"Çempionlar Liqasında yarımfinala kimi irəliləmək istəyirik".
İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında minifutbol üzrə UEFA Çempionlar Liqasında iştirak edəcək "Aznur" komandasının baş məşqçisi Rəcəb Fərəczadə deyib.
Ötən mövsüm turnirdə 1/8 finala qədər irəlilədiklərini xatırladan mütəxəssis bu dəfə də komandasında inandığını bildirib: “Çempionlar Liqasında zəif komanda yoxdur. Bizim qrup çətindir. İspaniya, Çexiya və Qazaxıstan futbolda uğurlu olan ölkələrdir. Lakin biz də layiqincə mübarizə aparmaq istəyirik. Rəqibləri analiz edirik”.
O, legioner oyunçu transfer etməyəcəklərini söyləyib: “Hələlik belə davam edəcəyik. Yalnız bir əcnəbi gətirmişik. O da Bakıdakı dünya çempionatında Mavritaniya millisinin heyətində çıxış etmiş Mohamed Baqayokodur”.
Qeyd edək ki, "Aznur" komandası Çempionlar Liqasının G qrupunda "Almatı" (Qazaxıstan), "Ovyedo" (İspaniya) və "Hoverla Zak Praqa" (Çexiya) kollektivləri ilə mübarizə aparacaq.
İdman.biz