Azərbaycanda hamilə qadınların həyat yoldaşlarına ödənişli məzuniyyət verilməsi ilə bağlı təşəbbüs gündəmdədir.
Mövzunu KONKRET.az-a şərh edən sosioloq Üzeyir Şəfiyev bildirib ki, məsələ bir müddətdir cəmiyyətdə müzakirə olunur və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edib.
“ Hazırda Əmək Məcəlləsinə əsasən, hamilə qadınlara hamiləlik və azyaşlı övladlarına görə ödənişli məzuniyyət hüququ tanınır. Kişilər isə yalnız ödənişsiz məzuniyyətdən istifadə edə bilirlər.
Əgər təklif qəbul olunarsa, Əmək Məcəlləsinin 125, 128 və 130-cu maddələrinə dəyişiklik edilərək, kişilərə də ödənişli məzuniyyət hüququ tanına bilər. Bu, həm sosial ədalət baxımından düzgün addım olar, həm də ailədaxili öhdəliklərin bölüşdürülməsinə müsbət təsir göstərər”, – deyə Üzeyir Şəfiyev vurğulayıb.
Sosioloqun fikrincə, belə bir addım ailələrin sosial rifahına dəstək olmaqla yanaşı, cəmiyyət tərəfindən də müsbət qarşılanacaq.
Aynurə İsmayıl
KONKRET.az