RU

Azərbaycan gəncliyi təhsil uğurları ilə sabaha töhfə verir

700 ballıq zirvə: Heç bir zəhmət hədər getmir

Sona Nurməmmədli: İxtisaslı bir həkim olmaqla yanaşı, elmi tədqiqatlarla da məşğul olmaq, innovativ müalicə üsullarını öyrənmək və tətbiq etmək istəyirəm

Gənclərin elmi biliklərlə və humanist dəyərlərlə yetişməsi Azərbaycanın gələcək uğurlarının təminatında əsas amillərdəndir. Bu səbəbdən təhsil sahəsində aparılan islahatlar onların potensialını artırmaq və həm akademik, həm də sosial bacarıqlarını inkişaf etdirmək məqsədini daşıyır. Bu proses yalnız bilik verməklə kifayətlənmir, həm də məsuliyyət, əxlaq və ictimai fəallıq kimi vacib prinsipləri aşılayır. Gənclər üçün yaradılan imkanlar, sosial layihələr və təhsil təşəbbüsləri onların həm fərdi inkişafına, həm də cəmiyyətə faydalı olmasına şərait yaradır. Belə mühitdə uğur qazanan gənclər şəxsi nailiyyətləri ilə cəmiyyət üçün nümunə rolunu daşıya bilirlər.

Elə bu baxımdan, diqqət çəkən Azərbaycan gəncliyinin parlaq simalarından biri də Sona Nurməmmədlidir. O , həmçinin builki qəbul imtahanında IV qrup üzrə ən yüksək nəticəni göstərərək 700 bal toplayıb və Azərbaycan Tibb Universitetinə qəbul olunub. Bugünkü müsahibəmizdə Sona ilə onun uğurunun sirri, qəbul imtahanına hazırlıq prosesi zamanı qarşılaşdığı çətinliklər və təhsilin insan həyatındakı əhəmiyyəti barədə söhbət edəcəyik. O,  həm şəxsi təcrübələrini, həm də motivasiya mənbələrini bölüşərək, gənclərə ilham verəcək tövsiyələrini təqdim edəcək.

-Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

-Sona Nurməmmədli Məhəmməd qızı, Bakı şəhəri Nizami rayonu 272 saylı tam orta məktəbin məzunuyam. Bu il keçirilən qəbul imtahanında 700 bal toplayaraq Tibb Universitetinə qəbul olunmuşam. Bu uğur mənim üçün həm böyük sevinc, həm də məsuliyyətdir. Hər zaman məqsədimə doğru çalışdım və əzmlə irəlilədim. Bu nəticə illər boyu çəkdiyim zəhmətin bəhrəsidir.

-Tibb sahəsini seçməyinizin əsas səbəbi nədir?

-Uşaqlıqdan insanlara yardım etmək, onların sağlamlığını qorumaq arzusu məndə dərin iz buraxmışdı. Hər zaman düşünürdüm ki, insanın həyatını xilas etməkdən daha dəyərli bir iş ola bilməz. Tibb sahəsi həm elmi marağımı, həm də insani dəyərlərimi birləşdirən bir ixtisasdır. Bu sahə mənə həm mənəvi, həm də peşəkar baxımdan özümü tapmaq imkanı verir. Ona görə də tibb mənim üçün sadəcə,bir peşə deyil, həm də həyat məqsədimdir.

-Məktəb illərində müəllimlərinizin verdiyi hansı tövsiyələr sizin üçün ən faydalı oldu?

- Müəllimlərimin bizə öyrətdiyi ən vacib dərs səbir və davamlılıq idi. Onlar deyirdilər ki, "heç bir zəhmət hədər getmir" , "ən böyük uğurlar davamlı zəhmətin nəticəsidir". Bu fikirləri daim özümə rəhbər tutdum və motivasiya kimi istifadə etdim. Həyatın hər sahəsində bu prinsipin nə qədər doğru olduğunu gördüm. Bu öyüd-nəsihətlər mənə həm dərslərdə, həm də gündəlik həyatda yol göstərdi.Bəzən yorulanda və çətinliklərlə üzləşəndə bu sözləri xatırlayaraq yoluma davam edirdim. Müəllimlərimin verdiyi bu mənəvi dəstək bu gün əldə etdiyim nəticənin əsas təməlidir.

-Təhsilin insan həyatında rolu və önəmi barədə fikirləriniz nədir, xüsusilə tibb sahəsində?

- Təhsil insanın düşüncə tərzini, dünyagörüşünü və həyatla münasibətini formalaşdırır. Tibb sahəsində isə təhsil yalnız bilik deyil, həm də məsuliyyət, etika və daim yenilənmə deməkdir. Hər bir səhv bir insan həyatına təsir edə bilər və bu səbəbdən daim diqqətli olmaq vacibdir. Bu sahədə uğur qazanmaq üçün həm bilik, həm də yüksək mənəvi keyfiyyətlər tələb olunur. Təhsilin verdiyi bilik və bacarıqlar insanı cəmiyyət üçün faydalı şəxsiyyətə çevirir.

- Qəbul imtahanına hazırlaşarkən qarşılaşdığınız ən böyük çətinlik nə idi və onu necə aşdınız?

- Qəbul imtahanına hazırlaşarkən qarşılaşdığım ən böyük çətinlik vaxt bölüşdürmək problemi idi. Çalışırdım ki, bütün fənlərə kifayət qədər vaxt ayıra bilim. Bəzən elə olurdu ki, istirahətə vaxtım qalmırdı. Ancaq planlı şəkildə hər fənnə vaxt ayırmağa çalışdım. Bu çətinliyi ardıcıl və intizamlı şəkildə çalışaraq aşdım.

-Bugünkü uğurunuza görə kimlərə təşəkkür etmək istəyirsiniz?

-Əvvəlcə ailəmə – daim yanımda olduqları və mənə inandıqları üçün təşəkkür etmək istəyirəm. Onların dəstəyi və sevgisi mənə hər zaman güc verdi. Müəllimlərimə – bilik və təcrübələrini bizimlə paylaşdıqları üçün sonsuz minnətdaram. Onların əməyi olmadan bu nəticəyə nail olmaq çətin olardı.

- Ali məktəbə qəbul imtahanına hazırlıq müddətində istifadə etdiyiniz ən faydalı resurs və materiallar hansılar oldu?

-Qəbul imtahanına hazırlaşarkən istifadə etdiyim ən faydalı resurslar Dövlət İmtahan Mərkəzinin (DİM) nəşrləri və test topluları oldu. Bu materiallar həm mövzuları öyrənmək, həm də imtahana uyğunlaşmaq baxımından çox faydalıdır. Sınaq imtahanları vasitəsilə bilik səviyyəmi yoxlayırdım. Hər bir sualın üzərində düşünərək özümü inkişaf etdirməyə çalışırdım. Bu resurslar nəticənin əldə olunmasında əsas rol oynadı.

-700 bal toplamaq sizə nə öyrətdi və bu təcrübədən gələcəkdə tibbi karyeranızda necə istifadə etməyi düşünürsünüz?

-Bu nəticə mənə göstərdi ki, məqsədyönlü çalışmaqla və özünə inanmaqla uğur qazanmaq mümkündür. Hər bir zəhmətin qarşılığının olduğunu bir daha anladım. Tibb sahəsində də bu xüsusiyyətlərə ehtiyac var – çətinliklər qarşısında təslim olmamaq və davamlı öyrənmək. Bu təcrübə mənə gələcəkdə qarşılaşacağım çətinliklərə hazır olmaqda kömək edəcək. Eyni zamanda, bu uğur mənə daha da məsuliyyətli olmağı öyrətdi.

- Tibb sahəsində hansı spesifik fənlər və ya sahələr sənin üçün daha maraqlıdır?

-Tibb sahəsində ən çox marağım insan anatomiyası və nevrologiyaya yönəlib. Beynin və sinir sisteminin necə işlədiyi məni hər zaman valeh edib. Eyni zamanda psixiatriya və insan davranışlarının tibbi səbəbləri də diqqətimi çəkir. Bu sahələrin həm elmi, həm də humanitar tərəfi məni cəlb edir.

-Həkim sənətinin çətin və məsuliyyətli tərəfləri haqqında nə düşünürsünüz?

-Həkim olmaq təkcə biliklə kifayətlənmək deyil -insan taleyi sənin qərarından asılı olur. Bu həm böyük məsuliyyətdir, həm də çətinlikdir. Hər bir səhv böyük nəticələrə səbəb ola bilər. Səbirli, diqqətli və etik prinsiplərə sadiq olmaq vacibdir. Həkimlik həm vicdan, həm də peşəkarlıq tələb edən bir peşədir. Empatiya, ünsiyyət bacarığı və təmkin – bunlar hər bir həkim üçün vacibdir.

-Həkim olmaq üçün özündə hansı xüsusiyyətləri güclü, hansıları inkişaf etdirilməli hesab edirsən?

-Mən özümü məsuliyyətli, diqqətli və insanlara qarşı mərhəmətli biri kimi görürəm. Bu xüsusiyyətlərin həkimlik üçün vacib olduğunu düşünürəm. İnkişaf etdirməli olduğum tərəf isə bəzən qərar verməkdə tərəddüd etməyimdir. Zamanla daha özünəinamlı və qətiyyətli olmağa çalışıram. Gələcəkdə daha çox sosial layihələrdə iştirak etməklə bu xüsusiyyətləri inkişaf etdirmək istəyirəm. Həmçinin etik dəyərləri daha dərindən mənimsəməyi qarşıma məqsəd qoymuşam. Xəstələrlə düzgün münasibət qurmaq və onların etimadını qazanmaq üçün bu keyfiyyətlər vacibdir. Zənnimcə, həkim olmaq yalnız biliklə deyil, həm də xarakterlə bağlıdır.

- Abituriyentlərə hansı metod və strategiyaları tövsiyə edərdiniz?

- Planlı və məqsədyönlü hazırlaşmaq abituriyentlər üçün ən vacib məqamlardandır. Gündəlik və aylıq hədəflər təyin etməklə, davamlı təkrar və test həllinə üstünlük verilməlidir. Həmçinin əsas mövzulara fokuslanmaq və zəif tərəflər üzərində işləmək önəmlidir. Resurslardan düzgün istifadə və vaxtın səmərəli idarə olunması nəticəni müəyyən edən amillərdəndir. Ən əsası isə motivasiyanı itirməmək, daim öz üzərində işləmək və özünə inamı qorumaqdır.Öz zəif tərəflərini tanımaq və onları inkişaf etdirmək üçün vaxt ayırmaq lazımdır.

-Gələcəkdə tibb sahəsində hansı hədəflərə çatmaq istəyirsiniz?

-İxtisaslı bir həkim olmaqla yanaşı, elmi tədqiqatlarla da məşğul olmaq, innovativ müalicə üsullarını öyrənmək və tətbiq etmək istəyirəm. Bu sahədə yenilikləri izləmək və biliklərimi daim artırmaq əsas məqsədlərimdəndir. Həmçinin, tibbi savadlılığı cəmiyyətdə artırmaq da planlarım arasındadır. İnsanlara sağlam həyat tərzini aşılamaq və profilaktik tədbirlərlə bağlı maarifləndirmək istəyirəm. Gələcəkdə həm praktik, həm də elmi sahədə aktiv olmaq niyyətindəyəm.

-Müsahibəyə görə təşəkkür edirik və gələcək fəaliyyətinizdə və həyatınızda uğurlar arzulayırıq.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
43
ikisahil.az

1Источники