RU

Qərbi Azərbaycan İcması bəyanat yaydı: bu təşkilat bizə aid deyil!

Bu gün bir sıra media orqanlarında Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan TV ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Təəssüf ki, həmin yazılarda ictimaiyyət arasında yanlış təsəvvür formalaşdırmağa yönəlmiş ifadələrə yer verilib.

Qərbi Azərbaycan İcmasından 7Times.az-a bildirilib ki, məqalələrdə adı çəkilən “Qərbi Azərbaycan İcması (TV)” adlı heç bir təşkilat mövcud deyil. Burada məqsədli şəkildə adın təhrif edilməsi ilə İcmaya bağlı olmayan səhifələr üzərindən çaşqınlıq yaratmağa cəhd göstərilib.

Qeyd olunub ki, Qərbi Azərbaycan TV yayımlarında yalnız İcmanın rəsmi loqosundan istifadə edir. Bununla belə, sosial şəbəkələrdə eyni adda, lakin rəsmi status daşımayan səhifələr mövcuddur. Təəssüf ki, bəzi saytlar mənbəni dəqiqləşdirmədən həmin səhifələrin paylaşımlarını əsas götürərək ictimaiyyəti yanlış məlumatlandırıb.

“Qərbi Azərbaycan İcmasının belə süni münaqişələrə cəlb olunmasını yolverilməz hesab edirik. Bu cür addımlar həm ictimai rəyə zərər vurur, həm də milli maraqlarımıza xələl gətirir. Ona görə də media qurumlarını məsuliyyətli olmağa, milli maraqlara zidd olan təhriflərdən və yanlış təqdimatlardan çəkinməyə çağırırıq”, – deyə açıqlamada vurğulanıb.

Qərbi Azərbaycan İcmasının mövqeyi bir daha diqqətə çatdırılıb: milli birliyimizi zəiflədən və məqsədli şəkildə qarışıqlıq yaradan hər hansı addım qətiyyətlə pislənilir.

Rəsmi məlumat və xəbərlər yalnız Qərbi Azərbaycan İcmasının təsdiqlədiyi kanallar və səhifələr vasitəsilə yayılır.

Избранный
47
19
7times.az

10Источники