RU

Tarix dərsliklərində islahat: “Fakt əzbərləmək yox, düşünmək öyrədilməlidir”

Elm və təhsil naziri Emin Əmrullayev ötən günlərdə keçirilən birifinqdə qeyd edib ki, tarix kitablarının çoxu tarixi faktların sıralamasından ibarətdir, bu, dəyişməlidir. Həmçinin şagirdlərin oxuyub-anlama səviyyəsinə uyğun deyil dərsliklər.

Bu zaman sual yaranır ki, tarix kitablarında hansı dəyişimə ehtiyac var?

AzEdu.az-a mövzu ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov danışıb. 

O qeyd edib ki, ümumi təhsil şagirdlərdə yalnız bilik deyil, həm də düşünmə qabiliyyəti, dəyərlər və yaradıcı yanaşma formalaşdırmalıdır

"Təhlil göstərir ki, tarix dərsliklərinin məzmunu hələ də şagirdlərdə analitik düşüncə, tənqidi yanaşma və hadisələri səbəb-nəticə əlaqəsində anlama bacarığını inkişaf etdirməkdən çox faktların əzbərlənməsinə yönəlib. Elm və təhsil naziri Emin Əmrullayevin “tarix kitablarının çoxu faktların sadalanmasından ibarətdir” fikri mövcud vəziyyətin reallığını əks etdirir. “Ümumi təhsil haqqında” Qanunun 14-cü maddəsində göstərilir ki, ümumi təhsil şagirdlərdə yalnız bilik deyil, həm də düşünmə qabiliyyəti, dəyərlər və yaradıcı yanaşma formalaşdırmalıdır. Halbuki mövcud dərsliklərin bir çoxu bu prinsipi tam reallaşdırmır.

Məsələn, VII sinif üçün “Azərbaycan tarixi” dərsliyində Səfəvilər dövləti ilə bağlı mövzular sadəcə tarixlərin və hadisələrin siyahısı formasında təqdim edilir: “1501-ci ildə Şah İsmayıl Xətai Təbrizi tutdu, 1514-cü ildə Çaldıran döyüşü baş verdi, 1524-cü ildə Şah Təhmasib hakimiyyətə gəldi”. Bu, hadisələrin siyasi və sosial nəticələrini şərh etmək yerinə yalnız tarixi ardıcıllığı əzbərləməyə məcbur edir. Halbuki eyni mövzunu oxuyan bir şagirdin sualı belə olmalıdır: “Çaldıran döyüşü niyə baş verdi, nəticəsi nə oldu və Azərbaycanın siyasi taleyinə hansı təsirləri göstərdi?”. Lakin dərsliklərdə bu yanaşma çatışmır.

VIII sinif “Ümumi tarix” kitabında Fransa inqilabına aid mövzuda isə oxucuya uzun-uzadı hadisələrin ardıcıllığı verilir: “1789-cu ildə Bastiliya qalası dağıdıldı, 1791-ci ildə konstitusiya qəbul olundu, 1792-ci ildə monarxiya devrildi”. Burada əsas vurğu hadisələrin xronologiyasına verilir, amma “inqilabın xalqın sosial vəziyyətinə necə təsir etdiyi” barədə analitik müzakirə yoxdur. Bu, şagirdlərdə oxuyub-anlama bacarığının formalaşmasına mane olur".

Dünya təcrübəsində uğurlu modellər tam fərqlidir:

"Statistik göstəricilər də bu problemin nəticəsini ortaya qoyur. 2022-ci ildə PISA qiymətləndirməsində Azərbaycan şagirdlərinin oxuyub-anlama bacarığı 380 bal olub, OECD ölkələrinin ortalaması isə 487 bal təşkil edib. Bu fərq göstərir ki, şagirdlər mətni sadəcə oxuyur, lakin onun dərin məzmununu, səbəb-nəticə əlaqələrini qavramaqda çətinlik çəkirlər. Bu da birbaşa dərsliklərin üslubu və təqdimat metodologiyası ilə bağlıdır.

Dünya təcrübəsində uğurlu modellər tam fərqlidir. Finlandiyada tarix dərsliklərində hadisələrin ardıcıllığı ilə yanaşı, şagirdlərə açıq suallar təqdim olunur: “Əgər sən həmin dövrdə yaşasaydın, hansı mövqe seçərdin və niyə?”, “Bu hadisənin müasir dünyaya təsirləri hansılardır?”. İngiltərənin GCSE tarix dərsliklərində müxtəlif tarixi mənbələr – şəkillər, xəritələr, qəzet parçaları verilir və şagirdlərdən onları müqayisə edərək nəticə çıxarmaq tələb olunur. Bu yanaşma həm oxuyub-anlama, həm də tənqidi düşünmə qabiliyyətini inkişaf etdirir".

Hesab edirəm ki, tarix kitablarında dəyişikliklər mütləqdir:

"Müsbət tərəf odur ki, Elm və Təhsil Nazirliyi bu problemi açıq şəkildə gündəmə gətirib. Nazirliyin mövcud dərsliklərin yenidən işlənməsi, mətnlərin dilinin sadələşdirilməsi və şagirdlərin yaş səviyyəsinə uyğunlaşdırılması istiqamətində atdığı addımlar mühüm əhəmiyyət daşıyır. Artıq yeni nəşrlərdə müəyyən dəyişikliklərin şahidi oluruq. Məsələn, V sinif “Azərbaycan tarixi” dərsliyində bəzi mövzularda “Düşün və cavabla” tipli suallar, şəkillər və mənbə parçaları əlavə edilib. Bu, müsbət tendensiyadır, lakin daha geniş tətbiq edilməlidir.

Mənfi tərəf isə ondan ibarətdir ki, hələ də bir çox mövzular fakt yığımı kimi təqdim olunur və şagirdlər “əzbərlə – imtahanda yaz – unut” prinsipi ilə oxumağa məcbur olur. Bu yanaşma təhsilin keyfiyyətinə ziddir. Çünki “Təhsil haqqında” Qanunun 5-ci maddəsində də qeyd olunur ki, təhsil prosesinin əsas məqsədi şəxsiyyətin inkişafıdır. Şəxsiyyətin inkişafı isə yalnız faktların toplanması ilə deyil, onların şərhi, dəyərləndirilməsi və müasir dövrlə əlaqələndirilməsi ilə mümkündür.

Hesab edirəm ki, tarix kitablarında dəyişikliklər mütləqdir. Faktların sadəcə ardıcıllığını əzbərlətmək əvəzinə, səbəb-nəticə əlaqələri, analitik suallar, mənbələr əsasında müzakirələr və şagirdlərin marağını oyadan təqdimatlar artırılmalıdır. Elm və Təhsil Nazirliyinin bu istiqamətdəki təşəbbüsləri müsbət qiymətləndirilməlidir. Nazir Emin Əmrullayevin mövqeyi və verdiyi ismarıc göstərir ki, tarix dərsliklərinin yeni nəslinin hazırlanması zamanı əsas məqsəd şagirdlərin oxuyub-anlama, düşünmə və nəticə çıxarma bacarıqlarının inkişafı olacaq. Bu, Azərbaycan təhsilinin keyfiyyətində mühüm dönüş yaradacaq".

Избранный
21
azedu.az

1Источники