RU

Yeni həyatın nəfəsi azad torpaqlarda hiss olunur

Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövlətinin prioritetlərindən biri olaraq qalır. Bu ərazilərin yenidən qurulması istiqamətində dövlət büdcəsindən ayrılan vəsaitlər Vətən müharibəsindən sonra da daim diqqət mərkəzində saxlanılır.  Milli Məclisin deputatı Kamran Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan azad olunmuş torpaqlarda əsasən öz maliyyə imkanlarına əsaslanaraq genişmiqyaslı layihələr həyata keçirir. Bütün bunlar isə Böyük Qayıdışa dair Dövlət  Proqramının icrasının daha da sürətlənməsinə imkan verir. 

"2020-ci ildən etibarən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait yönəldilib, təkcə 2025-ci il üçün bu məbləğ 4 milyard manat təşkil edir. 2026-cı ilin sonunadək Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 140 minədək insanın bu ərazilərə köçürülməsi planlaşdırılır. Bütün bu rəqəmlər Azərbaycanın dayanıqlı və güclənən iqtisadi imkanlarını aydın şəkildə əks etdirir",- deyə o əlavə edib.

K.Bayramov qeyd edib ki, dövlət başçısının tapşırığı ilə keçmiş məcburi köçkün ailələrinin doğma yurdlarına qayıdışı ardıcıl şəkildə həyata keçirilir. Otuz ilə yaxın davam edən işğal dövründə dağıdılmış şəhər və kəndlər, talan olunmuş infrastruktur və məhv edilmiş maddi-mədəni irs bərpa edilir, torpaqlara həyat qayıdır. Prezident İlham Əliyev bu prosesi yalnız fiziki məskunlaşma kimi deyil, eyni zamanda ədalətin, hüququn və tarixi həqiqətin bərpası kimi qiymətləndirir. Dövlət bütün imkanlarını səfərbər edərək azad edilən ərazilərdə müasir şəhərsalma prinsiplərinə uyğun "ağıllı kənd" və "ağıllı şəhər" modellərini həyata keçirir.

Deputat vurğulayıb ki, qısa müddətdə inşa olunan yollar, məktəblər, xəstəxanalar, enerji xətləri və digər infrastruktur vətəndaşların təhlükəsiz və layiqli yaşayışını təmin etməyə yönəlib: "Bu bərpa prosesi yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün sülh, əməkdaşlıq və davamlı inkişaf baxımından önəmli bir nümunəyə çevrilir. Sentyabrın 14-də  Prezident İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə bildirib: şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır". 

Deputat bildirib ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında tikinti və infrastruktur layihələrinin uğurla icrası bu bölgələrin sürətlə canlanmasına şərait yaradıb. Zəngilanın Ağalı kəndindən başlanan köç prosesi artıq digər işğaldan azad edilmiş əraziləri də əhatə edir. Məcburi köçkünlər illər sonra doğma torpaqlarına sevinc və fərəh hissi ilə qayıdır, burada həyat yenidən qurulur. Yurdlarına dönən keçmiş məcburi köçkünlərdən əlavə, bölgələrdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, mütəxəssislər və müxtəlif sahələr üzrə işçilər də burada məskunlaşıb. Bu, Böyük qayıdışın artıq praktiki mərhələyə keçdiyini göstərir. "Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyduqdan sonra Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Hadrut qəsəbəsi və Sos kəndinin sakinləri ilə səmimi görüş keçirib. Dövlət başçısı bu görüş zamanı sakinlərin problemləri ilə maraqlanıb, onların qayğı və ehtiyaclarını dinləyib, gələcək planlarla bağlı mühüm mesajlar verib. Prezident Xocalı rayonunun Seyidbəyli, Daşbulaq və Badara kəndlərinin bərpası və məskunlaşdırılması ilə bağlı görüləcək işlərdən də bəhs edərək, Böyük qayıdış proqramının növbəti mərhələlərinin konkret icrasına diqqət çəkib. Bu görüşlər bir daha göstərdi ki, Azərbaycan dövləti işğaldan azad olunmuş bütün ərazilərin dirçəldilməsi və sakinlərin doğma torpaqlarına ləyaqətli şəkildə geri dönüşünü təmin etmək istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir", - deyə o əlavə edib.

K.Bayramov əlavə edib ki, Xocalının və digər azad edilmiş ərazilərin yenidən qurulması təkcə bərpa prosesi deyil, Azərbaycanın gücünü, qətiyyətini və milli iradəsini əks etdirən strateji və mənəvi yük daşıyan bir vəzifədir. Bu torpaqlara həyatın qayıdışı həm xalqımızın tarixi yaddaşına sədaqətinin, həm də gələcək nəsillərə dayanıqlı, təhlükəsiz və firavan bir mühit yaratmaq əzminin bariz nümunəsidir. Dövlətimizin həyata keçirdiyi bu siyasət, Cənubi Qafqazın sülh, əməkdaşlıq və inkişaf məkanı kimi formalaşmasına xidmət edir.

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Избранный
49
azerbaijan-news.az

1Источники