RU

Sosioloq: 55 uşağın bir sinifdə oxuması təhsilin keyfiyyətini aşağı salır

"Birinci sinifə gedən uşaqların sayındakı azalma, bağça yaşlı uşaqların sayındakı dəyişiklik əslində əhalinin demoqrafik artımının azalmasının göstəricisidir".

Bu fikri AzEdu.az-a açıqlamasında sosioloq Lalə Mehralı söyləyib.

Onun sözlərinə görə, bu gün dünyaya gələn uşaqların sayındakı azalma və artımın durğunluğu özünü bu yolla da göstərir:

167930

"Məktəbə və bağçaya gedən uşaqların sayının azalması, ailələrin bir və ya iki uşaqla kifayətlənməsi - bütün bunların əsas səbəbi doğum sayının aşağı düşməsidir. Bu isə gələcəkdə ölkədə sosial, mədəni və ictimai problemlərə səbəb ola bilər. Amma düşünmürəm ki, bu azalma hazırda peşə və ya işlə bağlı ciddi problemlərə gətirib çıxarsın. Əlbəttə, irəlidə müəyyən təsirləri ola bilər, amma bu gün müəllim sayı kifayət qədərdir. Hər il minlərlə gənc müəllim peşə fəaliyyətinə başlamaq potensialına malikdir.

Buna baxmayaraq, məktəblərdə müəllim və sinif otağı çatışmazlığı hələ də mövcuddur. Məsələn, 40 uşağı bir sinifə yığıb bir müəllimin öhdəsinə buraxmaq daha doğrudur, yoxsa 20-22 nəfərlik iki sinif yaratmaq və iki müəllimlə dərsi təşkil etmək? İkinci variant həm təhsilin keyfiyyətini artırar, həm müəllimlərin işlə təmin olunmasını yaxşılaşdırar, həm də uşaqlarla fərdi işləmək imkanını genişləndirər. Çünki bir müəllimin 40 uşağı idarə etməsi çox çətindir. Belə olan halda müəllim vaxtını uşaqların sakitliyini təmin etməyə sərf edir və nəticədə tədrisin keyfiyyəti aşağı düşür.

Digər tərəfdən, hazırda bir çox müəllim işsizdir. Vakant yerlər çıxarılmır və bu da problemdir. Halbuki məktəblərdə kifayət qədər yer və uşaq var, amma vakansiya sayları yetərli deyil. Bəzi məktəblərdə 55 uşaq bir sinifdə dərs alır. Bu isə çox ağır və xaotik bir mühit yaradır. Əvəzində siniflərin sayını artırmaq, şagird sayını azaltmaq və daha çox müəllimi işə cəlb etmək lazımdır.

Eyni zamanda, universitetlərdə müəllimlər hazırlanır, amma bu müəllimlər vakansiyalara yerləşdirilə bilmir. Çünki yetərincə vakant yer təqdim olunmur".

Избранный
14
azedu.az

1Источники