RU

Azərbaycan dövlətçiliyinin müasir tarixində: 20 Sentyabr xüsusi bir səhifədir

Bu gün artıq ikinci ildir ki, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün sadəcə təqvimdə qeyd olunmuş bir tarix deyil, həm də xalqımızın 30 illik həsrətinin, minlərlə qəhrəman oğul və qızımızın qanı bahasına qazanılmış möhtəşəm Zəfərin rəmzidir.

Bu günün tarixi əhəmiyyəti ondadır ki, artıq Azərbaycan xalqı Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə öz azadlığının, milli birliyinin və dövlət müstəqilliyinin gücünü simvolizə edən üçrəngli bayrağını ucaldıb. Ermənistanın və qondarma qurumun silahlı tör-töküntüləri məhv edilib, torpaqlarımız birdəfəlik işğaldan təmizlənib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və 2023-cü ilin lokal antiterror əməliyyatında tarixi Zəfərə imza atdı. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağını ucaldaraq xalqımıza verdiyi bütün vədlərin gerçəkləşdiyini bəyan etdi. Onun tarixi çıxışında səsləndirdiyi sözlər yaddaşımıza əbədi həkk olundu:

“Hər gün, hər saat biz bu müqəddəs anı yaxınlaşdırırdıq. Mən xalqıma söz vermişdim ki, Azərbaycan bayrağı bütün işğaldan azad ediləcək torpaqlarda qaldırılacaq və bu gün gəldi.”

Bu bəyanat təkcə bir siyasi liderin hesabatı deyil, həm də dövlət başçısının 20 illik qətiyyətli fəaliyyətinin tarixi yekunu idi.

Bu gün Qarabağ yalnız qələbənin deyil, həm də quruculuğun rəmzinə çevrilib. Xankəndidə Qarabağ Universitetinin yaradılması, yeni məktəb və infrastruktur layihələrinin açılışı, Ağdərədə Novruz tonqallarının alovlandırılması, Xocalıda Soyqırımı Memorialının təməlqoyması və müasir sənaye müəssisələrinin istifadəyə verilməsi, Xocavənddə qədim abidələrin bərpası – bütün bunlar işğaldan azad edilmiş torpaqlarımızın sürətlə dirçəlişə qədəm qoyduğunu göstərir.

Artıq Qarabağ bölgəsi təkcə Azərbaycan üçün deyil, region üçün də yeni inkişaf mərkəzinə çevrilməkdədir. Bu, Prezident İlham Əliyevin müdrik siyasətinin, dövlətin gücünün və xalqın iradəsinin təntənəsidir.

Избранный
28
publika.az

1Источники