Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yeni tədris ilinin başlanması münasibətilə təntənəli “Bilik Günü” mərasimi keçirilib. Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
AzEdu.az xəbər verir ki, mərasim müasir, müstəqli dövlətimizin qurucusu ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. unun ardınca universitetin rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək yeni tələbələri və onların valideynlərini təbrik edib.
Rektor bildirib ki, bu il ayrılmış 2 600 plan yerindən 2 554-ü tutulub və qəbul 98,2% yerinə yetirilib. Ən yüksək nəticəni isə 648,6 balla Memarlıq ixtisasına qəbul olunan tələbə – Nuranə İbrahimova göstərib. Bu il magistratura pilləsində isə ən yüksək nəticə 89,5 balla Sənaye və mülki tikinti ixtisaslaşmasına qəbul olunan Çingiz Qəşəmliyə məxsus olub. Bu göstəricilər gənclərin universitetə etimadını və AzMİU-nun təhsil sahəsində nüfuzunu bir daha təsdiqləyir.
Professor Gülçöhrə Məmmədova 2025-2026-cı tədris ilinin universitet üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu il AzMİU-nun 50 illik yubileyi, eyni zamanda Azərbaycanda memarlıq və inşaat təhsilinin 105 illiyi qeyd olunacaq. Rektor bildirib ki, bu yubileylər universitetin keçdiyi inkişaf yoluna nəzər salmaqla yanaşı, gələcək nəsillərin qarşısında böyük məsuliyyətlər və hədəflər formalaşdırır.
Universitetin tarixinə toxunan rektor xatırladıb ki, ali məktəbin əsası 1975-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulub və həmin vaxtdan etibarən AzMİU mühüm inkişaf yolu keçib. Son illərdə isə Prezident İlham Əliyevin təhsilə diqqət və qayğısı nəticəsində universitetdə müasir laboratoriyalar və elmi mərkəzlər istifadəyə verilib, maddi-texniki baza əhəmiyyətli dərəcədə gücləndirilib.