RU

Vüqar İskəndərov: “Türk dünyası gənclərin inteqrasiyası ilə daha da güclənəcək”

QHT.az xəbər verir ki, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin yekun tədbirində millət vəkili, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar İskəndərov çıxış edib.

Deputat tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu cür təşəbbüslər türk dövlətləri arasında birliyin möhkəmlənməsinə xidmət edir:

“Artıq dünyada yeni siyasi dizayn formalaşır. Bu prosesdə dövlətlərin mövqeyi və baxışları açıq şəkildə ortaya qoyulmalıdır. Türk dünyası xalqları və dövlətləri də gələcək inkişaf yolunu müəyyən etməli və müasir dövrün çağırışlarına cavab verməlidir. Dövlət başçılarımız bu sahədə siyasi iradə nümayiş etdirib və bu iradənin davamlı olması vacibdir”, – deyə Vüqar İskəndərov qeyd edib.

Millət vəkili türk dövlətləri arasında inteqrasiyanın dərinləşdirilməsi istiqamətində bir sıra təkliflər irəli sürüb. Onun sözlərinə görə, ortaq əlifba məsələsi artıq konkret həllini tapmalı və bu istiqamətdə alimlərin iştirakı ilə xüsusi komissiya yaradılmalıdır:

“Əgər biz vahid türk dünyası qurmaq istəyiriksə, ortaq əlifba və ortaq dil məsələsi labüd xarakter alır. Bu istiqamətdə elmi işlər görülməli və praktik addımlar atılmalıdır”, – deyə deputat bildirib.

O, həmçinin gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb:

“Dünya sürətlə dəyişir. Gənclərimiz bu dəyişikliklərə uyğun şəkildə hazırlanmalıdır. Türk dövlətləri arasında təhsil mübadiləsi proqramları həyata keçirilməli, hər bir ölkə müəyyən faiz tələbəni digər türk dövlətlərində oxumağa göndərməlidir. Bununla yanaşı, gənclər arasında yay düşərgələri, vətənpərvərlik oyunları və müxtəlif birgə tədbirlər təşkil olunmalıdır. Bu, gələcəkdə ortaq dəyərlərin daha da möhkəmlənməsinə xidmət edəcək”, – deyə Vüqar İskəndərov çıxışında bildirib.

Deputat çıxışını Türk dünyasının birliyinə dair arzularla tamamlayıb:

“Bizim ortaq tariximiz, dilimiz, ədəbiyyatımız, fəlsəfəmiz var. Bu birliyi heç kim poza bilməz. Əsas məsələ xoş sözlərdə deyil, real addımlar atmaqdır. İnşallah, bu tədbirdə səslənən təkliflər nəzərə alınacaq və davamlı işlərin görülməsi üçün yeni imkanlar yaradılacaq. Tanrı birliyimizi daim etsin”, – deyə millət vəkili vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Избранный
12
qht.az

1Источники