RU

Netanyahu çıxılmaz vəziyyətdə qalıb - POLİTOLOQ

Əməliyyat fiasko ilə bitdi

İsrail baş naziri Qətərdən sonra ikinci dəfə əməliyyatı "əl-üzünə bulaşdırıb"

"Qətər hər şeyin tam ortasında olduqları üçün çox çətin həyat sürürlər. Ancaq ABŞ-nin böyük müttəfiqidirlər və biz onlarlayıq". Bu sözləri ABŞ Prezidenti Donald Tramp Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman əs-Sani ilə görüşündən sonra mətbuata olan açıqlamasında bildirib. Tramp vurğulayıb ki, onlar Qətərlə bağlı çox diqqətli olmalıdırlar: "HƏMAS-la bağlı bir şey etməlidirlər, lakin Qətər bizim böyük müttəfiqimizdir. Ona görə də İsrail və başqa hər kəs bu mövzuda ehtiyatlı davranmalıdır. Bir yerə hücum edəndə diqqətli olmalıdırlar". İsraildə səfərdə olan ABŞ Dövlət katibi Mark Rubio Baş nazir Benyamin Netanyahu ilə birgə "ağlama divarı"nı (Qərb divarını) ziyarət edib. Bu barədə B.Netanyahu Teleqram kanalında məlumat yayıb. Bildirib ki, yəhudi xalqının və İsrail dövlətinin əsl dostu olan ABŞ Prezidenti Donald Trampın adından girovlar üçün dua ediblər. Siyasətçi vurğulayıb ki, Amerika-İsrail ittifaqı Qərb divarının daşları qədər güclü və davamlıdır. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə bildirib ki, İsrailin hərəkətləri Fələstin ərazilərindən kənara çıxıb və regional ekspansionizmə çevrilib. Onun sözlərinə görə, məsələ təkcə Fələstinə və İsrailə aid deyil: "Bu, təkcə İsrailin Fələstini işğalı, Qəzzadakı soyqırımı problemi ilə məhdudlaşmır. Bu aspektlərlə yanaşı, hazırda məsələ İsrailin bölgədəki ekspansionizminə aiddir". Onun sözlərinə görə, İsrail ekspansionizmi məsələsi aydın formalaşdırıldıqdan sonra ərəb və islam ölkələri birləşməli və bu yeni problemin həllini tapmalıdır: "Bizim regional təhlükəsizliyimiz daha güclü institusional təməl üzərində qurulmalıdır. Regionda heç kim heç kimin təhlükəsizliyinə təhdid yaratmamalıdır. Lakin İsrailin indiki aqressiv siyasəti bütünlüklə buna yönəlib. Əmin ola bilərsiniz ki, bu gün keçirdiyimiz nazirlərin görüşündə bu məsələlər geniş müzakirə olunub və sabah liderlərin görüşündə də qaldırılacaq". Qeyd edək ki, İsrailin hücum öncəsi xəbərdarlığından sonra 300 mindən çox sakin Qəzzanı tərk edib. Məlumata əsasən, 300 mindən çox fələstinli Qəzza şəhərindən zolağın digər ərazilərinə təxliyə edilib. Qeyd olunub ki, şəhərdə 1 milyona yaxın insan yaşayır və hərbçilərin fikrincə, evakuasiya gözlənildiyindən də ləng gedir. Bu arada Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman əs-Sani də vurğulayıb ki, İsrailin hücumları Qətərin vasitəçilik səylərini dayandırmayacaq: "İsrailin hərəkətləri Qətərin Qəzzada münaqişənin həllinə yönəlmiş vasitəçilik səylərini davam etdirməsinə mane olmayacaq".

Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, Türkiyə kəşfiyyatının Qətərdə HƏMAS liderliyini "8 minute" əməliyyatı ilə xilas etməsindən sonra İsrailin Rusiyaya qarşı əməliyyatı da fiasko ilə nəticələnib. Ekspert vurğulayıb ki, Rusiyanın İrana dəstək verməsindən və Suriya ilə əlaqələri yenidən qurmaq cəhdindən əsəbiləşən Benyamin Netanyahu İsraildə kabinetin gizli iclasını çağırıb: 

"Baş nazir göstəriş verib ki, Rusiyaya qarşı əməliyyat keçirilsin, ölüm-itim olmasın, amma Rusiya əlçatmaz olmadığını başa düşsün. Bundan sonra MOSSAD və "Aman"ın birgə əməliyyatı ilə Rusiya diplomatik nümayəndəliyinə hücum edilib, mühafizəçi yaralanıb. ABŞ daha əvvəl Netanyahunun planlarından xəbər tutsa da, səssiz xəbərdarlıq verilməsi ilə bağlı tövsiyələr verib. Lakin Netanyahu öz əməlindən geri durmayıb. Rusiyanın cavabı özünü çox gözlətməyib. Putin təhlükəsizlik şurasının iclasını çağırıb və “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Moskvadakı nümayəndəliyi bağlanılıb. Bu təşkilat Sovet İttifaqından yəhudi əsilli (qohumluğu olan) şəxslərin İsrailə repatriasiyası ilə məşğul idi. Qanunsuz elan olunaraq bütün bank hesabları dondurulub və fəaliyyəti qadağan olunub. Üstəlik, İsrail saytları "xarici agentlər"lə bağlı siyahıya salınaraq ölkədə qadağan edilib. Nəticədə B.Netanyahu çıxılmaz vəziyyətdə qalıb. Netanyahu hökuməti ideoloji olaraq repatriasiya və onların Fələstinə yerləşdirilməsi üzərinə qurulub. Plana görə, daha 50000 yəhudi köçürülməli idi. Digər məsələ odur ki, hazırda Netanyahunun ultra-sağ kabinet ortaqları çox narazıdırlar. Köçməli insanların qohum-əqrəbası indi mitinq keçirir, qohumlarını gözləyirlər. Müxalifət isə bu situasiyadan istifadə edir. Yair Lapid Netanyahunu yəhudi xalqının taleyi ilə oynamaqda ittiham edib. ABŞ də çıxılmaz vəziyyətdə qalıb. Bir tərəfdən Netanyahunu kontrolsuz güc istifadə etdiyinə görə qınayır, digər tərəfdən Mark Rubio repatriasiyaya humanitar məsələ kimi baxmağa, siyasi məsələ etməməyə çağırır. Almaniya, Fransa və İtaliya vasitəçilik təklif etsə də, Putin qəti rədd cavabı verib. Məsələyə, BMT də qarışıb. Qısası, İsrail baş naziri Qətərdən sonra ikinci dəfə əməliyyatı "əl-üzünə bulaşdırıb".
Избранный
82
47
sherg.az

10Источники