Sentyabrın 16-da Milli Məclisin Regional məsələlər komitəsinin 2025-ci ilin payız sessiyasında ilk iclası keçirilib.
İclası açan komitə sədri Siyavuş Novruzov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib, onlara növbəti sessiyada uğurlar arzulayıb və gündəliyə 3 məsələnin daxil edildiyini bildirib.
XQ xəbər verir ki, komitə sədri, ilk növbədə 2025-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülmüş işlər barədə hesabatı təqdim edib. Qeyd edilib ki, ötən sessiyada 9 iclas keçirilib, ümumilikdə 17 məsələyə baxılıb. Komitə sədri ümumilikdə komitəyə vətəndaşlardan 1742 müraciətin daxil olduğunu, bunlardan bir qisminin icrasının təmin edildiyini, bir qisminin isə baxılması üçün aidiyyəti orqanlara göndərildiyini bildirib.
Daha sonra gündəliyin ikinci məsələsi - Regional məsələlər komitəsinin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verilib. Komitə sədri bildirib ki, gələn sessiyada qanunvericilik təşəbbüsü əsasında təqdim olunan qanun layihələri müzakirə olunacaq, vətəndaşlarla mütəmadi görüşlər təşkil ediləcək və aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq davam etdiriləcək.
Siyavuş Novruzov gündəliyin sonuncu məsələsi - “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, sənəd Qanunun təkmilləşdirilməsi və normanın daha aydın və dəqiq ifadə edilməsi məqsədilə hazırlanıb.
Müzakirələr zamanı Regional məsələlər komitəsinin üzvləri Aydın Mirzəzadə, Tahir Rzayev, Səttar Möhbalıyev, Elman Məmmədov, Məzahir Əfəndiyev, Vasif Qafarov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin rəisi Elmin Həsənov, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov, “Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Cəfərov çıxış edərək məsələlərlə bağlı fikirlərini söyləyiblər, təkliflərini irəli sürüblər.
Tədbirin sonunda ötən sessiyada görülmüş işlər məqbul hesab edilib, komitənin 2025-ci ilin payız sessiyası üçün iş planının layihəsi təsdiq olunub, qanun layihəsi isə Milli Məclisin plenar iclasına tövsiyə edilib.
İclasda Regional məsələlər komitəsinin üzvləri Kamran Bayramov, Arzuxan Əlizadə, Xanlar Fətiyev, Elşən Musayev və digər rəsmi şəxslər iştirak ediblər.