RU

Depressiyaya düşən insanı ilk addımda necə yönləndirmək lazımdır?

"Depressiya yaşayan bir insanın yaxınları üçün ilk dəstək mərhələsi çox önəmlidir". 

Bu sözləri psixoloq Ülviyyə Ağazadə Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, düzgün yanaşma ilə depressiya vəziyyətinin pisləşməsinin qarşısı alına və psixoloji yardım almağa yönləndirə bilər:

"Bu mərhələdə əsas prinsip empatiya, təhlükəsizlik və yumşaq təşviqdir. İnsan depressiya içində olanda ona "güclü ol", "daha yaxşı ol" və ya "boş ver" kimi ifadələr demək onun durumunu daha da çətinləşdirə bilər. Yaxınlar onun hisslərini qəbul etdiklərini və başa düşməyə çalışdıqlarını göstərməlidirlər". 

381907

Ekspert qeyd edib ki, bu məqsədlə aktiv qulaq asmaq çox önəmlidir:

"İnsan danışmaq istədiyi zaman fasiləsiz və diqqətlə qulaq asmaq, qısaca "səni başa düşürəm" və "bu çətin ola bilər" kimi təsdiqləyici ifadələrdən istifadə etmək ona dəyərli hiss etdirir. Bəzən hətta bu cür ifadələr qıcıqlandırıcı ola bilər. Ona görə səbr və yumşaq yanaşma vacibdir.

Gündəlik kiçik rutinlərin qorunması da depressiya ilə mübarizədə əhəmiyyətlidir. Yüngül fiziki fəaliyyət, qısa gəzintilər, sağlam qidalanma və yuxu rejiminin qorunması depressiyanın təsirlərini azalda bilər. Məsələn, hər gün 10-15 dəqiqəlik qısa gəzinti etmək, gün ərzində bir yüngül ev işi və ya kiçik məsələni birlikdə yerinə yetirmək, həm gündəlik ritmi qorumağa, həm də insanın öz bacarıqlarını görməsinə kömək edir". 

Ülviyyə Ağazadə diqqətə çatdırıb ki, yaxınlar onu psixoloqa müraciət etməyə yumşaq şəkildə təşviq edə bilərlər:

"Bu mərhələdə məcburiyyət əvəzinə dəstək və birlik önəmlidir. Məsələn, "sənin yanında olacağam, birlikdə gedə bilərik" demək onu qorxusuz və daha açıq edir. Praktik olaraq bir qrafik hazırlamaq faydalıdır. Hər gün kiçik bir addım atıla bilər. Psixoloqa ilk zəngi birlikdə etmək, həm motivasiya yaradır, həm də məsələni konkretləşdirir". 

Psixoloq sözlərini belə yekunlaşdırıb:

"Yaxınların məqsədi insanı dərhal "çox yaxşı" etməyə çalışmaq deyil. Onların əsas vəzifəsi dinləmək, başa düşmək, təhlükəsiz bir dəstək mühiti yaratmaq və empatiya ilə yanında olmaqdır. Sevgi, diqqət və davamlı dəstək bu mərhələdə ən güclü vasitələrdir. Belə yanaşma, depressiya yaşayan insanın özünü dəyərli hiss etməsinə, gündəlik həyatına qismən qaydasını bərpa etməsinə və peşəkar yardım almağına şərait yaradır".

Pərviz
 

Избранный
8
hit.az

1Источники