RU

Mingəçevir Dövlət Universitetində Bilik Günü təntənəli şəkildə qeyd olundu – Fotolar


2025-ci ilin 15 sentyabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) yeni tədris ilinin başlanmasına həsr olunmuş ənənəvi Bilik Günü tədbiri böyük coşqu ilə keçirilib.
Yeniavaz.com
xəbər verir ki, universitetin həyətində baş tutan mərasimdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Gənclər və İdman İdarəsinin, Mingəçevir şəhər Təhsil Sektorunun, Mingəçevir Bələdiyyəsinin rəhbərliyi, şəhid ailələrinin nümayəndələri, MDU-nun İctimai Nəzarət Şurasının üzvləri, akademik və inzibati heyət, tələbələr, magistrantlar, onların valideynləri və digər qonaqlar iştirak ediblər.
Tədbirə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələrinin qoyulması ilə start verilib. Daha sonra 2025/2026-cı tədris ilində ən yüksək balla MDU-ya qəbul olunmuş tələbələrin müşayiəti ilə Dövlət Bayrağı mərasimə gətirilib. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca isə Azərbaycan Respublikasının Dövlət Himni orkestr və universitetin xor kollektivinin ifasında səsləndirilib.
Bu il tədbirdə ilk dəfə olaraq Mingəçevir Dövlət Universitetinin Himni də səsləndirilib. Universitet statusunun 10 illiyinə həsr olunmuş himn orkestr və xorun ifasında böyük coşqu ilə təqdim olunub və tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbiri universitetin rektoru, dosent Anar Eminov açıq elan edib. O, əvvəlcə bütün iştirakçıları salamlayaraq Bilik Günü münasibətilə təbrik edib. Rektor çıxışında Ulu Öndər Heydər Əliyevin elm və təhsilə verdiyi yüksək qiyməti xatırladaraq, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
A. Eminov diqqətə çatdırıb ki, 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu münasibətlə MDU-da dövlətçilik, milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunun təbliği istiqamətində silsilə tədbirlər keçirilir. Rektor həmçinin 2025-ci ilin xalqımız üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb – çünki bu il Vətən Müharibəsində qazanılmış Zəfərin 5 illiyi tamam olur. Onun sözlərinə görə, bu şanlı qələbə gənclərin üzərinə daha böyük məsuliyyət qoyur və onları elm, təhsil və inkişaf yolunda daha əzmkar olmağa sövq edir.
Rektorun çıxışında universitetin uğurlarına da xüsusi yer verilib. Bildirilib ki, 2025/2026-cı tədris ilində MDU-ya rekord sayda – 1688 tələbə qəbul olunub. Onlardan 1420 nəfər bakalavriat, 166 nəfər magistratura, 102 nəfər isə əlavə təhsil pilləsində təhsil almağa başlayıb. Qəbul imtahanlarında yüksək nəticə göstərmiş 20 tələbəyə universitetin Elmi Şurasının qərarı ilə birdəfəlik təqaüd ayrılıb.
Rektor son aylarda universitetdə görülən yeniliklər barədə də danışıb. Təhsilin keyfiyyətinin artırılması, elmi fəaliyyətin genişləndirilməsi, tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi üçün görülən işlər, yaradılan yeni institutlar, beynəlxalq əməkdaşlıqlar və layihələr haqqında məlumat verib.

Rəsmi qonaqların çıxışları
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında universitetin şəhərin ictimai-mədəni həyatında mühüm yer tutduğunu qeyd edib. O, tələbələri elm yolunda əzmkar olmağa çağıraraq onların uğurlarının ölkənin inkişafına töhfə verəcəyini vurğulayıb.
Milli Məclisin deputatı Aydın Mirzəzadə isə gənclərin dövlətin gələcəyi üçün əhəmiyyətindən danışıb. O, tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunmasını vacib amil kimi dəyərləndirib və dövlətin hər zaman onların yanında olduğunu qeyd edib.

Şəhid ailələrinin nümayəndəsi və tələbələrin çıxışı
Tədbirdə şəhid Kənan Abdullayevin anası Azadə Abdullayeva çıxış edərək şəhidlərin daim uca tutulduğunu, onların yolunun gənclər tərəfindən şərəflə davam etdirildiyini bildirib. Onun səmimi sözləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Bundan başqa, MDU-ya ən yüksək balla – 638.8 balla qəbul olunmuş tələbə Şəbnəm Şirinova universitetin tələbə andını səsləndirib. Onun çıxışı yeni qəbul olunan tələbələrin universitet ailəsinə böyük həvəslə qoşulduğunu nümayiş etdirib.

Tələbələrin mükafatlandırılması və bədii hissə
Tədbirin ən yadda qalan anlarından biri qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrin mükafatlandırılması olub. 500-dən yuxarı bal toplamış abituriyentlər universitetin Elmi Şurasının qərarı ilə mükafatlarla təltif ediliblər.
Tədbir bədii hissə ilə davam edib. Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin vokal müəllimi Fərqanə Qasımova “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib və tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Beləliklə, Mingəçevir Dövlət Universitetində keçirilən Bilik Günü tədbiri əsl bayram ab-havası ilə yadda qalıb. Tədbirdə səsləndirilən çıxışlar, təqdim olunan musiqilər və tələbələrin mükafatlandırılması yeni tədris ilinə coşqu və ruh yüksəkliyi bəxş edib.








Избранный
43
38
yeniavaz.com

10Источники