RU

Yanacaqdoldurma məntəqəsində dava edən şəxsə cəza verildi

İmişli Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Zamin Budaqovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Orxan Mahmudun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 3 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttihama görə, 2024-cü il oktyabrın 12-də, saat 16 radələrində təqsirləndirilən Zamin Budaqov qohumu ilə birlikdə “Lada Priora” markalı avtomobildə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq zərərçəkmiş Qismət Malikovun (adı, soyadı şərtidir) idarə etdiyi “KamAZ” markalı yük avtomobilinə qarşı qəza vəziyyəti yaradıb. Sonradan onlar İmişli rayonunun Telişli kəndində yerləşən “Nuroil” yanacaqdoldurma məntəqəsinə daxil olublar.

 

Orada zərərçəkmiş hadisə ilə bağlı etiraz etdikdə, təqsirləndirilən şəxs ictimai yerdə kobudluq edərək ona hücum edib. O, Qisməti yerə yıxaraq sifətinə yumruq vurub, nəticədə zərərçəkmişin üz sümükləri və burun sümüyü sınıb, digər xəsarətlər alıb.


Hadisə yerində olan məntəqə sahibi ictimai qaydanı bərpa etməyə çalışanda Zamin ona da hücum edib. Təqsirləndirilən şəxs onu bir neçə dəfə yıxmağa cəhd göstərib, daha sonra pilləkənlərdən itələyərək yerə yıxıb. Nəticədə həmin şəxsin ayağı sınıb və digər xəsarətlər alıb.


Beləliklə, təqsirləndirilən şəxs ictimai yerdə xuliqanlıq niyyəti ilə hərəkətlər törədərək həm zərərçəkmişə, həm də ictimai qaydanı qorumağa çalışan şəxslərə qarşı zorakılıq edib və onların sağlamlığına zərər vurub.


Kamal Məmmədov 

Tarix: 16 Sentyabr 2025, 08:10   
Избранный
49
pravda.az

1Источники