Elşən Manafov: “Türkiyənin Suriyadakı nüfuzu və təsir imkanları hələlik İsraili məmnun etmir”
Son vaxtlar İsrailin ard-arda bir neçə ölkəyə hücumlarından sonra bu ölkə mediasında və siyasi çevrələrində növbəti hədəfin Türkiyə olacağına dair müzakirələr başlayıb. İsrail mediasına görə, Qətərə hücumdan əvvəl hədəfdə Türkiyə olub və bununla bağlı planlar da hazırlanıb. Lakin son anda bundan imtina edilib və Doha vurulub.
Bu hücumdan sonra İsrail mediasında növbətin hədəfin Türkiyə olacağı ilə bağlı müzakirələr daha da qızışıb. Ancaq İsraildə də etiraf edirlər ki, Türkiyə İsrailin hədəfi olan digər ölkələr kimi belə bir hücumu cavabsız buraxmaz, Təl-Əvivin kiçik bir həmləsi böyük və dağıdıcı bir müharibəyə çevrilə bilər.
İsrailin "Haaretz" qəzeti də "Qətərdən sonra İsrailin növbəti hədəfi Türkiyə ola bilər. Nəticələri? Fəlakət!" başlıqlı analitik yazısında etiraf edib ki, Türkiyənin yerüstü gücü və bölgədəki nüfuzu Təl-Əviv üçün ciddi problem yaradacaq. Qəzetin yazdığına görə, son vaxtlara qədər Türkiyə ilə İsrail arasında silahlı münaqişə ehtimalı çox uzaq görünürdü. Bununla belə, qəzet münaqişə toxumlarının illərdir səpildiyini, Ankaranın HƏMAS-a açıq dəstəyinin və Suriyadakı təsirinin İsraili narahat etdiyini yazır. İsrailin Qətərdə HƏMAS liderlərinə hücumunun Ankaraya xəbərdarlıq olduğu iddia edilir. Qeyd edilir ki, əgər İsrail Dohada bu hücumu reallaşdıra bilirsə, onun Türkiyədəki HƏMAS elementlərini də hədəf almayacağına zəmanət yoxdur. Qəzet yazır ki, Türkiyə ilə İsrail arasında müharibə risqi Suriyada nüfuz mübarizəsindən qaynaqlanır.
Maraqlıdır, İsrail-Türkiyə müharibəsi hansı şərtlər daxilində gerçək ola bilər?
“Ancaq bu gərginliyin tərəflər arasında müharibəyə gətirib çıxaracağını düşünmürəm”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Elşən Manafov buna bir neçə prizmadan yanaşdı: “İsrailin baş naziri Benyamin Netanyahu Qətərin paytaxtı Dohaya hücumdan sonra Fələstinin HƏMAS hərəkatını dəstəkləyən qüvvələrə, o cümlədən, HƏMAS-ın liderlərinə sığınacaq verən dövlətlərə müraciət edib. Onları terrorçuları himayə etmək mövqeyindən imtina etməyə çağırıb. Əks halda bu qüvvələrə qarşı İsrailin özünün tədbirlər görəcəyini bəyan edib. Məlumdur ki, bu açıqlama ilk növbədə rəsmi Ankaraya, habelə bir sıra ərəb dövlətlərinin siyasi elitalarına yönləndirilib. Rəsmi Ankara Doha kimi HƏMAS liderlərinə siyasi sığınacaq vermiş hökumətlərdən olmaqla, HƏMAS-ı İsrail, habelə Avropa İttifaqı və ABŞ-dan fərqli olaraq terror təşkilatı kimi qəbul etmir. Əksinə, onun Qəzza əhlini təmsil etməyə haqqı olan siyasi, legitim təşkilat olduğunu bildirir. Aİ-nin Fələstin məsələsinin həllinə fərqli münasibəti də məhz bundadır. Zira Avropa yalnız Fələstin Azadlıq Təşkilatını legitim siyasi tərəf kimi qəbul edir və danışıqların onunla aparılmasının tərəfdarıdır. Bu isə özlüyündə Fələstin probleminin həllində ciddi siyasi çəkiyə malik faktor deyil. Çünki Qəzzalılar FAT-a deyil, HƏMAS-a mandat verib. Onun bölgə seçicilərinin maraqlarını təmsil etməyə haqqı olduğunu bəyan edirlər. Bu mənada Fələstinin gələcək idarəediciliyi ilə baglı məsələlərdə FAT və HƏMAS arasında ciddi fikir ayrılığı var və bu faktor hazırkı şəraitdə İsrailin xeyrinə işləyir”.
Politoloqun fikrincə, Ankara, bir sıra tərəflərdən fərqli olaraq, Fələstin problemini HƏMAS-ın mövqe və maraqlarını nəzərə almadan həll etməyin qeyri-mümkünlüyünü bildirir: “Bu, bir sıra tərəflərin qeyd etdiyi kimi problemin həllinə dair "iki millət və iki dövlət" prinsipini ehtiva etmir. Çünki bu model yalnız FAT-ın tərəf-müqabil kimi qəbul olunmasını nəzərdə tutur. Maraqlıdır ki, Qətər məlum insidentə qədər İsrail və Fələstin arasında danışıqlarda vasitəçi rol oynayıb. Qətərə zərbə endirməklə, Netanyahu hökuməti danışıqlara olan gerçək mövqeyini ortalığa qoymuş olub. Ən maraqlısı isə ABŞ-ın məlum hadisəyə münasibətdə sərgilədiyi mövqedir. İsraildə rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi M.Rubio bu zərbələri ABŞ-ın qınadığını, bununla belə baş verənlərin ABŞ-ın İsraillə münasibətlərinə heç bir vəchlə təsir etməyəcəyini söyləyib. Bu isə İsraili növbəti hədəflərə zərbə vurmağa həvəsləndirmək deməkdir. İsrail və Türkiyə hərbi gücə, iqtisadi potensiala, insan resurslarına, bölgədəki proseslərə təsir imkanları baxımından fərqli gücə malikdirlər. Onların hər ikisi ilə əməkdaşlıq ABŞ üçün ciddi strateji və geosiyasi əhəmiyyətə malikdir. Lakin Qətərdə ABŞ hərbi bazaları var. Ağ Ev isə buna baxmayaraq ona İsrailin hücum edəcəyi ilə bağlı xəbəri çatdırmağa tələsməyib. Rəsmi Ankara isə Suriyadakı hərbi, siyasi uğuruna ABŞ-la razılaşdırılmış şəkildə imza atıb. Türkiyənin Suriyadakı nüfuzu və təsir imkanları hələlik İsraili məmnun etmir. Bölgədə nüfuz dairəsi uğrunda mübarizədə tərəflər fərqli səngərlərdə qərar tutublar. Türkiyə İsrailin druzlar, habelə yezidi kürdləri vasitəsilə Suriyada mövqelərini gücləndirmək üçün atdığı addımları diqqətlə izləyir. Bundan əlavə, İsrail ayrı-ayrı ərəb siyasi elitalarının Ərdoğanın "2-ci Osmanlı" layihəsini siyasi qısqanclıqla qarşılamasının da mahiyyətinə varır. Bütün bunlar tərəflər arasında münasibətlərdə partlayışın olacağını söyləməyə əsas verir. Bununla belə, İsrail onun enerji təhlükəsizliyində Türkiyənin oynadığı rolu nəzərə almaq məcburiyyətindədir. İsrailin suya olan tələbatında Türkiyə faktoru var. Bununla yanaşı İsrailə nəql olunan neft də Türkiyə ərazisi ilə bu ölkəyə çatdırılır. Yəni Türkiyə tranzit ölkədir. Qəbul olunacaq siyasi qərara təsir etmək imkanları olan paytaxtlar fərqli olsalar da, onların arasında Vaşinqton və Londonun olacağı birmənalıdır. Ancaq bu gərginliyin tərəflər arasında müharibəyə gətirib çıxaracağını düşünmürəm”.
Vidadi ORDAHALLI