RU

Finlandiyada doğum nisbəti ən aşağı səviyyəyə düşüb

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Stokholm, 16 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

2024-cü ildə Finlandiyada doğum nisbəti qadın başına 1,25 uşaq olub ki, bu da son 250 ildə ən aşağı göstəricidir və reproduksiya səviyyəsindən (2,1) əhəmiyyətli dərəcədə azdır.

AZƏRTAC xəbər verir ki, ötən il bu ölkədə 43 min 720 uşaq doğulub.

Finlandiya Əhali Federasiyasının tədqiqatçısı Katerina Qolovina qeyd edir ki, əsas amillər analığın gecikməsi, sonsuzluğun artması, psixoloji və sosial maneələrdir. İnsanlar gələcəklə bağlı qeyri-müəyyənlik, iqtisadi böhranlar, müharibələr və iqlim təhlükələri səbəbindən uşaq sahibi olmağı təxirə salırlar. Fərdi dəyərlər və alışılan həyat tərzini itirmək qorxusu da bu prosesə təsir göstərir.

Alimlərin fikrincə, psixi sağlamlıq problemləri də ailə həyatı qurmaq ehtimalını azaldır. Depressiyadan əziyyət çəkən insanların partnyor tapmaq və uşaq sahibi olmaq ehtimalı azdır. Eyni zamanda, təhsil səviyyəsi aşağı olan kişilərin uşaqsız qalma ehtimalı daha yüksəkdir, ali təhsilli qadınlar isə əksinə, daha tez-tez uşaq dünyaya gətirirlər.

Helsinki Universitetinin tədqiqatçıları qeyd ediblər ki, səhiyyə, təhsil və sosial iş sahələrində peşələr ailə həyatı ilə daha yaxşı birləşdirilir, incəsənət və humanitar elmlər, təbiət elmləri, mühəndislik və aşağı ixtisaslı İT seqmentlərində isə qeyri-sabit məşğulluq və aşağı gəlirlər səbəbindən doğum nisbətində daha kəskin azalma müşahidə olunur.

Ekspertlər qeyd edirlər ki, pul ödənişləri yalnız qısamüddətli effekt verir. Daha vacib tədbirlər əlçatan məktəbəqədər təhsil, çevik iş şəraiti və genişləndirilmiş psixi sağlamlıq dəstəyi hesab olunur. Alimlər xəbərdarlıq edirlər ki, bu tendensiya davam edərsə, Finlandiya işçi qüvvəsinin azalması, vergi gəlirlərinin aşağı düşməsi və pensiya sisteminə təzyiqlə üzləşəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
1
azertag.az

2Источники