RU

Tələbə krediti ən çox hansı universitetin tələbələrinə verilib? - RƏSMİ

Bu gün təhsil almaq hər bir gəncin əsas məqsədinə çevrilib. Lakin bəzi hallarda maddi çətinliklər bu arzunun reallaşmasına mane ola bilir. Bu problemi aradan qaldırmaq məqsədilə dövlət tərəfindən tələbələrə uzunmüddətli və güzəştli maliyyə dəstəyi, təhsil tələbə krediti təqdim olunur. Təhsil tələbə krediti vasitəsilə tələbələr təhsil haqqını vaxtında ödəməklə yanaşı, akademik fəaliyyətlərinə də tam şəkildə fokuslana bilirlər. Məzun olduqdan sonra isə onlara iki il güzəşt dövrü verilir və bu müddət başa çatdıqdan sonra kreditin mərhələli şəkildə geri ödənişinə başlanılır. Bu mexanizm, gənclərin təhsil imkanlarını genişləndirməklə yanaşı, ölkədə insan kapitalının inkişafına da mühüm töhfə verir.

Maraqlıdır, ötən dövr ərzində ən çox hansı universitetin tələbələri təhsil tələbə kreditinə müraciət ediblər? 

News24.az bu barədə Təhsil Tələbə Krediti Fonduna sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq fonddan bildirilib ki, statistik məlumatlara əsasən, Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən - 2021-ci ilin noyabr ayından  bu günə qədər Fonda məxsus elektron portala daxil olan müraciətlərdən 63 mindən çox təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib:

 "Rəsmiləşən müqavilələr üzrə təhsil tələbə kreditindən (TTK) ən çox yararlanan tələbələr aşağıdakı ali təhsil müəssisələrinin tələbələridir:

TOP 5 ali təhsil müəssisəsi üzrə rəsmiləşən TTK müraciətləri:

1) Azərbaycan Dövlət İqtisad Universiteti – ümumilikdə 4094 rəsmiləşmə - 899 sosial TTK müqaviləsi, 3195 standart TTK müqaviləsi;

2) Gəncə Dövlət Universiteti – ümumilikdə 3620 rəsmiləşmə - 1329 sosial TTK müqaviləsi, 2291 standart TTK müqaviləsi;

3) Azərbaycan Texniki Universiteti – ümumilikdə 3251 rəsmiləşmə -1054 sosial TTK müqaviləsi, 2197 standart TTK müqaviləsi;

4) Bakı Dövlət Universiteti - ümumilikdə 2949 rəsmiləşmə - 834 sosial TTK müqaviləsi, 2115 standart TTK müqaviləsi;

5) Azərbaycan Kooperasiya Universiteti – ümumilikdə 2704 rəsmiləşmə - 706 sosial TTK müqaviləsi, 1998 standart TTK müqaviləsi;

Rəqəmlər onu göstərir ki, Fond fəaliyyətə başladığı dövrdən Təhsil Tələbə Kreditindən ən çox yararlanan ali təhsil müəssisəsi Azərbaycan Dövlət İqtisad Universiteti olub. Qeyd edək ki, bu statistik göstəricilər artan dinamika ilə dəyişməkdədir".

Qeyd edək ki, yalnız əyani təhsil alan və əvvəlki semestrlarda akademik borcu olmayan tələbələr təhsil tələbə kreditinə müraciət edə bilərlər.

Xeyrənsə Piriyeva



Избранный
66
1
news24.az

2Источники