Bakı Dövlət Universitetində (BDU) Tələbə İnkişaf Mərkəzi fəaliyyətə başlayıb. Açılış mərasimində BDU rəhbərliyi, Elm və Təhsil Nazirliyinin, Milli Məclisin, Universitetin İctimai Nəzarət Şurasının nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
QHT.az xəbər verir ki, rektor Elçin Babayev bildirib ki, 106 illik BDU ənənələrini qoruyaraq yeni uğurlarla inkişaf edir. 2025/2026-cı tədris ilində bakalavriat səviyyəsinə 5300-ə yaxın, magistraturaya isə 1100 nəfər qəbul olunub. Onun sözlərinə görə, Tələbə İnkişaf Mərkəzi tələbələrin şəbəkələşməsinə, ideyaların müzakirəsinə və sosial həyatlarının zənginləşməsinə şərait yaradacaq. BDU-da artıq COP29 çərçivəsində açılmış “Ekoməkan”, “Tələbə məkanı”, “Ekoenerji məntəqəsi” kimi tələbəyönümlü məkanlar da fəaliyyət göstərir.
Rektor qeyd edib ki, universitetin tədris və tədqiqat infrastrukturu yaxın illərdə daha da yenilənəcək.