Bu ildən etibarən Azərbaycanda müəllimlərin sertifikasiya müsahibələri onlayn formada keçirilir. Bu dəyişiklik həm üstünlükləri, həm də müəyyən çətinlikləri ilə diqqət çəkir.
Bu fikirləri təhsil eksperti Rasim Həsənzadə AzEdu.az-a açıqlamasında bildirib.
Texniki nüanslar nəzərə alınmalıdır
"Müsbət tərəfi ondan ibarətdir ki, müəllimlər artıq müsahibə üçün əlavə yol xərci və vaxt sərf etmir, prosesi daha rahat şəkildə evdən və ya işlədikləri mühitdən həyata keçirirlər. Onlayn format həmçinin sual və cavabların rahat şəkildə qeydiyyata alınmasına imkan yaradır ki, bu da şəffaflıq və obyektivliyin qorunmasına xidmət edir. Müəllimlərin tanış və komfortlu mühitdə iştirak etməsi də gərginliyi müəyyən qədər azaldır. Bununla yanaşı, müəyyən mənfi cəhətlər də mövcuddur. İnternet bağlantısı, texniki avadanlıq və proqram təminatı ilə bağlı çətinliklər bəzən nəticəyə mənfi təsir göstərə bilər. Ənənəvi müsahibədə müəllimlərin canlı ünsiyyət bacarığı və özünüifadəsi daha aydın görünürdüsə, onlayn format bu imkanı bir qədər məhdudlaşdırır. Həmçinin bütün müəllimlərin texniki imkanları eyni səviyyədə olmadığından bəziləri üçün əlavə çətinliklər yaranır. Ümumilikdə, onlayn müsahibə formatı müasir texnologiyaların təhsildə tətbiqinə uyğun bir addım sayılsa da, həm texniki, həm də psixoloji tərəflərin nəzərə alınması vacibdir".