RU

"Azərkosmos" və BƏƏ şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

BAKI, TurkicWorld

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "SS Creative Solutions FZE" şirkəti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

TurkicWorld "Azərkosmos"a istinadən xəbər verir ki, bu, Niderland Krallığının Amsterdam şəhərində keçirilən dünyanın ən iri media, peyk və yayım texnologiyaları sərgi-konfranslarından biri olan "IBC 2025" çərçivəsində baş tutub.

Müqaviləyə əsasən, Pakistan ərazisində televiziya yayımı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində video yayımı (video distribution) xidmətləri Azərkosmosun peyk resursları vasitəsilə təmin olunacaq.

Peyk xidmətləri, texnologiya, innovasiya və yayım sahələrini əhatə edən bu beynəlxalq platformada 170 ölkədən 50 mindən çox nümayəndə iştirak edib. Azərkosmos da bu nüfuzlu tədbirdə iştirak edərək öz məhsul və xidmətlərini təqdim edib.

Sərgi iştirakçılarına Azərkosmosun Afrika regionunda 10 illik fəaliyyəti, eləcə də yüksək sürətli və etibarlı rabitə imkanları təqdim edən "Azconnexus" məhsulu haqqında ətraflı məlumat verilib.

Tədbir çərçivəsində Azərkosmos nümayəndələri müxtəlif ölkələrdən olan sənaye tərəfdaşları ilə bir sıra ikitərəfli biznes görüşləri və işgüzar müzakirələr keçirib. Bu görüşlər peyk və yayım texnologiyaları sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində yeni imkanlar yaradıb.

Избранный
27
4
turkic.world

5Источники