RU

“Putin türk hərb məktəbinin döyüş strategiyasından yararlanmağa çalışır...”

“Vaxtilə monqol-tatarların türk komandanı Subutay 20 minlik bir qüvvə ilə bir neçə rus knyazlığının və qıpçaqların birləşmiş 80 minlik ordularını məhz bu taktika ilə məğlub etmişdi...”
 
“Bəs Rusiya bu qədər tükənibsə, onda niyə eyni anda həm Polşaya, həm də Rumıniyaya dronla hücum edir?”
 
“Polşaya dron hücumuna Avropa ölkələrinin “Şərqin keşikçisi” hərbi təlimləri, daha doğrusu, təşəbbüsü ilə cavab verməsi Qərbin də Rusiya təhdidi qarşısında geri çəkilməyəcəyini göstərir...”
 
“Rusiyanın qısa zaman aralığında həm Polşaya, həm də Rumıniyaya dron hücumları Avropa ölkələrini bir araya gəlməyə və birgə cavab tədbirləri hazırlamağa təhrik etdi. Sözügedən təxribatdan sonra NATO-nun avropalı müttəfiqləri, o cümədən, Almaniya, Fransa və Böyük Britaniyanın iştirakı ilə “Şərqin keşikçisi” adlı hərbi təlimlərə start verildi. Təlim çərçivəsində Polşa ilə yanaşı, Ukraynanın da yer aldığı regiona ağır hərbi texnikalar yerləşdirildi. Məlumata görə, hərbi təlimdə iştirak məqsədilə Fransa Polşaya 3 “Rafale” qırıcısı, Böyük Britaniya “Eurofighter Typhoon” təyyarələri, Çexiya 3 ədəd “Mi-17” helikopteri və 100-ə yaxın hərbçi, İsveç HHM vasitələri və aviasiya göndərdi. Niderland “Patriot” zenit-raket kompleksləri, dronlara qarşı sistemlər və 300 hərbçi göndərməklə hərbi təlimlərə qatıldı. Almaniya Polşa sərhədlərindəki “Eurofighter” qırıcılarının sayını ikiqat artırdı və s. Bütün bunlar NATO-nun Avropa qanadının Rusiyaya qarşı üzbəüz mübarizəyə artıq hazır olduqlarını göstərir”.
 
Bunu Moderator.az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz  "Rusiyanın Polşaya, ardınca Rumıniyaya dron hücumundan sonra Ukrayna savaşının dünyanı və ayrıca Avropanı hara apardığı barədə hansı nəticələrə gəlirsiniz?” sualını cavablayarkən söyləyib.
 
“Eyni zamanda Rusiya da Belarusda özünün ənənəvi “Zapad” (Qərb) hərbi təlimləri keçirib. Dünən başa çatacağı gözlənilən bu hərbi təlim yaxın keçmişdəki qorxunc nəticələri etibarilə Avropada ciddi təşvişlər doğurdu. Məlumdur ki, 2021-ci ildə keçirilən “Qərb-2021” təlimlərindən dərhal sonra Rusiya Ukraynaya hücum etmiş və 4 ildir, bu savaş dayanmaq bilmir. O dövrdə də Rusiya hücuma Belarusdan başlamışdı. Bu gün də eyni coğrafiyada eyniadlı təlimlər keçirilir və bu haqlı olaraq NATO ölkələrini qorxudur. 
 
Bununla belə, “Qərb-2025” təlimlərinin 4 il əvvəlkindən fərqli tərəfləri də var. “Qərb-2021” hədəf ölkələrin sərhədlərinin yaxınlığında keçirilirdi. İndiki təlimlər isə Polşa sərhədlərindən xeyli aralıda başladı. Sanki Rusiya bununla da “bizim hədəfimiz Polşa və ya başqa NATO ölkəsi deyil”  mesajını verirdi. Təlimlərə qatılan əsgər sayı da sələfi ilə müqayisədə xeyli balaca görünürdü. “Qərb-2021” təlimlərində 200 mindən çox əsgər iştirak edirdisə, “Qərb-2025”-də bu say 10 minə belə, çıxmamışdı. Belarus Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərdə 1000-ə yaxın Rusiya hərbçisi, 7000 Belarus hərbçisi iştirak edirdi. Moskva və Minsk bu mütəvazi qatılımı NATO-ya verilmiş yumşalma siqnalı kimi təqdim etsələr də, bir çox Qərb analitikləri buna inanmır, iştirakçıların azlığını Rusiyanın zəifləməsinin nişanəsi kimi görürlər”, - deyə davamında analitik bildirib. 
 
Ardınca Heydər Oğuz belə bir maraqlı sual ortaya qoyur: “Bəs Rusiya bu qədər tükənibsə, onda niyə eyni anda həm Polşaya, həm də Rumıniyaya dronla hücum edir?”
 
“Ukrayna savaşının qəsdən uzadılmasının əsas məqsədinin Rusiyanı tükəndirmək olduğunu nəzərə alsaq, “Qərb-2025”-dəki bu personal azlığı əslində NATO ölkələrinin öz məqsədlərinə xeyli yaxınlaşmasından xəbər verir. O halda bir sual ortaya çıxır: Rusiya bu qədər tükənibsə, onda niyə eyni anda həm Polşaya, həm də Rumıniyaya dronla hücum edir? Bir çoxları bunu Putinin nəbz yoxlaması kimi qiymətləndirirlər. Mənsə bu arqumentlə razılaşmıram. Çünki Rusiyanın indiki tükənmişlik halında bir də Polşa və Rumıniya kimi həssas nöqtələrə hücum Kreml üçün öldürücü nəticələr doğura bilər. Ağlı başında olan heç bir lider bu addımı atmaz. Odur ki, mən ABŞ yetkililərinin və Macarıstan prezidenti Viktor Orbanın mülahizələrinə daha çox inanıram. Bilirsiniz ki, onlar Polşaya və Rumıniyaya uçan dronların radio-elektron silahlar vasitəsilə beyinlərinin pozulduğunu və əsl hədəfdən yayınaraq başqa istiqamətə yönəldiyini bildirirlər. Məncə də, bu ehtimal daha ağlabatandır”, - siyasi şərhçi belə deyib.
 
Heydər Oğuz  həm ölkəsi daxilində, həm Ukrayna cəbhəsində dərin bataqlıqda çabalamaqda olan işğalçı Rusiya diktatorusunun son çarə variantı kimi əl atdığı taktikanı da açıqlamağa çalışıb:
 
“Bununla belə, ona verilən möhlət dövrünü uğursuzluqla bitirən Putinin son çarə variantı kimi eskalasiyanı artırma taktikasına əl atmış da ola bilər. Məlumdur ki, xüsusilə 2014-cü ildə Ukrayna müharibəsinin ilk mərhələsindən sonra Moskva özünün milli müdafiə strategiyasını məhz bu prinsip əsasında qurdu. Strategiyanın qısa məzmunu belədir: güclü düşmən qarşısında geri çəkilməkdənsə, astronomik qurbanlar hesabına hücuma keçmək və ona bacardığın qədər zərər vurmaq. Xatırladım ki, vaxtilə monqol-tatarların türk komandanı Subutay 20 minlik bir qüvvə ilə bir neçə rus knyazlığının və qıpçaqların birləşmiş 80 minlik ordularını məhz bu taktika ilə məğlub etmişdi. Həmin döyüşdə Moskva knyazı isə savaş meydanında kiçik bir qüvvənin öz soydaşlarının başına gətirdiklərini seyr edə-edə qarşısındakı Kalka çayının digər sahilinə keçməyə cəsarət etməmişdi. Döyüş strategiyalarını əsasən türk hərb məktəbindən alan Rusiya da istər I, istər II dünya müharibələrində, istərsə də son zamanlar apardığı savaşlarda bu taktikalardan geninə-boluna istifadə etməyə çalışır. Onun hazırda əsaslandığı eskalasiya yolu ilə de-eskalasiya taktikasında etibar etdiyi əsas silahı isə nüvə gücüdür. Fikrimcə, Putin Ukrayna savaşını III Dünya müharibəsinə çevirmək riski yaradaraq, NATO ölkələrində onsuz da mövcud olan nüvə zərbəsi xofunu artırmağa çalışır. İnanır ki, NATO ölkələri nüvə zərbəsindən çəkinərək Ukraynanı Rusiya ilə razılaşmağa vadar edəcək, əks halda ona hərbi yardımları dayandıracaq. Onun bu arzularının nə qədər özünü doğruldacağını isə zaman göstərəcək”.
 
“Rusiyanın bu taktikasına NATO dövlətləri necə cavab verəcək?” sualına isə siyasi şərhçi qısa cavab verib:
 
“Hesab edirəm ki, Polşaya dron hücumuna Avropa ölkələrinin “Şərqin keşikçisi” hərbi təlimləri, daha doğrusu, təşəbbüsü ilə cavab verməsi Qərbin də Rusiya təhdidi qarşısında geri çəkilməyəcəyini göstərir...”
 
Təqdim etdi:
 
Sultan Laçın
 
Избранный
23
1
moderator.az

2Источники