RU

Lənkəran-Astara Təhsil İdarəsi bu dəfə uşaq mərkəzinə üz tutmağa hazırlaşır - Şikayət

Lənkəranda bir qrup valideyn, Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnəklərin fəaliyyətinin dayandırılması və şagirdlərin digər ünvanlara yönləndirilməsi ilə bağlı narazılıq edir. Bu barədə şikayət edən valideynlər anews.az-a məktubla müraciət ediblər. 

Valideynlər bunu Lənkəran-Astara Regional Təhsil İdarəsinin həmin binaya köçürülməsi planı ilə əlaqələndirirlər.

Valideynlər bildiriblər ki, övladları bu mərkəzdə müxtəlif dərnəklərə qatılıb və mərkəz onlara həm yaxın məsafədə yerləşdiyi, həm də dövlət hesabına fəaliyyət göstərdiyi üçün əlverişli olub.

“Hazırda dərnəklər fəaliyyət göstərmir. Deyirlər ki, bina təhsil idarəsinə veriləcək, uşaqları isə başqa məkanlara yönləndirəcəklər. Bu, uzaq kəndlərdən gələn ailələr üçün ciddi çətinlik yaradır. Həmçinin, dərnəklərin nə vaxt bərpa olunacağı barədə dəqiq məlumat verilmir,” – valideynlər anews.az-a bildiriblər.

Lənkəran Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərinin vəzifəsini icra edən Azər Cəfərov məsələ ilə bağlı bildirib ki, Təhsil İdarəsinin binaya köçürülməsi ilə bağlı qərar hələlik rəsmiləşməyib.

“Əgər belə bir köçürülmə baş verərsə, dərnəklər yaxın ərazilərdə və ya mərkəzin digər otaqlarında təşkil edilə bilər. Amma hazırda dəqiq qərar yoxdur və əlavə məlumat verə bilmərik,” – Cəfərov qeyd edib.

Bundan əvvəl  Lənkəran-Astara Regional Təhsil İdarəsinin yerləşdirilməsi ilə bağlı bir neçə fərqli təhsil müəssisəsinin adı hallanıb. Daha əvvəl Lənkəran şəhər 2 saylı məktəb və Xarici Dillər Təmayüllü Məktəb bu məqsədlə gündəmə gəlsə də, ictimai etirazlardan sonra idarə hər iki halda məlumatları təkzib etmişdi.

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu göndərilib. 

Uşaq-Gənclər İnkişaf Mərkəzində bir neçə istiqamət üzrə dövlət hesabına dərnəklər keçirilir.

Təxminən 80-ə yaxın şagird bu mərkəzdə dərnəklərdən istifadə etmək hüququ qazanıb. 

Gülnar Nazimqızı 

Избранный
50
50
anews.az

10Источники