RU

Nigar Köçərlinin kitabları müsadirə olunub?VİDEO

"Əli və Nino" kitab evinin rəhbəri Nigar Köçərli İngiltərədən özəl sifarişlə gətirdiyi kitabların Səhiyyə Nazirliyinin "Respublika Sanitariya-Karantin Mərkəzi" tərəfindən saxlanıldığından və ona verilmədiyindən şikayətçidir.

Xezerxeber.az-ın məlumatına görə, Nigar Köçərli bildirir ki, xaricdən gətirdiyi kitablarla bağlı bütün rüsumları ödəyib, lakin "Respublika Sanitariya-Karantin Mərkəzi" kitabları vermir.

Onun sözlərinə görə, sertifikatlar üçün həmin Mərkəzə 1900 manat ödəyib. Bu məbləğ hələ gömrük pulu daxil deyil. O, yalnız bu məsələyə görə ona bir ay ərzində 2600 manat ziyan dəyib.

Sahibkarın sözlərinə görə, sözügedən Mərkəzin rəhbərliyi ilə görüşüb, lakin problem öz həllini tapmır.

Problemlə bağlı "Respublika Sanitariya-Karantin Mərkəzi"nə müraciət etdik. Mərkəzdən "Xəzər Xəbər"ə bildirdilər ki, "Ali və Nino Yayım" MMC tərəfindən idxal edilmiş poliqrafiya məhsullarına gigiyenik sertifikatın verilməsi üçün Mərkəzə bu il fevralın 9-da, eləcə də sentyabrın 3-ü, 4-ü və 11-də müraciətlər daxil olub. İdxal edilmiş məhsullardan nümunələr götürülməklə laborator müayinəyə cəlb edilib. Laborator test və ya sınaq məqsədilə götürülmüş məhsul nümunəsi aparılmış laborator analizlərdən sonra fiziki-kimyəvi, toksikoloji və mikrobioloji çirklənməyə məruz qalır, orijinal fiziki və kimyəvi xüsusiyyətlərini itirir. Bu səbəbdən də istifadəyə yararsız hesab edilir və onun dərhal zərərsizləşdirilməsi tələb olunur. Laboratoriyada sınaq nümunələrinin saxlanması, müəyyən müddət qorunması və məhv edilməsi ilə bağlı prosedurlar olmalıdır. Nümunənin çirklənməsi və ya ilkin vəziyyətinin dəyişməsi zamanı o, müştəriyə qaytarılmamalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
50
xezerxeber.az

1Источники