Milli Məclisin payız sessiyasında İnsan hüquqları komitəsində müxtəlif mövzulu ictimai dinləmə və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub.
Day.Az xəbər verir ki, bununla bağlı məlumat komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsində öz əksini tapıb.
Belə ki, sessiya müddətində komitədə aşağıdakı tədbirlərin keçirilməsi nəzərdə tutulur:
- "2025-ci Konstitusiya və Suverenlik İli" çərçivəsində "Rəqəmsal suverenlik, informasiya suverenliyi və insan hüquqları" mövzusunda dəyirmi masa
- İnsan hüquqları profilli vətəndaş cəmiyyəti təsisatları ilə birgə əməkdaşlığın vəziyyəti və ortaq fəaliyyətin inkişafına həsr edilən dəyirmi masa
- "Vəkillik institutu - vətəndaşların insan hüquqlarının təmin edilməsi və beynəlxalq standartların tətbiqi mexanizmlərinin təkmilləşməsində yeri və rolu" mövzusunda dəyirmi masa
- "Beynəlxalq məhkəmə və hüquq institutlarının fəaliyyətində yeni tendensiyalar, perspektivlər - Azərbaycandan baxış" mövzusunda dəyirmi masa
- ANAMA ilə birgə "Mina terroru qurbanlarının beynəlxalq hüquqi platformalara çıxışının təmin olunması" mövzusunda görüşlər
- Ədliyyə Nazirliyi ilə birgə "Cinayət qanunvericiliyinin icra vəziyyəti"nə dair dinləmələr, görüşlər
- "Böyük Qayıdış"la bağlı Azərbaycanın yeganə təcrübəsi" mövzusunda beynəlxalq İnsan hüquqları və hüquq-müdafiə təşkilatların iştirakı ilə müzakirə
- İşğaldan azad edilmiş ərazilərlə bağlı "Böyük Qayıdış və reinteqrasiya" ilə bağlı qanun layihəsi ətrafında dinləmələr
- "Qlobal insan hüquqları" adlanan siyasi ideoloji qurumların - USAİD və s.-qapadılması, "beynəlxalq insan hüquqları" konseptinin böhranı" mövzusunda beynəlxalq İnsan hüquqları QHT-lərinin Azərbaycana qarşı uzun illər apardığı qərəzli fəaliyyətlə bağlı müzakirə və dinləmələr
- "Kibercinayətkarlığın genişlənən məkanı və insan hüquqlarının müdafiəsi: milli təhlükəsizliyə yeni çağırışlar,cavablar" mövzusunda konfrans
- "Süni intellekt və insan hüquqları" mövzusunda "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün Süni İntellekt Strategiyası"nın qəbul edilməsinə həsr olunan tədbir
- 8 avqust 2025-ci il tarixli Azərbaycan-ABŞ-Ermənistan üçtərəfli görüşləri, əldə olunan razılaşmalarda etimad mühiti quruculuğunun insan hüquqları konteksti-nifrət nitqindən imtinaya dair çağırışların, təhlil sənədlərinin hazırlanması
- Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə "Dünya azərbaycanlıları, milli diaspor təşkilatlarının hüquqları və parlamentin rolu" mövzusunda tədbir
- "Qərb cəmiyyətlərində radikal miqrasiya siyasəti - fundamental insan hüquqlarının dərin böhranı: mövcud təcrübələrin dəyərləndirilməsi" mövzusunda vebinar
Dekabr 3-də Beynəlxalq Əlillər Gününə həsr edilmiş "Əlillərin sosial-hüquqi müdafiəsi: qanunvericilik və islahatlar", dekabrın 10-da isə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masanın keçirilməsi nəzərdə tutulub.
Dekabr 28-də isə Azərbaycanda Vəkillər Günü münasibətilə Vəkillər Kollegiyası ilə birgə konfransın keçirilməsi planlaşdırılır.