ABŞ prezidenti Donald Tramp Avropanı Rusiyaya qarşı kifayət qədər sərt sanksiyalar tətbiq etməməkdə ittiham edib...
Poliqon xəbər verir ki, o, bunu jurnalistlərlə söhbəti zamanı deyib.
Tramp vurğulayıb ki, ABŞ-ın sanksiyalarla bağlı gələcək addımları Avropa ölkələrinin öz məhdudlaşdırıcı tədbirlərini gücləndirib-gücləndirməməsindən asılı olacaq. ABŞ lideri deyib ki, NATO və Avropa Rusiyadan enerji almağa davam etdiyi üçün işlərini görmürlər.
"Baxın, Avropa mənim dostumdur, amma nefti Rusiyadan alırlar. Ona görə də gözləmək olmaz ki, yalnız biz tam güclə işləyək. Mən onların neft almasını istəmirəm", deyə Amerika lideri bildirib.
O, Avropanın Rusiyaya qarşı sanksiyalarının kifayət qədər sərt olmadığı iddiasını dilə gətirib:
"Mən sanksiyalar tətbiq etməyə hazıram, lakin onlar mənim etdiklərimə uyğun olaraq sanksiyaları gücləndirməlidirlər".
Rusiyaya təzyiqi artırmaq üçün növbəti addımlara hazır olub-olmaması ilə bağlı birbaşa suala cavab verən Tramp cavab verib ki, o, irəli getməyə hazırdır, ancaq Avropadan müvafiq tədbirlər görmək şərti ilə:
"İndi onlar ancaq danışırlar, amma hərəkət etmirlər. Bax, onlar Rusiyadan neft alırlar, biz Rusiyadan almırıq. Bu, sövdələşmə deyil".
Poliqon.info