RU

Hakan Fidan İrəvana şərt qoydu: “İmzalayın”

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanla Azərbaycan arasında gözlənilən razılaşmanı şərh edərək Vaşinqtonda keçirilən son danışıqlarda yekun sənədin imzalanmadığını qeyd edib.

“Cebheinfo.az”-ın məlumatına görə, bu məsələnin Türkiyə üçün əsas şərt olduğunu deyib.

“Vaşinqtonda tərəflər yekun razılaşma imzalamayıb. İmzalanmanın 2026-cı ilin birinci yarısında baş tutacağını gözləyirik”, - deyə Fidan bildirib.

“Ermənistanla Azərbaycan arasında nəhayət saziş bağlanan kimi biz Ermənistanla münasibətləri ən qısa zamanda normallaşdıracağıq”, - deyə xarici işlər naziri əlavə edib.

Fidan bəyan edib ki, Türkiyə Ermənistan-Azərbaycan nizamlanmasının başa çatmasını Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesində irəliləyiş üçün əsas şərt hesab edir.

Qeyd edək ki, Hakan Fidanın açıqlamasında iki mühüm mesaj diqqəti cəlb edir. Xarici işlər naziri ilk növbədə, bu bəyanatı Türkiyə və Ermənistan arasında münasibətlərin normalalaşması üzrə xüsusi nümayəndələrin sentyabrın 12-də keçirilmiş görüşündən sonra verməklə Ankaranın Azərbaycanın maraqlarını güzəştə getmək niyyətində olmadığını bildirir. 

Hakan Fidan demək istəyir ki, nə Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətinin paraflanması, nə də Türkiyə və Ermənistan diplomatlarının görüşü zamanı əldə edilmiş razılaşmalar sərhədlərin açılması üçün əsas ola bilməz. Bunun baş verməsi üçün Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması əsas şərt olaraq qalır. 

İkinci mühüm məqam Hakan Fidanın sülh müqaviləsinin imzalanması ilə bağlı dəqiq tarixi göstərməsidir. Yekun sülh sazişinin imzalanması üçün 2026-cı ilin birinci yarısının seçilməsi təsadüfi deyil. Bu, Türkiyənin Ermənistan qarşısında siyasi şərti kimi də başa düşülə bilər.

Yəni rəsmi Ankara Nikol Paşinyan hakimiyyətini 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər yekun sülh sazişini imzalamağa çağırır. Lakin sülh sazişinin imzalanması üçün Ermənistanda öncə referendum keçirilməlidir. 

Yəni rəsmi İrəvan Konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxartmalıdır. Bu baxımdan, Hakan Fidanın açıqlaması göstərir ki, Türkiyə Ermənistan qarşısında seçki prosesi başlayana qədər konstitusiyaya dəyişiklik edilməsi şərtini irəli sürür.

Yeni konstitusiya layihəsi artıq hazır olduğundan görünür, Türkiyə tərəfi onu ümumxalq səsverməsinə çıxartmağı mümkün hesab edir. Nikol Paşinyan hökuməti isə tələsmir və referenduma seçkidən sonra getmək niyyətindədir.

Türkiyə XİN rəhbərinin sözləri Ermənistanla aparılan danışıqlarda konstitusiya islahatının vaxtının dəyişdirilməsi məsələsinin müzakirə predmeti olduğu qənaətini yaradır. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
30
1
cebheinfo.az

2Источники