Qazaxıstanın "KazMunayQaz" milli şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını bərpa edib.
Bu barədə Bakıvaxtı.az-ın Qazaxıstan bürosu şirkətə istinadən bildirib.
"Sentyabrın 13-də Aktau limanından BTC istiqamətində 8,8 min ton "Kaşağan" nefti yola salınıb, növbəti yüklənmə sentyabrın 20-nə planlaşdırılır", - məlumatda qeyd olunur.
Xatırladaq ki, BTC ilə tədarük bu ilin avqustunda dayandırılmışdı. Səbəb bu marşrutla nəql edilən Azərbaycan neftinin ayrı-ayrı partiyalarında üzvi xlorid izlərinin aşkar edilməsi olub.
Şirkətin məlumatına görə, 2025-ci ilin 8 ayı ərzində BTC istiqamətində 0,9 milyon ton Qazaxıstan nefti nəql edilib.