RU

Avstraliya koalaları üçün dünyada ilk xlamidiya peyvəndi təsdiqləndi

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, tək dozalı peyvənd Sunshine Coast Universitetində professor Piter Timmsin rəhbərliyi ilə hazırlanıb. Tədqiqatlar göstərir ki, peyvənd xlamidiyaya yoluxma riskini azaldır və xəstəlikdən ölüm hallarını azı 65% aşağı salır. Avstraliya Baytarlıq Tənzimləmə Orqanının təsdiqindən sonra peyvənd artıq vəhşi təbiət xəstəxanaları və klinikalarda istifadə edilə bilər. Tims bildirib ki, bu, “xəstəliyin dağıdıcı yayılmasının qarşısını almaq üçün sürətli və effektiv bir addımdır”. Hazırda bəzi bölgələrdə infeksiya səviyyəsi 70%-ə çatır. Koalalar xüsusilə Kvinslend və Yeni Cənubi Uels ştatlarında nəsli kəsilməkdə olan növlər siyahısına daxil edilib. Lakin bəzi ekspertlər peyvəndin genişmiqyaslı tətbiqinə skeptik yanaşır. Avstraliya Koala Vəqfinin rəhbəri Debora Tabart bildirib ki, resurslar əsasən koalaların təbii yaşayış mühitinin qorunmasına yönəldilməlidir. Onun sözlərinə görə, koalaların xəstələnməsinin əsas səbəbi onların yaşaya biləcəyi ərazilərin az olmasıdır. Queensland Conservation Council isə peyvəndi müsbət addım kimi qiymətləndirib, lakin qeyd edib ki, mühitin qorunması olmadan bu tədbir kifayət etməyəcək. Federal hökumət peyvəndin hazırlanmasına 76 milyon Avstraliya dolları (təxminən 50 milyon ABŞ dolları) vəsait ayırıb. Ətraf Mühit Naziri Marri Vatt bildirib ki, bu, koalaların sağlamlığını qorumaq üçün mühüm addımdır. Koalaların vəhşi populyasiyası son illərdə meşə yanğınları, şəhərləşmə və iqlim dəyişikliyi səbəbilə sürətlə azalır. Mütəxəssislər xəbərdarlıq edir ki, bu tendensiya davam edərsə, koalalar 2050-ci ilə qədər tamamilə yox ola bilər.

 

Избранный
101
Ajans.az

1Источники