RU

Məktəblərin “yeni ili” başlandı

Paytaxtın təhsil ocaqları bu ildən “rəqəmsal məktəb” kimi fəaliyyət göstərəcək

Artıq yeni dərs ili başlayıb. Həm məktəblilər, həm də tələbələr üçün xüsusi əhəmiyyət kəsb edən 15 Sentyabr Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanı ilə ölkəmizdə Bilik Günü kimi qeyd olunur. Bu gün minlərlə şagird ilk dəfə məktəb həyatı ilə tanış olur, tələbə adını qazanmış yüzlərlə abituriyent isə yeni mərhələyə qədəm qoyur.

Bu il, təxminən, 2,2 milyon şagird və tələbə təhsilin müxtəlif pillələri üzrə yeni tədris ilinə başlayıb. Ümumtəhsil müəssisələrində, təxminən, 130 mini 1-ci, 160 mini 9-cu, 117 mini isə 11-ci sinif olmaqla 1,6 milyon şagird təhsil alacaq. Yeni dərs ilinin başlanması münasibətilə paytaxtda və bölgələrdə təntənəli tədbirlər keçirilib. Məktəblərin həyətlərində üçrəngli bayrağımız dalğalanıb, Dövlət Himni səsləndirilib. Ümumtəhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində isə bu il 505 min 766 şagird təhsil alacaq. Minlərlə müəllim və pedaqoji heyət şagirdlərin bilik, bacarıq və dünyagörüşünün formalaşması üçün çalışacaq. Paytaxtın ümumtəhsil məktəblərində I sinifdə 39 min 622, IX sinifdə 47 min 438, X sinifdə 35 min 134, XI sinifdə 124 şagird təhsil alacaq.

Yeni tədris ilində məktəbəhazırlıq qruplarında 90 minə yaxın uşaq təhsilə cəlb olunub. Bunlardan 21 min 491-i paytaxtın payına düşür.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin məlumatlarına əsasən, bu il məktəbəqədər təhsil 226 min uşağı əhatə edir. Paytaxtın təhsil ocaqlarına isə 35 min 28 uşaq cəlb olunub. Bakıdakı təhsil müəssisələrində 28 min 127 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 4 min 149 tərbiyəçi-müəllim çalışır. Qeyd edək ki, BŞTİ-nin tabeliyində 673 təhsil müəssisəsi, 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Universitetlərdə isə mənzərə fərqlidir: tələbə adını qazanan gənclər ilk dəfə auditoriyaya qədəm qoyur, yeni dostlar və mühitlə tanış olurlar. Onlar üçün sentyabrın 15-i həm də gəncliyin, müstəqil həyatın, məsuliyyətli qərarların başlanğıcı deməkdir. 2022-2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyasına əsasən, ali təhsilin bütün səviyyələrinə 75 min tələbənin qəbul olunması proqnozlaşdırılır.

Yeni tədris ilindən Bakı məktəblərində jurnallar ləğv edilir və “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayır. Beləliklə, 2025–2026-cı tədris ili Azərbaycanda böyük ümidlərlə başlanıb. Hər bir şagirdin uğuru, hər bir tələbənin nailiyyəti bütövlükdə ölkəmizin inkişafına xidmət edəcək.

15 Sentyabr – Bilik Günü isə bütün bu dəyərləri özündə birləşdirən, təhsilin gücünü simvolizə edən əlamətdar gündür. Ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar genişmiqyaslı xarakter daşıyır. Məktəblərdə aparılan əsaslı təmir və yenidənqurma işləri, müasir tədris avadanlıqlarının tətbiqi, yeni dərsliklərin istifadəyə verilməsi bu sahədə keyfiyyəti yüksəldir.

Gənc müəllimlərin sertifikasiyadan keçirilməsi isə pedaqoji kadrların peşəkarlıq səviyyəsini artıraraq şagirdlərin təlim-tərbiyəsində mühüm nəticələrə zəmin yaradır. Rəqəmlər də əldə olunan nəticələri təsdiqləyir. Elm və Təhsil Nazirliyinin məlumatlarına görə, 2023–2024-cü tədris ilində ölkə üzrə 1,6 milyondan çox şagird təhsil alıb və onların inkişafı ilə 150 mindən artıq müəllim məşğul olub.

2024-cü ildə məktəbəqədər təhsil müəssisələrində çalışan 11 min 218 nəfər tərbiyəçi-müəllimin ilk dəfə diaqnostik qiymətləndirilməsi keçirilib. Son bir neçə il ərzində məktəbəqədər təhsil müəssisələrinə 800-ə yaxın tərbiyəçi-müəllim, 81 nəfər direktor təyin olunub, məktəbəqədər təhsil üzrə kadr potensialının yaxşılaşdırılması məqsədilə 10 minə yaxın pedaqoji heyət üçün ixtisasartırma təlimləri təşkil edilib.

Dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin hər il artırılması da bu sahənin prioritet olduğunun göstəricisidir. Belə ki, 2024-cü ilin dövlət büdcəsində təhsil xərcləri ümumi xərclərin təxminən 12 faizini təşkil edib.

“Təhsil haqqında” Qanunun 14-cü maddəsində dövlətin təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə məsuliyyət daşıdığı nəzərdə tutulub. Bu gün həyata keçirilən yenidənqurma layihələri, məktəblərin müasir tələblərə uyğunlaşdırılması və müəllimlərin peşəkarlığının artırılması həmin müddəanın real həyatda icra olunduğunu nümayiş etdirir.

Ləman TƏHMƏZ
XQ

Избранный
19
1
xalqqazeti.az

2Источники