FTB: Charlie Kirk-in qətli ilə bağlı DNT sübutları tapılıb
Ajans.az FOX News-a istinadən xəbər verir ki, Robinsonu başqa bir sübut — hadisə yerindən çıxarılmış tornavida ilə də əlaqələndirmək mümkün olub. 22 yaşlı Tayler Robinson, Kirk-in Utah Valley Universitetində çıxışı zamanı boynundan vurularaq öldürülməsi ilə bağlı ağır qətl və silahlı hücum maddələri ilə ittiham olunur. Rəsmilər edam cəzası istisna olunmayan ittiham irəli sürməyə hazırlaşır. Utah ştatının qubernatoru Spencer Cox, Robinsonun son illərdə “solçu ideologiya”ya meylləndiyini və internetin “qaranlıq guşələrində” radikallaşdığını bildirib. Qurbanın trans əleyhdarı mövqeləri, şübhəlinin isə transgender partnyoru olduğu məlum olub. Lakin istintaq hələ bu motivin qətli törətməkdə rol oynayıb-oynamadığını müəyyənləşdirməyib. FTB, Robinsonun əvvəlcədən sui-qəsd planladığını göstərən silinmiş, lakin bərpa olunmuş mətn mesajlarını da araşdırır. Mesajlarda Kirk-i “çıxarmaq imkanım var və bunu edəcəm” kimi ifadələr yer alıb. İstintaq materiallarında qeyd olunur ki, Robinsonun istifadə etdiyi silahda anti-faşist və mem-mədəniyyətinə aid yazılar, döyüş sursatlarında isə "Hey, faşist! Tut!" kimi ifadələr aşkar edilib. Səlahiyyətlilər bunun siyasi motivli zorakılığa işarə edə biləcəyini bildirir. Hadisədən sonra saxlanılan Corc Zinn adlı şəxs “Onu mən vurdum, indi də məni vurun” deyə qışqırdığı üçün qısamüddətli nəzarətə götürülüb. Lakin o, sonradan bu sözləri əsl şübhəlinin qaçması üçün diqqəti yayındırmaq məqsədilə dediyini etiraf edib. Kirkin qətli ABŞ-da siyasi zorakılığın artması ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Tanınmış sağçı fəal olan Kirk, mühafizəkar mövqeləri, xüsusilə silah hüquqları, anti-abort və anti-LGBTQ+ fikirləri ilə tanınırdı. Robinsonun hüquqlarını müdafiə edəcək vəkilin olub-olmadığı hələlik məlum deyil. Onun ailəsi isə məsələyə münasibət bildirməkdən imtina edib.