Yeniazerbaycan portalından verilən məlumata görə, ain.az xəbər yayır.
2026-cı ilin dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb
Maliyyə Nazirliyi 2026-cı ilin dövlət büdcə layihəsinin və icmal büdcənin ilkin göstəricilərinə dair açıqlama sənədini ictimaiyyətə təqdim edib. İlkin büdcə bəyanatı adlanan sənəd dövlət maliyyəsinin idarə olunması sahəsində bir sıra fiskal diaqnostika alətləri, həmçinin “Açıq Büdcə Sorğusu”nun metodologiyasına uyğun olaraq şəffaflıq prinsiplərinin təmin olunması məqsədilə hazırlanıb. İlkin büdcə bəyanatı növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi proqnozlara, büdcə, o cümlədən gəlir və xərc siyasətinin əsas istiqamətlərinə, büdcə qaydasına əsaslanan makro-fiskal çərçivəyə, qəbul edilmiş strateji sənədlərə və müəyyən edilmiş iqtisadi prioritetlərə uyğun olaraq hazırlanmaqla Maliyyə Nazirliyinin baxışlarını əks etdirir. Büdcə prosesinin növbəti mərhələlərində 2026-cı il üçün dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilənədək büdcə parametrlərinə dəyişikliklərin edilməsi istisna olunmur.
Qeyri-neft sütunlarına əsaslanan büdcə yığımları
Büdcənin gəlir və xərcləri, ümumilikdə büdcə ssenariləri birbaşa ölkənin inkişaf gözləntilərinə əsaslandığından 2026-cı ilin və növbəti 3 ilin büdcə siyasəti çərçivəsi də məhz ölkə iqtisadiyyatının artım bazislərinə söykənəcək. Ortamüddətli dövr üzrəmakroiqtisadi proqnozlar isə kifayət qədər ümidvericidir. Belə ki, İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin avqust ayında təqdim olunan proqnozlara əsasən, baza ssenaridə neftin bir barrelinin orta illik ixrac qiyməti 2026-2029-cu illər üzrə 65 ABŞ dolları olacağı fərz edilir. Proqnozlara görə, 2026-cı ilin sonuna ÜDM-in həcminin134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-nin 101,7 milyard manat təşkil edəcəyi gözlənilir. 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata, qeyri-neft-qaz ÜDM-nin isə 129,5 milyard manata çatacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,9 faiz olacağı gözlənilir. İqtisadiyyatın əsas hərəkətverici drayverləri qeyri-neft sektorunun üzərində fokuslanması sayəsində 2029-cu ildə ÜDM-in tərkibində qeyri-neft-qaz sektorunun payı artaraq 80 faizə çatacaq.
İnflyasiya 2029-cu ildə 4,3 faizə düşəcək
Ortamüddətli dövrdə əmtəə bazarları və istehlak qiymətləri də mövcud çərçivəyə uyğun olacaq. İqtisadiyyat Nazirliyinin ehtimallarına əsasən, cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənnə indeksinin dinamikası və məzənnənin sabit qalması fərziyyələri, habelə mal və xidmətlərin tənzimlənən tariflərinin dəyişməsinin təsirləri nəzərə alınaraq orta illik inflyasiya 2026-cı ildə 4,8 faizə bərabər olacaq. İnflyasiya şkalası növbəti illərdə tədricən zəifləməklə aşağı səmtə istiqamətlənəcək. 2027-ci ildə qiymət indeksi 4,5 faiz, 2028-ci ildə 4,3 faiz təşkil etməklə 2029-cu ildə ən aşağı həddə - 4,2 faizə enəcək. Hökumətin yenilənmiş makroiqtisadi proqnozlarına əsasən, 2026-2029-cu illərdə manatın ABŞ dollarına qarşı məzənnəsi sabit, cari ilin səviyyəsində, yəni 1,7 manat intervalında götürülüb ki, bu da qarşıdakı 4 ildə real artımlar və sabit inflyasiya fonunda milli gəlir əldəetmə imkanlarını təmin edəcək. Belə ki, ortamüddətli dövrdə əhalinin nominal gəlirlərinin artaraq 2029-cu ildə 123,2 milyard manata, xərclərinin isə 120,6 milyard manata qədər yüksəlməsi gözlənilir. Qeyd edilən müddətdə investisiyaların artım hərəkəti də müsbət dinamika üzrə dövr edəcək, əsas kapitala yönələn investisiyalar 2026-cı ildə 6,9 faiz, ortamüddətli dövrdə isə illik 3,9 faiz artacaq.
Hansı gəlir istiqamətləri nəzərdə tutulur?
Beləliklə, yuxarıda vurğulanan makroiqtisadi inkişaf çərçivəsi ölkə iqtisadiyatını dayanıqlı inkişaf sütunlarını möhkəmləndirməklə həmin dayanıqlı bazis üzərində 2026-cı ilin büdcə gəlir və xərclərinin də təminatına etibarlı zəmin yaradacaq.
2026-cı ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 423 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 67 milyon manat və yaxud 0,2 faiz çoxdur. 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 261,2 milyon manat və yaxud 3,4 faiz çoxdur.
Dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,6 faizi həcmində nəzərdə tutulur ki, bunun da 42,6 faizi və ya 16,3 milyard manatı neft-qaz sektorunun, 57,4 faizi və ya 22,1 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşür. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar büdcə gəlirlərinin 43,8 faizini və ya 16,8 milyard manatını, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 17,8 faizini və 6 milyard 850 milyon manatını, Dövlət Neft Fondundan transfert isə 33,2 faizini və yaxud 12 milyard 750 milyon manatını təşkil edəcək.
Büdcə siyasətinin gəlirlər üzrə əsas istiqamətləri 2026-cı ildə ölkənin iqtisadi inkişafını sürətləndirmək, rəqabət qabiliyyətini gücləndirmək, investisiya mühitini daha cəlbedici etmək məqsədlərini daşıyır. Bu tədbirlər çərçivəsində vergi yükünün optimallaşdırılması, sahibkarlığın dəstəklənməsi və strateji sahələrə investisiyaların təşviqi, vergi və gömrük inzibatçılığı mexanizmlərinin təkmilləşdirilməsi kimi addımlar planlaşdırılır. Eyni zamanda, dövlət başçısının 30 may tarixli Sərəncamına uyğun olaraq “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması prosesində ölkəmizdəki mövcud vəziyyət, hədəf göstəriciləri, məqsədlərin reallaşdırılması üzrə həyata keçiriləcək konkret tədbirlər, əldə ediləcək nəticələr, tələb olunan resursların təsviri də gəlir portfelində nəzərə alınacaq.
Ümumilikdə, 2026-cı il üzrə dövlət büdcəsinin gəlir siyasətinin əsas istiqamətləri aşağıdakı kimi qruplaşdırıla bilər:
* Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və vergi yükünün azaldılması;
* Əlverişli investisiya mühitinin yaradılması;
* Vergi və gömrük sahəsində inzibatçılığın təkmilləşdirilməsi.
Büdcənin əsas xərc istiqamətləri
Növbəti ildə dövlət büdcəsinin xərcləri isə 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 141milyon manat və ya 0,3 faiz artımla proqnzolaşdırılaraq 41 milyard 548,6 milyon manat həcmində müəyyənləşdirilib. Bu, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 835 milyon manat və ya 10,2 faiz çoxdur. 2026-cı ildə büdcə kəsiri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 74 milyon manat və ya 2,4 faiz çox olmaqla 3 milyard 125 milyon manat (ÜDM-in 2,3 faizi proqnozlaşdırılır.
Ümumilikdə, 2026-2029- cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsinin təmin edilməsinə yönəldiləcək.
Dövlət büdcəsinin əsas xərc istiqamətləri büdcə siyasəti qarşısında dayanan çağırışlar və sosial-iqtisadi hədəflər əsas götürülməklə ortamüddətli resurs zərfinə uyğun olaraq Milli Xərc Prioritetlərinə əsaslanır. Eyni zamanda, ortamüddətli dövr üzrə büdcə siyasətinin məqsəd, istiqamət və hədəfləri bir sıra çağırışlar nəzərə alınmaqla müəyyən edilib. Bu çağırışlar “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” və proqramın 2027-2030-cu illəri əhatə edən növbəti mərhələsi, eləcə də ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı əsas aktual konseptlərdir.
Beləliklə, 2026-2029-cu illərdə dövlət büdcəsi xərcləri dövlətin əsas funksiyalarının maliyyələşdirilməsini nəzərdə tutumaqla, ortamüddətli dövrdə xərc istiqamətlərinin əsas hədəf baxışları aşağıdakı kimi təsnifləşdirilə bilər:
* Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, o cümlədən dövlət sərhədlərinin bərpası və toxunulmazlığının təmin edilməsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərin və layihələrin icrası;
* İqtisadiyyata büdcədən birbaşa və dolayısı ilə dövlət öhdəlikləri, dövlət sifarişi, subsidiya, subvensiya və dotasiya formasında maliyyə dəstəyinin davam etdirilməsi;
* Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi;
* Əməkhaqqı sisteminin təkmilləşdirilməsi və əməyin ödənişi, pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilə bağlı xərclərin maliyyə təminatı;
* Büdcə vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqram və tədbirlərin maliyyə təminatının yaradılması.
Şəffaflıq, səmərəlilik və ədalətlilik prinsipləri
Büdcə siyasətinin əsas hədəflərindən biri də şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən işlərin davam etdirilməsidir. Bu məqsədlə növbəti ortamüddətli dövrdə büdcə sənədlərinin məzmununun və dərcedilmə müddətinin beynəlxalq standartlara uyğunlaşdırılması, hesabatlılığı təmin edən elektron məlumat bazasının formalaşdırılması və inteqrasiyası, büdcə vəsaitlərinin uçotunun təkmilləşdirilməsi, həmçinin büdcə prosesinin müxtəlif mərhələlərinin avtomatlaşdırılması nəzərdə tutulur. Bu tədbirlər büdcə prosesinin mütərəqqi standartlar əsasında daha da təkmilləşdirilməsinə, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının genişləndirilməsinə, eləcə də dövlət maliyyəsinin idarə olunmasında səmərəlilik, operativlik və ədalətlilik prinsiplərinin qorunmasına xidmət edəcək.
ELBRUS CƏFƏRLİ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.