RU

Milli əqidə və iradənin vəhdəti Üzeyir HACIBƏYLİ 140

525.az saytına istinadən ain.az xəbər verir.

Yavər NEYMƏTLİ

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

"...Xalqımızda milli dirçəliş, milli oyanış, milli özünüdərk hisslərinin yaranmasında, formalaşmasında, inkişaf etməsində Üzeyir Hacıbəyovun əsərləri və onun bilavasitə fəaliyyəti böyük rol oynamışdır. Azərbaycanlılar - gənclər, vətəndaşlarımız məhz Üzeyir Hacıbəyovun əsərlərindən ruhlanaraq Vətənimizi daha da çox sevmişlər; onun musiqisini dinləyərək, onun əsərlərindən irəli gələn fikirlərin təsiri altına düşərək hiss etmişlər ki, Vətən, ölkə, millət hər bir insan üçün nə qədər əzizdir, doğmadır..." Bu sentyabr günlərində vətənimizin musiqi ictimaiyyəti 140 yaşlı dahi Üzeyir Hacıbəylinin yubiley təntənəsini yaşayarkən, Ulu öndər Heydər Əliyevin bəstəkarın anadan olmasının 110 illiyinə həsr olunmuş gecədə dediyi tarixi sözlərin nə dərəcə böyük həqiqət olduğunu dərk edirik.

Əbdürrəhim bəyin təşəbbüsü

1897-ci ilin avqust günlərinin birində "Xandəmirov teatrı"nda, Sankt-Peterburq Yol Mühəndisləri İnstitutunun tələbəsi Əbdürrəhim bəy Haqverdiyevin quruluşunda, xanəndə Cabbar Qaryağdıoğlunun iştirakı ilə M.Füzulinin "Leyli və Məcnun" poeması əsasında  "Məcnun Leylinin qəbri üstündə" adlı tamaşa nümayiş olunmalıydı. Qarabağ ziyalı mühiti həmin hadisəni səbirsizliklə gözləyirdi.

Ədbürrəhim bəy Sankt-Peterburqun mədəni mühitindən, Aleksandrinski səhnəsinin müqtədir aktyorlarının ifasında izlədiyi tamaşalardan, mütaliə elədiyi müxtəlif dünyəvi yazarların bədii irsindən topladığı zəngin informasiyanı doğma şəhərində teatr sənətinin yaranışına tətbiq edirdi. Yay tətillərində Həmid Axundov, Musa Şuşinski, Surxay Abdullayev, Mirzə Ələkbər Axundov, Xosrov Mamayev və digər həvəskar aktyorların iştirakı ilə 1891-ci ildə inşa olunan Xandəmirov teatrında tamaşalar hazırlayırdı. Teatra olan sonsuz məhəbbətinə görə xalq arasında "Şəbehgərdan" adını qazanan  Ə.Haqverdiyevin Şuşa şəhər müəllimlərinin və Nikolayevski məktəbinin tələbələrinin iştirakı ilə 1896-cı ildə, ilk səhnə əsəri "Dağılan tifaq" faciəsini ərsəyə gətirdi. Həmin tamaşadakı məktəblilər xorunda yeniyetmə Üzeyir də iştirak edirdi.

Əldə olunan uğurdan ruhlanan Ə.Haqverdiyev növbəti il Füzulinin ölməz poeması əsasında musiqili tamaşa üslubunda hazırlanan quruluşda: "...Ülvi məhəbbəti, təmiz sevgini tərənnüm edən bu səhnəni təsirli şəkildə həll etməyə çalışmışdı. ...Məsələn, Leylinin qəbri üstündə məlahətli səslə yanıqlı nəğmələr oxuyan Məcnunun saçında iki göyərçin yuva salmışdı. Bu naturalist əlamətlər ondan irəli gəlirdi ki, gənc Əbdürrəhim iki sevən gəncin faciəsini ürəkdən duymuş və onu mənalandırmaq, sevən, dövrün qatı qaranlığı içərisində məhv olan sevgililərin acı taleyini daha həyəcanlı formada göstərmək istəmişdir..." (Kərimov İ. Ə.Haqverdiyev və teatr. Bakı, 1975, s. 47).

Həmin səhnədə də uşaqlardan ibarət xorda çıxış edən Üzeyir bəy 1938-ci il, 16 mart "Bakinski raboçi" qəzetində "Leyli və Məcnun"dan "Koroğlu"yadək məqaləsində yazırdı: "..."Leyli və Məcnun" necə yaranmışdır? Mən opera üzərində 1907-ci ildən işləməyə başlamışam, lakin məndə bu ideya xeyli əvvəl, təxminən 1897-1898-ci illərdə, mən on üç yaşlı uşaq ikən doğma şəhərim Şuşada, həvəskar aktyorların ifasında, "Məcnun Leylinin məzarı üstündə" səhnəsini gördükdən sonra yaranmışdır. Həmin səhnə məni o qədər həyəcanlandırdı ki, bir neçə ildən sonra Bakıya gəlib operaya bənzər bir şey yazmaq qərarına gəldim". Yeri gəlmişkən 12 (25) yanvar 1908-ci il Bakı şəhərindəki Tağıyev Teatrında operanın ilk səhnələşdirilməsinin dirijoru Əbdürrəhim bəy Haqverdiyev idi.

Qori seminariyasında Azərbaycan izi

XIX əsrin ikinci yarısından başlayaraq Rus imperiyasında pedaqoji kadrların hazırlanması üçün görkəmli pedaqoq K.D.Uşinskinin nəzəriyyəsi əsasında formalaşdırılan seminariyalar imperiyanın mərkəz ərazilərindən tutmuş kənar bölgələrinə qədər yayılırdı. 1876-cı ildə təşəkkül tapan Qori müəllimlər seminariyası da bu qəbildən idi. Həmin hadisə barədə 150 yaşlı milli mətbuatımızın banisi Həsən bəy Zərdabi təsisçisi olduğu "Əkinçi" qəzetinin 27 may 1876-cı il tarixli nömrəsində, "Daxiliyyə" adlı bölməsində məlumat verir: "...Qori şəhərində bir məktəbxana açılıb ki, orada oxuyan şagirdləri müəllim eləsinlər. O məktəbxanada 20 nəfər erməni və gürcü padşahlıq xərcinə oxuyacaq. İndi "Kafkaz" adlı qəzet yazır ki, doğrudur, müsəlmanların məktəbxanaları üçün müəllimləri oxutmaqdan ötrü əlahiddə məktəbxana açılacaq, amma indi müsəlmanlardan hər kəs xahiş etsə, zikr olan Qoridə açılan məktəbxanaya öz uşaqlarını öz xərcinə qoya bilər... "

Mətnin məzmununa diqqət yetirərkən Həsən bəyin incə bir məqama eyham vurması nəzərdən qaçmır. Başqa sözlə, erməni və gürcü bölmələri üçün dövlət hesabına, göstərilən say hesabı çərçivəsində şagirdlərin təhsil almasına problem yoxdur. Müsəlman övladları isə xüsusi təhsil müəssisəsinin "qeyri-müəyyən gələcək zamanda" açılışına qədər mövcud seminariyada ancaq ödənişli əsaslarla oxuya bilərlər.

H.Zərdabinin mətbuatda verdiyi açıqlamadan sonra yazıçı-dramaturq Mirzə Fətəli Axundzadə və Tiflis müsəlman məktəbinin şəriət müəllimi Mirzə Hüseyn Qayıbzadə Rusiya imperiyasının Qafqazda canişini, knyaz Mixail Nikolayeviç Romanovla uzun və ağır danışıqlara başlayırlar.

Hər iki müqtədir aydının mücadiləsi nəticəsində, nəhayət 1879-cu ildə seminariyada tamhüquqlu Azərbaycan bölməsi faəliyyətə başladı. Bu addımın tarixi əhəmiyyətinə nəzər yetirərkən alman filosofu İ.Kantın "Hər nəsil gələcək varislərini tərbiyələndirir" fikri yada düşür. Məhz H.Zərdabi, M.F.Axundzadə,  M.H.Qayibzadənin timsalında saf milli əqidəli ziyalıların atdıqları tarixi addımlar seminariyada Rəşid Əfəndiyev və Firidun bəy Köçərlinin, Cəlil Məmmədquluzadə və Nəriman Nərimanovun, Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin timsalında daha neçə-neçə yaradıcı şəxsiyyətin ilkin təhsil ocağına çevrildi.

Sənət və həyat dərsləri

Seminariya həyatı Üzeyirin xarakterində vətəndaşlıq, millətsevərlik cizgizlərinin formalaşamasında mühüm rol oynadı. Rusiya imperiyası tərəfindən xalqların kimliyini aşağılamaq üçün tətbiq olunan üsullar içərisində doğma ana dilindən istifadəyə göstərilən təpkilər xüsusi çəkiyə malik idi. Təhsil müəssisəsinin daxili nizamnaməsində dərsdən kənar hər kəsə ana dilində danışmağa qoyulan yasaq bundan irəli gəlirdi. Bu "qayda"nı pozanlar isə Üzeyir bəyin şəxsi işində 1900-cü il 3 dekabr qeydində yazıldığı kimi, "tənbeh olunurdular". Görkəmli publisist, salnaməçi Qulam Məmmədlinin "Üzeyir Hacıbəyov: 1885-1948: həyat və yaradıcılığının salnaməsi" kitabında əks olunun xatirəsində oxuyuruq: "...Mən seminariyanın ikinci klasında idim ki, ilyarımdan sonra müəllim olacaqdım. Yazı imtəhanı üzrə - "Mən gələcəkdə nə iş görəcəyəm" sərlövhəsi altında bir məqalə yazmağı bizə əmr etdilər. Mən yazdım ki, məktəblərimiz üçün ana dilində tədris olmaqdan ötəri dərs kitabları tərtib edəcəyəm. Bunun üçün Osmanlı və rus kitablarından istifadə edib, hesab, coğrafiya və sair elmləri öz dilimizə tərcümə edəcəyəm. Mənim fikrim direktorun xoşuna gəlməmişdi. Məni çağırıb dedi: "Müəllimlər sənin yazdığına "üç" nömrəsi qoyubdurlar. Amma mən "iki yarım" qoyuram. Çünki qanmıram ki, sən nə deyirsən".

Üzeyir bəyin maarifpərvər şəxs kimi uzaqgörənliyi XX əsrin əvvəllərindən başlayaraq, mütərəqqi ziyalılıarın, ilk növbədə mollanəsrəddinçilərin doğma dillə bağlı ideyaları ilə səsləşirdi. Bu məqamda akademik Məmməd Arif Dadaşzadənin 1948-ci ildə qələmə aldığı "Dil və üslub" adlı irihəcmli məqaləsindən bir sitata müraciət edək: "...1905-ci ildən sonra xüsusilə şiddətlənən dil mübahisələrində "Molla Nəsrəddin" jurnalının daha düzgün bir yol tutduğu hamıya məlumdur. Bu yolun əsas cəhəti onun xalq dilinə, canlı xalq şivələrinə, xalq yaradıcılığına əsaslanması, dili sadələşdirməyə çalışması idi... Deməli, mollanəsrəddinçilər nəinki sadə dil tərəfdarı idilər, onlar həm də sadə dilin qızğın təbliğatçıları idilər. Xalqa xidmət etməyi ən şərəfli bir vəzifə hesab edən bu demokrat yazıçılar dil sahəsində də çox düzgün yol tutmuşdular".

Üstəlik, 1906-cı ilin 15-30 avqust tarixlərində Bakıda keçirilən  müəllimlərin I qurultayında qaldırılan problemlər içərsində ən kəskini məktəblərdə ana dilində tədrisin təşkili məsələsi idi. Yazıçı Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" kitabında həmin tarixi qurultay haqqında ayrıca paraqrafda bu sətirlərə diqqət yetirək: "...Qocaman müəllim Səmədbəy Acalov qurultayda baş verən ixtilafı belə izah edirdi: Bakıda məktəblər üzrə Livitski adlı bir inspektor vardı. Qatı irticaçı idi, hərəkət və rəftarında ayrı-seçkiliyə, yol verirdi. O, məktəblərdə bir kəlmə olsun belə azərbaycanca danışmağı qadağan edirdi: "Məbadə dərs zamanı bir kəlmə də olsa tatarca (Azərbaycanca) danışasız. Kim bu əmri pozsa, müəllimlikdən qovulacaq".

Bütün bunlara baxmayaraq, qurultayın gedişatında "...Azərbaycan dilində mövcud proqramlara yenidən baxılması və dövrün tələblərinə uyğun yeni proqramların tərtib edilməsi, yeni proqramlara uyğun dərsliklərin hazırlanması, təlimin ana dilində aparılması, kənd müəllimlərinin vəziyyətinin yaxşılaşdırılması, müəllim hazırlığı kimi məsələlər müzakirə olunub".

Həmyaşıd məsləkdaşlar

Üzeyir Hacıbəyli haqqında danışarkən, onun həmkarı, həmyaşıdı və məsləkdaşı Müslüm Maqomayevi xatırlamamaq olmaz.  Seminariyanın nizamnaməsində müxtəlif humanitar fənlərlə yanaşı, hansısa musiqi alətində ifaçılığı öyrənmək və ibtidai  musiqi nəzəriyyəsi səviyyəsində tədris vacib sayılırdı. Bu, Müslüm Maqomayevin musiqi bacarığının daha da inkişaf etdirilməsinə böyük kömək oldu. "…Seminariyada musiqi dərslərinə böyük şövq və həvəs göstərən Müslüm öz müəllimi Mixail Leontiyeviç Pakkerin səyi nəticəsində skripkanı notla sərbəst çalmağı qısa müddətdə mənimsəmişdi. Bu barədə seminariyanın mahnı müəllimi Semyon Pavloviç Qoqliçidzenin not sistemi, qammalar və sairə musiqi haqda verdiyi bilik və məlumat Müslümə o qədər kömək etdi ki, onun seminariya simli orkestrinin konsertlərində də skripkada sərbəst çalmasına gözəl imkan yaratdı…"  (İsmayılova Q. Müslüm Maqomayev.Bakı, 1965, s.8). Məhz bu amillər hər iki istedadlı gəncin isti ünsiyyətinin əsasını qoymuşdu. Taleyin qismətilə eyni təvəllüdlü olan Üzeyir və Müslümün musiqiyə olan sonsuz sevgisi onların gələcək peşəkar fəaliyyət istiqamətini müəyyənləşdirməklə yanaşı milli musiqi mədəniyyətinin təşəkkül tapmasında məsləkdaşlara çevirdi.

M.Maqomayevin seminariya illəri ilə bağlı bir mühüm tarixi fakta nəzər salmaq yerinə düşər. 1900-cu ilin 15 aprel-12 noyabr tarixlərində Parisdə yeni XX yüzilliyin başlanğıcı ilə əlaqədar Ümümdünya sərgisi təşkil olunur.  On səkkiz tematik bölmədən ibarət, 35 ölkənin iştirakçısı olduğu sərgidə Rusiya imperiyasının ekpozisiyası da yer almışdı. Zaqafqaziya Qori müəllimlər seminariyası birinci bölmədə təmsil olunurdu.  Təhsil ocağının nümayiş etdiyi  eksponatlar içərisinə Müslüm Maqomayevin topladığı folklor nümunələri və seminariyanın ilk məzunu, maarifçi-pedaqoqlarından biri  Firidun bəy Köçərlinin "Ərəb əlifbası və onun qüsurları", "Azərbaycan komediyaları" kimi qiymətli elmi məqalələrlə yanaşı, A.S.Puşkindən, M.J.Lermontovdan və A.B.Koltsovdan tərcümələri də daxil edilmişdi. Sərginin sonunda seminariyanın ekspozisiyası qızıl medala layiq görülür.

Qaragüruhun təpkisinə qarşı

1937-1938-ci illərdə  amansız  Stalin repressiya dalğasının axarında  H.Cavidin, M.Müşfiqin, Ə.Cavadın, S.Mümtazın, A.M.Şərifzadənin, neçə-neçə başqa  aydınların məhv olunduğu zaman, Üzeyir bəy gec, ya tez haqqında çıxan qiyabi hökmün əyani şəkilə keçəcəyini gözləyirdi.  Azərbaycan Demokratik Respublikası himninin musiqisinin müəllifi, ilk addımlarını atmağa başlayan dövləti öz beşiyində boğmaq  üçün daxili və xarici qüvvələri mövcud imkanlarla dəstəkləyən bolşevik Rusiyasını tənqid edən məqalələr, Fransada məcburi mühacirət həyatı yaşayan qardaşı Ceyhun bəylə məktublaşma - bu "dəlillərin" hər biri Üzeyir bəyin həyatını məhv etmək üçün kifayət qədər "ciddi ittiham aktı" ola bilərdi. Başqa sözlə, bəstəkarın boynuna atılan gözəgörünməz ilgək tədricən sıxılaraq öz gerçək üzünü göstərməyə başlamışdı.

Amma böyük sənətkar qaragüruhun təpkisindən çəkinməyərək qibtə olunacaq iradəsi ilə, bütün daxili imkanlarını səfərbər etməklə "Koroğlu" kimi monumental operanı tamamlaya bilir. 1937-ci il aprelin 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında operanın ilk tamaşasının yaratdığı qeyri-adi coşqu təkcə müəllifin deyil, cəmiyyətin də böyük bir hissəsinin real durumunun pərdəarxasını özündə əks etdirirdi. 1938-ci il aprelin 5-də  Moskvada  Bolşoy Teatrın səhnəsində sərgilənən "Koroğlu"nun misli görünməyən müvəffəqiyyəti bəlli hadisədir.

Məhz həmin tarixdə, aprelin 5-də "Ədəbiyyat qəzeti"ndə M.A.Dadaşzadənin  "Koroğlu" dastanı" adlı məqaləsi işıq üzü görür. Düşünürəm, operanın Bakı və Moskva premyeraları ilə məqalənin çapı tarixlərinin  ardıcıllığı dəyərli oxucuların diqqətindən yayınmaz. Yeri gəlmişkən, onu da deyək ki, məqalənin rus versiyası Moskva dekadası üçün  nəşr olunan "Üzeyir Hacıbəyov. "Koroğlu"" bukletinin giriş məqaləsi kimi çap olunmuşdu.

Həssas qəlbli alim, mövcud dönəmin  sarsıntılarını Üzeyir bəy kimi bütün vücudu ilə yaşayanlardan idi. Bəstəkar operanın musiqi dilində soykökümüzün genetik yaddaşına hopan azadlıqsevərlik, qorxmazlıq, cəsarət, ülvi məhəbbət kimi ali keyfiyyətləri böyük ustalıqla təcəssüm etdirirdi. Bu baxımdan yaradıcı yanğısı aşıb-daşan hər iki şəxsiyyət arasında  mənəvi bağlılıq açıq-aşkar özünü göstərirdi.  

Məqalədə  Məmməd Arifin  Koroğlu xarakterinin səciyyəvi cəhətləri barədə yazdıqlarına diqqət yetirək: "…Koroğlu azadlığı sevir, köləliyə nifrət edir…Xalq maraqları uğrunda mübarizə aparan Koroğlunun obrazında Azərbaycan xalqının ən yaxşı xasiyyətləri təcəssüm etdirilmişdir: mərdanəlik, qəhrəmanlıq, zalımlara qarşı nifrət, azadlıq sevgisi, hazırcavablıq, müdriklik və şairlik, sənətkarlıq Koroğlunun əsas xasiyyətləridir".

Bədii haşiyə. Xalq yazıçısı Elçinin "Ölüm hökmü" romanından bir parça: "…Arzu məktəbdən gəldi, paltarını dəyişdi, pioner qalstukunu təzədən ütüləyib boynuna taxdı və həmişə olduğu kimi, Arzu ilə bərabər, evə bir canlanma, bir hərəkət gəldi...Həmin qış günü də Ələsgər müəllimlə Firuzə xanıma yeni bir xəbər verdi:

- Bundan sonra evdə həftədə bir dəfə divar qəzeti çıxaracağam!

Firuzə xanım:

- A-a-a, - dedi.- Evdə də divar qəzeti olar?

- Olar. Mən çıxararam, siz də baxarsız. Sizə deməyə sözlərim var.

- O sözləri elə ağızla de, biz də qulaq asaq də...

- Yox, onları divar qəzetinə yazacağam. Baş məqalədə sizi tənqid eləyəcəyəm.

Ələsgər müəllim təəccüblə:

- Bizi? - soruşdu.

- Hə! "Koroğlu" operasını da tənqid edəcəyəm.

Ələsgər müəllim bu xəbərə lap məəətəl qaldı. Firuzə xanım:

- A-a-a,- dedi. - Bəs, o operadan xoşun gəlirdi, məni də dartıb aparmışdın ora?

- Nolar? Əvvəllər xoşum gəlirdi, ona görə ki, bəstəkar bizim gözümüzə kül üfürüb. Indi başa düşürəm. Üzeyir Hacıbəyov "Koroğlu"nu ona görə yazıb ki, müasir mövzuda yazmasın! Bəstəkar müasir mövzudan qaçıb. O opera gərək kolxoz həyatından olaydı. Indi xan, padşah yoxdur. Koroğlu gərək qolçomaqlara qarşı mübarizə aparaydı. Kitabxanada pioner disputu keçirəcəyik. Mən bu barədə məruzə eləyəcəyəm. Bəstəkarı da çağıracağıq ki, nəticə çıxarsın..."

Analoji dramatik vəziyyət Üzeyir bəyin həmkarı D.Şostakoviçin həyatında da baş verirdi. Bəstəkarın "Mtsenks qəzasının ledi Maqbeti" operasının nümayişindən sonra Stalin başda olmaqla partiya funksionerləri tərəfindən "kəskin tənqid atəşi"nin ardınca, mətbuatda bəstəkar burjua mədəniyyətinə rəğbətdə, realist sovet incəsənətinə laqeydlikdə günahlandırılır, D.Şostakoviçin "formalist" olduğu vurğulanmaqla, açıq-aşkar xalq düşməni adlandırılırdı.  Bəstəkarın xatirələrindən: "...Mən 28 yanvar 1936-cı ildə, violonçel ifaçısı Viktor Kubatski ilə Arxangelskə qastrol səfərinə gedərkən, stansiyaların birində "Pravda" qəzetinin yeni buraxılışında "Musiqi əvəzinə qarmarışıqlıq" (Söhbət "Sumbu?r vme?sto mu?zıki" adlı məqalədən gedir -Y.N.)  adlı məqalə həyatımın ən böyük sarsıntısı oldu..."

O zaman məsləkdaşı Üzeyir bəy kimi əqidə təpəri nümayış etdirən bəstəkar 5 saylı simfoniyası ilə cağdaş zamanın amansızlığına öz mövqeyini sərgiləmişdi. Deyilənə görə əsərin 21 noyabr 1937-ci ildə dirijor Yevgeni Mravinckinin təfsirində ilk ifasından sonra dinləyicilər uzun müddət sürəkli alqışlarla müəllifi səhnədən buraxmayıblar. Cünki həmin konsertdə iştirak edən hər kəs öz aləmində istədiyi həqiqəti görürdü. İllər sonra D.Sostakoviç baş verənləri belə şərh etdi: "Onlar... maska taxmış riyakarlar idilər... İndi hamı deyir:" Biz bilmirdik, başa düşmədik. Stalinə inanırdıq. Aldandıq, eh, necə amansızcasına aldandıq?!"...Heç vaxt inanmaram ki, "heç nə anlamayan" Beşinci simfoniyada əsl məğzi  hiss etsin".

İstedadlı gəncliyə  dayaq

Üzeyir Hacıbəylinin Azərbaycan professional milli musiqi sənətinin möhkəm özülünün yaranması istiqamətində həyata keçirdiyi titanik islahatların mütərəqqi tərəflərindən  biri də peşəkar bəstəkar kadrların hazırlanmasına verilən önəm idi. Gənclərin Qərbi Avropa bəstəkarlıq ənənlərinin milli musiqi ilə sintezindən ortaya çıxan peşəkar estetik dəyərlərlə tərbiyənlənməsinə Ustad həssas yanaşırdı. Bu baxımdan yazıçı Hüseyn Abbaszadənin "Dünyadan gör neçə insanlar gedib..." kitabından bir parçanı burada yerləşdirmək  yerinə düşər:

"1946-cı ilin payızı idi. Bəstəkar Ağabacı Rzayeva ilə "Yadındamı?" adlı bir romans yaşmışdıq. Ağabacı konservatoriyada Üzeyir Hacıbəyovun sinifində oxuyurdu...

Bir gün Ağabacı Rzayeva mənə dedi:

- Sabah konservatoriyada Üzeyir müəllimin otağında yeni musiqi əsərlərinə qulaq asacaqlar...O zaman Üzeyir Hacıbəyov həm Dövlət Konservatoriyasının direktoru, həm də Azərbaycan Bəstəkarlar İttifaqında sədr idi...

Həmin gün bəstəkar Midhət Əhmədovun sinfonik orkestr üçün yazdığı "Uvertüra"sı ilə əlaqədar olan söhbət yadımdan çıxmayıb...

Çıxış edənlər "Uvertüra"ya müsbət qiymət verdilər. Axırda bizimlə üzbəüz oturan ortayaşlı, saqqallı bir kişi söz istədi. Yeni əsərin məziyyətlərindən danışdı. Çıxışının sonunda təəssüf hissi ilə qeyd etdi ki, "Uvertüra"nın bəzi yerləri orijinal deyil. Dmitri Şostakoviç yaradıclığından gəlmədir.

Mən yanımda oturan Ağabacı Rzayevadan saqqallı kişinin kim olmasını soruşdum. O dedi ki, Azərbaycan Dövlət Simfonik Orkestrinin yeni baş dirijoru, professor Leo Ginzburqdur.Moskvadan gəlib.

Leo Ginzburq pianoçu qadından "Uvertüra"nın klavirini alıb irad tutduğu yerləri göstərmək istəyəndə Üzeyir Hacıbəyov dedi:

- Hörmətli Leo Moritseviç, bilirəm nəyi nəzərdə tutursunuz. Müdhət Əhmədovun "Uvertüra"sı "Rast" ladında yazılıb. "Rast" isə klassik Azərbaycan muğamıdı.

Üzeyir Hacıbəyov "Rast" muğamı barədə Qinzburqa müxtəsər məlumat verdi. Axırda da dedi ki, ola bilsin Şostakoviç də "Rast"dan istifadə edib.Sonra böyük bəstəkarın təkidi ilə Midhət Əhmədov piano arxasında keçib "Rast"dan bir parça çaldı. Ginzburq bundan xəbərsiz olduğunu etiraf edib müəllifdən üzr istədi..." 

Şuşaya əbədi qayıdış

Üzeyir Hacıbəylinin ölümündən sonra adının əbədiləşdirilməsi barədə 16 fevral 1949-cu ildə xüsusi qərarda Şuşada və Bakıda onun ev-muzeylərinin yaradılması nəzərdə tutulurdu. 1959-cu ildə Şuşada Ü. Hacıbəylinin ev-muzeyi açılsa da,  Bakıda bu məsələni respublika rəhbəri Heydər Əliyevin tapşırığı və yaxından köməyi sayəsində 20 noyabr 1975-ci ildə həyata keçirmək mümkün oldu.  Ümummilli lider sonrakı illərdə də  Üzeyir Hacıbəylinin xatirəsinin əbədiləşdirilməsi, onun çoxşaxəli yaradıcılığının dünya musiqi aləmində təbliği baxımdan ardıcıl və önəmli addımlar atdı. H.Əliyevin göstərişi ilə 1970-80-ci illərin kəsiyində Şuşada Xurşudbanu Natəvanın (heykəltaraş Həyat Abdullayeva), Bülbülün və Üzeyir Hacıbəylinin (heykəlataşlar Xanlar Əhmədov və Namiq Dadaşov) tunc büstlərinin açılış törənləri keçirildi.

Lakin 1992-ci  ilin mayında Şuşanın mənfur düşmən tərəfindən işğalı zamanı ilk mədəni qurbanlar həmin heykəllər oldu. Gülləbaran edilən sənət əsərləri  mənfur düşmənin əsl simalarını göstərən bariz nümunələrdir. Bu azmış kimi həmin büstlərin əridilib qiymətli metal qismində satılması planlaşdırılmışdı. Həmin məsələdən xəbər tutan mədəniyyət naziri Polad Bülbüloğlu bu barədə Prezident Heydər Əliyevə məruzə edir. Görülən lazımı tədbirlər nəticəsində sənət əsərləri Bakıya gətirilərək Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilir.

1995-ci ildə dövlət başçısının fərmanı ilə Üzeyir Hacıbəylinin 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunmağa başlaması bəstəkarın həyat və yaradıcılığının təbliginə yönələn dövlət proqramının əsasına çevrildi. Prezident cənab Heydər Əliyevin yubiley gecəsindəki çıxışında  söylədiyi bu fikirlər sanki gələcək nəsillərə bir çağrış idi: "...Ancaq erməni işğalçıları heç də belə bilməsinlər ki, o güllələr Üzeyir Hacıbəyov, Bülbül, Natəvan yaradıcılığını sarsıda bilər, yox! Elə düşünməsinlər ki, bu güllələr Azərbaycan xalqının mənəviyyatını sarsıda bilər, yox! Elə güman etməsinlər ki, Şuşanın işğalı daimi ola bilər. Yox, ola bilməz! ...Biz əminik ki, Azərbaycan torpaqları Ermənistan işğalçılarının əlindən qurtaracaqdır. Biz əminik ki, Şuşa azad olacaqdır. Biz əminik ki, bütün Qarabağ, işğal olunmuş bütün torpaqlarımız azad ediləcək, müstəqil Azərbaycan öz ərazilərinin hamısının, öz sərhədlərinin sahibi olacaqdır... Üzeyir Hacıbəyov irsinin yaşaması naminə, mədəniyyətimizin, mənəviyyatın yaşaması naminə sizin hamınızı şücaətə, qəhrəmanlığa, vətənpərvərliyə dəvət edirəm".

2020-ci il sentyabrın 27-də  Azərbaycan Ordusu Ali Baş Komandanın "İrəli!" əmri ilə başlayan müqəddəs savaşın 42-cü günü Şuşada üçrəngli bayrağımız dalğalandı. 2021-ci il yanvarın 14-də isə Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinə gətirilən ədəbi və mədəni irsimizin üç zirvə  şəxsiyyətinin tunc abidələrinin yenidən açılışında: "Bu gün Şuşaya gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin-Xurşudbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirmişəm...

...Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Onların ruhu şaddır. Onlar doğma Vətənə qayıdıblar.

...Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayıb və əbədi yaşayacaqdır. Qarabağ Azərbaycandır!" sözləri ilə müasir tariximizin yeni şanlı səhifəsini yazdı.

Səməd Vurğunun misralarında deyildiyi kimi:

Qartal kimi qanadlanıb fəzaları aşarsan.

Bir ülviyyət aləminin qucağında yaşarsan.

O aləmin zinətidir ayın, günün camalı,

Rübabında qanad açır insanlığın kamalı.

Zaman görmüş, dünya görmüş müqəddəs bir Vətənin Övladısınız!..

Dahi Üzeyir bəy, müqəddəs ruhunuz daim şad olsun!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
107
525.az

1Источники