RU

Moskvanın köhnə ritorikası - Böyük Britaniya ilə yaxınlaşmağımız Kremli narahat edib...

Xəbər verdiyimiz kimi, Böyük Britaniya Azərbaycanın strateji tərəfdaşı olduğunu elan edib. Bu barədə məlumat Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən yayılıb. Avropa məsələləri üzrə nazir Stiven Douti Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşüb. 

Görüş zamanı Ermənistan-Azərbaycan sülh prosesi, Rusiya-Ukrayna müharibəsi və regional təhlükəsizlik kimi məsələlər müzakirə olunub. Nəticədə iki ölkə arasında münasibətlər “Strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldilib ki, bu da Azərbaycanın Qərblə əlaqələrində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Eyni zamanda Böyük Britaniya Qazaxıstanla hərbi əməkdaşlıq sazişi imzalayıb və Mərkəzi Asiyada inkişaf layihələrinə 50 milyon funt sterlinq ayıracağını açıqlayıb. Bu geosiyasi yaxınlaşmalar Kremldə ciddi narahatlıq yaradıb. Rusiya mediası və təbliğatçıları - Kabanov, Solovyov,  Zatulin və başqaları - Azərbaycanın Qərblə münasibətlərini hədəf alır, ölkəni “Qərbin əlində alət” kimi təqdim etməyə çalışırlar. 

Bəs Kremlin bu aqressiv ritorikasının kökündə hansı real narahatlıqlar dayanır? Rusiyanın bu ideoloji hücumları təkcə Azərbaycana, yoxsa bütün region dövlətlərinə bir mesajdır?

Yeri gəlmişkən, bir neçə gün öncə Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar paketi elan edib. Bu barədə məlumat hökumətin rəsmi saytında dərc olunub. Sanksiyalar Rusiya müdafiə sənayesinə aid şirkətlərə və fiziki şəxslərə şamil olunub. Almaniyanın “Deutsche Welle” nəşrinin yazdığına görə, məhdudiyyətlər, həmçinin konstruktor bürolarına, eləcə də radioelektronika və kimyəvi xammal istehsal edən hərbi təyinatlı müəssisələrə aid edilib. Məqsəd Rusiyanın hərbi potensialını zəiflətməkdir. Qeyd olunub ki, Böyük Britaniya müttəfiqləri ilə koordinasiyalı şəkildə Rusiyaya qarşı iqtisadi və texnoloji təzyiqləri gücləndirməkdə davam edəcək. 

Azər Hüseynov 

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı bunları şərh edib: “Azərbaycanın son illərdə yürütdüyü xarici siyasət kursu bölgədə tarazlıq amili kimi diqqət çəkir. Balans siyasəti adlanan bu yanaşma əslində təsadüfi deyil, tarixi, coğrafi və siyasi reallıqların diktəsi ilə formalaşıb. Azərbaycan Qərb və Rusiya arasında qarşıdurma meydanı olmaqdan çox, hər iki tərəflə əməkdaşlıq etməyi, eyni zamanda milli maraqlarını qorumağı prioritet hesab edir. Bu siyasətin mahiyyəti odur ki, ölkə böyük güclərin rəqabətində bir tərəfin alətinə çevrilməsin, əksinə, öz müstəqilliyini möhkəmləndirsin. Azərbaycanın enerji siyasəti, regiondakı nəqliyyat və infrastruktur layihələri, diplomatik aktivliyi və beynəlxalq təşəbbüsləri göstərir ki, məqsəd yalnız iqtisadi inkişaf deyil, həm də siyasi müstəqilliyin qorunmasıdır. Xüsusilə Cənub Qaz Dəhlizi, Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Qars dəmir yolu və digər layihələr Azərbaycanın Qərblə münasibətlərini gücləndirsə də, Rusiya ilə iqtisadi və regional əməkdaşlıqlar da paralel olaraq davam etdirilir. Bu yanaşma Azərbaycanın geosiyasi mövqeyindən irəli gəlir: bir tərəfdən Avropaya açılan enerji qapısı, digər tərəfdən isə postsovet məkanında strateji bir oyunçu. Bu vəziyyət Azərbaycan üçün həm diplomatik, həm də iqtisadi dividentlər yaradır, çünki ölkə eyni zamanda bir neçə güc mərkəzi ilə münasibətləri balanslaşdıraraq milli maraqlarını qorumaq imkanına malikdir”.

Siyasi şərhçi qeyd edib ki, məsələyə Rusiyanın yanaşması birmənalı deyil: “Rusiyadakı bəzi siyasi dairələrdə Azərbaycana münasibətdə müəyyən qısqanclıq müşahidə olunur. Xüsusilə Qərblə əməkdaşlıq sahəsində Azərbaycanın aktivliyi bəzən Moskva mediasında və ekspert dairələrində tənqidi və qərəzli şərhlərə səbəb olur. Bu yanaşmalar isə əslində obyektiv analizdən daha çox siyasi mövqelərin ifadəsidir. Çünki real vəziyyət göstərir ki, Azərbaycan Rusiyaya heç bir təhlükə ola bilməz. Ərazi baxımından, əhali sayına görə, iqtisadi güc etibarilə Azərbaycan Rusiya ilə müqayisə olunmayacaq dərəcədə kiçikdir. Hər hansı bir dövlətin, xüsusilə də Azərbaycan kimi kiçik və orta ölçülü ölkənin Rusiya üçün təhlükə kimi təqdim olunması yalnız siyasi qərəz və qısqanclıqla izah oluna bilər.

Rusiyanın bəzi analitik mərkəzlərində səslənən “Azərbaycan Qərbin alətinə çevrilir” kimi fikirlər də bu kontekstdə dəyərləndirilməlidir. Əslində bu yanaşma Azərbaycan dövlətinin müstəqil siyasət yürütmək imkanlarını qəbul etməməkdən doğur. Moskva hələ də keçmiş sovet məkanında ölkələrin tamamilə müstəqil davranışlarını həzm etməkdə çətinlik çəkir. Azərbaycan isə göstərir ki, həm Rusiya ilə strateji əməkdaşlıq mümkündür, həm də Qərblə münasibətlərdə ortaq maraqları təmin etmək olar. Bu model postsovet məkanında müstəqil siyasət nümunəsi kimi çıxış edir və regionda balans yaratmağa xidmət edir".

Azər Hüseynova görə, geosiyasi baxımdan Moskva regionda Qərbin təsirinin artmasından ehtiyat edir: “Azərbaycan isə Qərbin enerji təhlükəsizliyi strategiyasında mühüm yer tutur. Bu səbəbdən Rusiyanın öz maraqlarını qorumaq istəyi bir dövlətin öz maraqlarını təmin etmək istəyi baxımından başadüşüləndir. Lakin problem ondadır ki, Rusiya mediasında və bəzi siyasi dairələrdə bu qorxu çox zaman obyektiv analitik qiymətləndirmədən çıxaraq, emosional və qərəzli şərhlərlə ifadə olunur. Nəticədə Azərbaycan sanki bir "vasitə ölkə" kimi təqdim edilir. Halbuki reallıqda Bakı öz milli maraqlarını əsas tutaraq siyasət yürüdür və heç bir gücün tam təsir dairəsinə daxil olmur. Bu yanaşmaların təhlili göstərir ki, Rusiyanın bəzən təqdim etdiyi təhlükə və qərəzli şərhlər daha çox daxili siyasi narahatlıqların və postsovet məkanında təsir dairəsini qorumaq istəyinin nəticəsidir. Azərbaycanın xarici siyasətində balansın əsas məqsədi regionda sabitliyi qorumaqdır. Qafqaz kimi həssas məkanda bir gücün tərəfini açıq şəkildə tutmaq münaqişələrin alovlanmasına gətirib çıxara bilər. Azərbaycan isə həm Türkiyə ilə müttəfiqlik münasibətlərini dərinləşdirir, həm də Rusiya ilə strateji əməkdaşlıq sazişləri imzalayıb və öz tərəfindən həmişə imzasına sadiq qalıb. Paralel olaraq Avropa İttifaqı və ABŞ ilə enerji, təhlükəsizlik və iqtisadi əməkdaşlığı davam etdirir. Bu çoxşaxəli yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdə özünəməxsus mövqeyini möhkəmləndirir.

Rusiyanın yanaşmalarına tənqidi baxdıqda, əsas problem Moskvanın Azərbaycanı “tam öz yanında görmək” istəyindən qaynaqlanır. Halbuki XXI əsrin reallıqları göstərir ki, heç bir kiçik və orta dövlət yalnız bir gücün orbitində qala bilməz. Qloballaşma və regional inteqrasiya prosesləri bunu mümkünsüz edir. Azərbaycan da məhz bu gerçəyi nəzərə alaraq siyasət yürüdür. Lakin Rusiyanın bəzi siyasi dairələri bunu qəbul etməkdə çətinlik çəkir və nəticədə Azərbaycanın müstəqil siyasəti qərəzli tənqidlərin hədəfinə çevrilir. Ümumilikdə, Azərbaycanın balans siyasəti həm region üçün sabitlik yaradan amildir, həm də dövlətin müstəqilliyini möhkəmləndirən faktordur. Rusiya ilə münasibətlərin qorunmaq istəməsi, baxmayaraq ki, qarşı tərəfdən bəzi şəxslərin fikirləri qətiyyən adekvat olmur, eyni zamanda Qərblə əməkdaşlığın davam etməsi Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Buna görə də Rusiyada səslənən qısqanclıq və qərəz ifadə edən yanaşmalar əslində Azərbaycanın müstəqil siyasətinin uğurlu olduğunun göstəricisidir. Bu yanaşma həm də postsovet məkanında müstəqil dövlət nümunəsi kimi təqdim oluna bilər və gələcəkdə digər region dövlətlərinə də təcrübə göstərə bilər". 

Fransa

Aqşin Kərimov 

Siyasi analitik Aqşin Kərimov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Böyük Britaniyanın Cənubi Qafqazda Azərbaycanla uyğunlaşan maraqları xeyli əvvəldən aydın idi. Azərbaycan-Britaniya əməkdaşlığı bölgədəki geosiyasi mənzərənin dəyişdirilməsi məsələsində bəlkə də dünyanı təəccübləndirəcək məsələləri prioritetləşdirir. Yəni Bakı-London əlaqələri ikitərəfli siyasi, diplomatik, iqtisadi-ticari münasibətlərin inkişafından da o yana keçən strateji yanaşmaları önə çəkir. Böyük Britaniya Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və bundan irəli gələn bütün vəzifələrin icrasına müqavimət göstərən güc kimi çıxış etmir. Üstəlik, Britaniya üçün Azərbaycan-Türkiyə-Pakistan üçbucağındakı hərbi əməkdaşlıq da xüsusi önəm daşıyır. Bu, Britaniyanın güc proyeksiyasını Avropadan Asiyaya yönləndirməsi üçün münbit şərait yaradır və Azərbaycanla Türkiyəyə regionda geosiyasi vitrini dəyişmək istəyən qüvvələrə, o cümlədən Rusiya, Fransa, Hindistan, İrana qarşı manevr imkanlarını genişləndirmək fürsətini tanıyır. Bütün bunlar o deməkdir ki, Böyük Britaniyanın Azərbaycanla xüsusi münasibətləri cari vəziyyətdəkindən də çox fərqli görünəcək. Bu, Rusiya-Ukrayna müharibəsi fonunda region üçün xüsusi əhəmiyyət daşıyan model kimi başa düşülə bilər. Bu fərqli məqamlar Bakı-London əlaqələrindəki eksklüziv yanaşmaları yeni dünya nizamına uyğunlaşdıran strategiya kimi izlənilir”. 

Analitikə görə, Rusiya ehtimal ki, məsələ ilə bağlı müəyyən kəşfiyyat siqnalları alıb və regionda Bakı-London əməkdaşlığının konturlarına qarşı informasiya əməliyyatlarını gücləndirir: “Bu, Azərbaycanla Britaniya arasında veriləcək ikitərəfli strateji qərarlara qarşı Rusiyanın reaksiyasını göstərir”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Избранный
21
musavat.com

1Источники