Avstraliyada 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edən qanunun 10 dekabrda qüvvəyə minməsi ilə bütün istifadəçilərdən yaş təsdiqi tələb edilməyəcəyi bildirilib.
Avstraliyanın eSafety komissarı Culi İnman Qrant hazırladıqları təlimatda TikTok, Facebook, Snapchat, Reddit, X və Instagram kimi platformaların yalnız 16 yaşdan aşağı istifadəçiləri aşkar etməyə fokuslanmalı olduğunu vurğulayıb.
Qrant təlimatda “Platformaların hər kəsi yenidən yaş təsdiqinə məcbur etməsi məntiqli olmaz. Onsuz da istifadəçilərin çoxunun 16 yaşdan yuxarı olduğunu təsdiqləyəcək məlumatlara sahibdirlər” deyib.
Rabitə naziri Anika Vells də mətbuata açıqlamasında istifadəçi məlumatlarının məxfiliyinin qorunacağını vurğulayıb:“Bu platformalar onsuz da hamımız haqqında kifayət qədər məlumat toplayır. Məsələn, əgər Facebook-u 2009-cu ildən istifadə edirsinizsə, deməli, 16 yaşdan yuxarı olduğunuz bəllidir. Yenidən təsdiqə ehtiyac yoxdur”.
Qrant əlavə edib ki, sosial media şirkətləri 16 yaşdan aşağı istifadəçiləri bloklamaq üçün məntiqli addımlar atdıqlarını sübut etməlidirlər və 10 dekabrda bütün hesabların birdən-birə bağlanmasının gözlənilmədiyini bildirib.
Xatırladaq ki, Avstraliyada 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişini qadağan edən qanuni tənzimləmə 10 dekabrda qüvvəyə minəcək.
Facebook, TikTok, Snapchat, Reddit, Instagram və X-in də aralarında olduğu qlobal sosial media platformaları qanuna əməl etmədikləri təqdirdə təxminən 33 milyon dollara qədər cərimə ilə üzləşə bilərlər.