1918-ci ilə qədər olan dövr, millətləşmə və dövlət quruculuğu dövrü tarixi mənbələr əsasında işlənib, tarix kitablarında yerini tapmalıdır", - deyə müsahibimiz fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
2
1
redaktor.az

2Источники