RU

Dünya Putin və Netanyahunu niyə dayandıra bilmir? – Elə səbəblər var ki…

Avropa İttifaqı (Aİ) və digər özünü tərəqqipərvər kimi təqdim edən dövlətlər Rusiyanın Ukraynaya qarşı işğalçı hücumunun qarşısını almaq məqsədilə bir araya gəldiklərini nümayiş etdirirlər. Lakin artıq 3 il 8 aydır ki, bu səylər nəticə vermir. Rusiya ordusu Ukraynanın dərinliklərinə qədər irəliləyib, böyük ərazilər işğal altındadır. Şəhərlər, kəndlər yerlə-yeksan edilib, milyonlarla insan doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. Hər gün günahsız insanlar Rusiyanın hücumları nəticəsində həyatını itirir.

İsrail Baş naziri Benyamin Netanyahu isə demək olar ki, eyni hərbi-siyasi strategiyanı tətbiq edir. Qəzzanı və bütövlükdə Fələstini bombalamaqla kifayətlənməyərək, indi Qətərin ərazisinə də hücum edir. Ərəb ölkələri də Aİ ölkələri kimi təşkilatlanaraq İsrailin bu hərəkətlərinə qarşı çıxacaqlarına dair bəyanatlar versələr də, hücumlar dayanmır.

Bəs dünya Putini və Netanyahunu niyə dayandırmır? Sözügedən münaqişələrin qarşısı niyə alınmır?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, hazırkı dönəmdə beynəlxalq münasibətlər sistemində müharibələrin davamlı xarakter alması, diplomatiyanın bu gərginliklərin qarşısını almaqda aciz qalması, dövlətlərarası münasibətlərdə geosiyasi maraqların və güc faktorunun humanitar prinsiplərdən üstün tutulduğunu göstərir:

“Hazırda realizm, liberalizmi üstələyir. Əhəmiyyətli məsələlər diplomatiya yolu ilə deyil, güc vasitəsilə həll olunur. Bəzən güc ən effektiv vasitə kimi çıxış edir. Ermənistan nümunəsində bunun şahidi olduq. Uzun illər beynəlxalq qətnamələrə baxmayaraq, Azərbaycan torpaqlarının 20 faizi işğal altında qaldı. Nəhayət, rəsmi Bakı güc yolu ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edə bildi”.

Politoloq həmçinin vurğulayıb ki, Azərbaycanla Rusiya-Ukrayna müharibəsini eyniləşdirmək doğru deyil. Çünki Azərbaycan işğala məruz qalan tərəf idi, halbuki bu müharibədə Rusiya hücum edən tərəfdir:

“Rusiya Ukraynanın ərazilərini işğal edir və Ukraynanın NATO-ya yaxınlaşması bəhanəsi ilə bu addımı atdığını bildirir. Eyni zamanda Ukraynadan hərbi təhdidə məruz qalacağını diqqətə çatdırır. Halbuki Ukraynadan Rusiyaya qarşı hərbi təhdid olmayıb. Bu səbəbdən Kremlin addımı beynəlxalq hüquqa ziddir. Dünya isə bu işğalın qarşısını ala bilmir. Beynəlxalq institutlar ikili standartlar tətbiq edir və münaqişələrin qarşısını almaqda aciz olduqlarını ortaya qoyur”.

sultan

Sultan Zahidov

İsrailin siyasətinə gəldikdə isə S.Zahidov bildirir ki, bu ölkənin Yaxın və Orta Şərqdəki davranışları da aqressiv elementlər daşıyır. Lakin bu müharibə də Rusiya-Ukrayna münaqişəsi ilə eyniləşdirilməməlidir:

“2023-cü ildə İsrail hücuma məruz qalan tərəf idi. 1200-dən çox günahsız israilli öldürüldü, çox sayda insan əsir götürüldü. İsrail üçün HƏMAS legitim hədəf sayılırdı və onun məhv edilməsi milli təhlükəsizlik baxımından prioritet kimi dəyərləndirilirdi. HƏMAS-a dəstək verən ölkələrə qarşı tədbir görmək də İsrail üçün realpolitik baxımından qaçılmaz idi. Bu çərçivədə İsrail Livan, Suriya və Yəmənə də hücumlar həyata keçirdi.

İsrailin müharibə siyasəti özünü müdafiə kimi təqdim edilsə də, ölkənin beynəlxalq aləmdə təcrid vəziyyətinə düşməsi və dünyanın ən radikal hökumətlərindən birinin hakimiyyətdə olması bu siyasətin sərtliyinə təsir göstərir.

İsrailin qarşısının alınmaması isə əsasən ABŞ faktoru ilə bağlıdır. Rəsmi Vaşinqtonun bölgədəki mövqeyi Yaxın və Orta Şərqdə, eləcə də dünyanın digər bölgələrində bir çox ölkənin proseslərə təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır”.

Избранный
21
1
turkustan.az

2Источники