Hər meyvə və tərəvəzin öz fəsli var və mövsümündə düzgün formada istehlak edilməsi həm daha faydalı, həm də daha dadlı olur. Sentyabr ayı da həm yaydan payı saxlayan, həm də payızın gəlişini xəbər verən məhsullarla doludur.
Pravda.az bu ayın ən sağlam meyvə və tərəvəzləri:
Qarpız
Yaydan son hədiyyə olan qarpız orqanizmin maye balansını tənzimləməyə kömək edir. Ürək-damar sağlamlığı üçün də faydalı olan bu meyvəni sentyabr bitmədən mövsümündə istehlak etmək tövsiyə olunur.
İncir
Kalsiumla zəngin olan incir həm bağırsaq sisteminə, həm də immunitetə müsbət təsir edir. Antioksidant xüsusiyyətləri ilə tanınan incir bu ay süfrələrdə öz yerini almalıdır.
Zoğal
Əsasən mürəbbəsi ilə tanınan bu meyvə ürək xəstəlikləri riskini azaltması və C vitamini ilə zəngin olması ilə fərqlənir. Sentyabrın ən sağlam meyvələrindən biridir.
Üzüm
Xolesterolu tənzimləyən, antioksidant təsiri olan üzüm pendirlə birlikdə ləzzətli olduğu qədər sağlamlıq baxımından da əhəmiyyətlidir. Mövsümündə bol-bol istifadə edilməlidir.
Gavalı
C vitamini ilə zəngin bu meyvə qanazlığının qarşısını almağa kömək edir. Yayın son günlərində həm dadlı, həm də sağlam seçimdir.
Qaragöz lobya
Sentyabrın ən faydalı tərəvəzlərindən biridir. Zülal mənbəyi olan qaragöz lobya salat və yeməklərdə istifadə oluna bilər.
Pomidor
Xərçəngə qarşı qoruyucu təsiri ilə tanınan pomidor yay bitməmiş süfrələrdə yerini qorumağa davam edir. Hər cür yeməyə əlavə edilə bilər.
Göbələk
Zülalla zəngin olan göbələk, bəzən ət məhsullarından da daha yüksək protein verir. Qızartma, və ya digər formalarda istehlak edə bilərsiniz.
Badımcan
Ən çox istifadə edilən tərəvəzlərdən biri olan badımcan C və K vitaminləri ilə zəngindir. Ürək sağlamlığını dəstəkləyir və qanazlığına qarşı təsirlidir. Mövsümündə istehlak etmək olduqca məqsədəuyğundur.
Qeyd: Sentyabr ayı orqanizmi gücləndirmək və immuniteti möhkəmləndirmək üçün zəngin meyvə-tərəvəz çeşidləri təqdim edir. Bu məhsulları mövsümündə və balanslı şəkildə qidalanmanıza daxil etməklə həm dadlı, həm də sağlam seçim etmiş olarsınız.
Əminə Bayramova