Xankəndidə erməni əsilli sakin Karen Avanesyanın terror aktı törətmək cəhdi və polis əməkdaşlarına silahlı müqavimət göstərməsinin lokal xarakter daşımadığı ehtimalı yüksəkdir. Hər şey istintaqın yekununda bəlli olacaq, lakin açıq qalan suallar ictimaiyyətin diqqət mərkəzindədir.
- Karen Avanesyan əslində kimdir?
- Terror aktı planının arxasında hansı qüvvələr dayana bilər?
- Planın icrasına niyə indi cəhd edildi?
Avanesyanın tam bəlli olmayan tərcümeyi-halında şübhəli məqamlar kifayət qədərdir.
Birincisi, o, bir il öncə Azərbaycan mediasına müsahibəsində özünü “azərbaycanlı” kimi təqdim edir, bildirir ki, “16 yaşında Azərbaycan vətəndaşlığını alıb, lakin 30 il öncə Xankəndini mafiya ələ keçirib və bundan sonra azərbaycanlılar doğma yurdlarından məcburi köçkün düşüblər, mafiya isə qalanların pasportlarını dəyişib”.
Belə bir şəxsin bir il sonra terror aktına cəhd etməsi onun Xankəndidə məhz bu məqsədlə qaldığı ehtimalını ön plana çıxarır. Erməniləri pisləməsi də kamuflyaj olmağa hesablanmış kimi görünür.
İkincisi, Ermənistanda revanşist medianın, eləcə də Qarabağda keçmiş separatçı rejimin “nümayəndələri”nin Avanesyanla bağlı dedikləri kifayət qədər ziddiyyətlidir.
Separatçı fəallardan olmuş Arşak Abramyan “Hraparak” nəşrinə açıqlamasında Avanesyanı tanımadıqlarını israrla vurğulayıb. Revanşist siyasətçi Karapet Poqosyan deyir ki, Avanesyanın uşaqlığı çətin keçib: “Məktəbdə zəif oxuyub, lakin sonradan iki universiteti fərqlənmə diplomu ilə bitirib, bir neçə dildə sərbəst danışıb. O, qapalı və ünsiyyətcil olmayan biri kimi tanınır”.
Bu iddia – orta məktəbi zəif oxuması, daha sonra iki universiteti fərqlənmə ilə bitirməsi və bir neçə dildə sərbəst danışması şübhəlidir. Mümkündür ki, erməni revanşistlər Avanesyanla bağlı “intellektual” imic formalaşdırmaq və əməllərini bu yolla ört-basdır etməyə çalışırlar. Bu, baş vermiş terror cəhdinin Azərbaycanın iddiası kimi təqdim edilməsi kampaniyasına xidmət edir. Ki, erməni revanşistlərin təbliğat istiqamətlərindən biri də budur.