BAKI, 15 sentyabr. TELEQRAF
Bu ilin iyul ayında Avropa İttifaqı (Aİ) 1999-cu ilin oktyabrından bəri Rusiya boru kəməri qazı üçün ən aşağı ödənişi həyata keçirib.
Teleqraf TASS-a istinadən xəbər verir ki, iyulda Aİ ümumilikdə 995 milyon avro dəyərində boru kəməri ilə Rusiya qazı və mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib. Bu məbləğin yalnız 338 milyon avrosu boru kəməri ilə Rusiya qazının alınmasına sərf olunub ki, bu da son 26 ilin ən aşağı göstəricisidir.
Hazırda Rusiya qazının (boru kəməri ilə) Avropaya tədarükü üçün yeganə aktiv marşrut "Türk Axını" qaz kəməridir. Qaz alışında lider ölkələr Macarıstan (183 milyon avro) və Yunanıstandır (111 milyon avro).
Ümumilikdə, cari ilin yanvar-iyul aylarında Aİ Rusiya boru kəməri qazı üçün 3,2 milyard avro ödəyib. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin eyni dövründə bu göstərici 3,95 milyard avro təşkil etmişdi.
Cari ilin əsas qaz alıcıları Macarıstan (1,7 milyard avro), Yunanıstan (870 milyon avro), Slovakiya (388 milyon avro) və İtaliya (205 milyon avro) olub.