RU

Planetimizin yorğanı: ozon təbəqəsi

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ozon təbəqəsi bəşəriyyətin yaşaması üçün vacibdir, çünki Yerin stratosfer qatında yerləşərək günəşdən gələn ultrabənövşəyi (UV) şüaların böyük hissəsini udur və beləliklə, Yer üzərindəki həyatı zərərli təsirlərdən qoruyur. Bu şüaların sovrulması, insanlarda dəri xərçəngi və katarakt kimi xəstəliklərin, həmçinin digər canlılara zərərin qarşısını alır.

Ozon təbəqəsi bitkilərin böyüməsinə və su hövzələrindəki canlıların həyatına mənfi təsir göstərə biləcək UV radiasiyasını da məhdudlaşdırır. O həmçinin Yer səthinin temperaturunu tənzimləyir.

16 sentyabr bütün dünyada Beynəlxalq Ozon Qatının Mühafizəsi Günü kimi qeyd olunur. Bu gün ozon təbəqəsini dağıdan maddələrə dair imzalanan Monreal Protokolunun tarixinə həsr edilib və bütün dünyada ozon qatının mühafizəsi, onun zərərli təsirləri və bu problemə həsr olunan beynəlxalq təşəbbüslər müzakirə olunur.

Ozon qatı atmosferimizin çox kiçik bir hissəsini təşkil edir, lakin onun mövcudluğu insanın rifahı üçün vacibdir. Ozon təbəqəsi - bu nazik qaz qoruyucusu Yeri Günəş radiasiyasının müəyyən hissəsinin zərərli təsirlərindən mühafizə edir və bununla da planetdə həyatın qorunmasına kömək edir. Ozonun böyük hissəsi atmosferin yüksək qatında - troposfer və stratosferdə özünü göstərir və Yer səthindən 10-40 kilometr yüksəklikdə yerləşir. Stratosfer bütün atmosfer ozonun təxminən 90 faizini ehtiva edir. Əgər bir gün ozon tükənərsə, bu bütün biosfer üçün təhlükə yaranacaq deməkdir. Çünki ultrabənövşəyi şüalara məruzqalma həm insanlar, həm də başqa canlılar üçün təhlükəlidir.

Ötən əsrin 80-ci illərində alimlər Antarktikada ozonun ümumi tərkibinin 2 dəfə azaldığını kəşf etdilər. Elə o vaxtdan da Ozon dəliyi barədə məlumatlar dünyada müzakirə olunmağa başladı. Ozon təbəqəsinə təsir edən ən təhlükəli maddə fabrik və sənaye müəssisələrinin məhsulu olan xlor oksiddir. Monreal Protokolunun həyata keçirilməsi soyuducularda, kondisionerlərdə və digər istehlak mallarında ozonu məhv edən kimyəvi maddələrin 99 faizinin mərhələli şəkildə dayandırılmasına səbəb oldu. Ekspertlər hesab edirlər ki, Ozon təbəqəsinin qorunması səyləri də iqlim dəyişikliyi ilə mübarizə səylərinə öz töhfəsini verib. Həyata keçirilən tədbirlər sayəsində 1990-cı ildən 2010-cu ilədək atmosferə 135 milyard ton karbon qazının atılmasının qarşısı alınıb.

Ozon təbəqəsinə ən çox insan zərər verir. İnsan fəaliyyəti nəticəsində yaranan ozon dağıdıcı maddələr, xüsusilə də xlorftorkarbonlar (CFC) kimi kimyəvi cəhətdən stabil maddələr stratosferə çatır və ozon molekullarını parçalayaraq qatın dağılmasına səbəb olur. Xlor molekulları stratosferə çatdıqdan sonra, bir xlor molekulu on minlərlə ozon molekulunu parçalaya bilən güclü katalizatora çevrilir. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində atmosferdə bu ozondağıdıcı maddələrin (ODM) miqdarının artması ozon qatının dağılmasına səbəb olur.

Ozon təbəqəsinin dağılmasının qarşısının alınması məqsədilə 22 may 1985-ci il tarixində Vyana Konvensiyası imzalanıb. 1986-cı ildən başlayaraq, indiyədək ozon-dağıdıcı maddələrin istehlakında qlobal miqyasda xeyli azalma əldə edilib. 16 sentyabr 1987-ci ildə də Vyana Konvensiyasının Monreal Protokolu imzalanıb və həmin tarixdən etibarən hər il bu gün Beynəlxalq Ozon Təbəqəsinin Mühafizəsi Günü kimi qeyd olunur.

Monreal Protokolu vasitəsilə Yer kürəsinin zərərli ultrabənövşəyi radiasiyaya məruz qalmasını azaltmaqla insan sağlamlığı və ekosistemlər qorunur. Eyni zamanda, ozon təbəqəsini məhv edən maddələrin qeyri-qanuni mənbələri meydana gəldikdə onları aradan qaldırmağa davam edərkən əldə edilən nailiyyətləri qorumaq lazımdır. 2019-cu il yanvarın 1-dən qüvvəyə minən Monreal Protokoluna Kiqali Düzəlişinin həyata keçirilməsi üçün də tam dəstək tələb olunur. Potensial istixana qazları olan hidrofluorokarbonları mərhələli şəkildə ləğv etməklə əsrin sonuna qədər qlobal temperatur artımını 0,4°C azaltmağa nail olmaq olar. Həmin tədbirləri mərhələli şəkildə həyata keçirməklə iqlim dəyişikliyi ilə mübarizədə irəliləyiş əldə etmək mümkündür.

Azərbaycan 1996-cı ildən “Ozon qatının qorunması haqqında Vyana konvensiyası”na, “Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu”na və bu protokola edilmiş düzəlişlərə dair Sazişə qoşularaq ozon qatının qorunması üçün üzərinə öhdəliklər götürüb ki, bu da sənaye müəssisələri və məişətdə ozondağıdıcı maddələrlə (ODM) təchiz edilmiş cihaz və avadanlıqların, əsasən də soyuducu və kondisionerlərin daha müasir texnologiyalarla əvəzlənməsindən, yaşıl iqtisadiyyata mərhələli keçidin təmin edilməsindən ibarətdir. Hazırda Azərbaycan həmin konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirən ölkələr sırasındadır. Ölkəmizdə Protokol çərçivəsində görülmüş tədbirlər nəticəsində ODM-lərdən istifadə Monreal Protokolu üzrə müəyyən edilmiş qrafikə uyğun olaraq mərhələlərlə istifadədən çıxarılıb, istehlak 271 tondan 0.016 tona qədər azalıb.

Ozon qatının tükənməsinə dair son elmi araşdırmalar göstərir ki, konvensiyanın icrası nəticəsində 2000-ci ildən bəri planetdə ozon təbəqəsinin hissələri on il ərzində 1-3 faiz sürətlə bərpa olunur. Proqnozlaşdırılan sürətlə ozon qatı şimal yarımkürəsi və orta enliklərdə 2030-cu ilə, cənub yarımkürəsində 2050-ci ilə, qütb bölgələrində isə 2060-cı ilə qədər tamamilə bərpa oluna bilər.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
sesqazeti.az

1Источники