Diyetoloq Solomatina soğanın ürək və damarlar üçün ciddi faydasını xatırlatdı.
E-saglam.az xəbər verir ki, Soğanı yalnız soyuqdəymədən qorunmaq üçün yemək lazım deyil — bu tərəvəz ürək və damar sağlamlığının qorunmasında da mühüm rol oynayır.
Diyetoloq Yelena Solomatina xatırladıb ki, soğanın tərkibində çoxlu C vitamini var. Bu element immun sistemini gücləndirmək, dəmirin mənimsənilməsini yaxşılaşdırmaq, həmçinin damarların elastikliyinə cavabdeh olan kollagenin sintezi üçün tələb olunur.
Amma bu, soğanın ürək-damar sistemi üçün vacib olmasının yeganə səbəbi deyil. Məhsul həm də güclü antioksidant olan kversetinin mənbəyidir. Kversetin kapilyarları möhkəmləndirir və tromb yaranma riskini azaldır.
Solomatina “Moskva 24”-ə müsahibəsində bildirib ki, xüsusən COVID-19 keçirən və tromboz riskinin artması ilə üzləşən insanlarda kversetinin müsbət təsiri daha çox nəzərə çarpır.
Soğanın bütün növləri unikaldır və hər birinin öz xüsusiyyətləri var. Məsələn, qırmızı soğanda ən çox kversetin və antioksidantlar olur, ağ və sarı soğanda isə kəskin respirator virus infeksiyalarından qorunmaq üçün antiseptik birləşmələr daha çoxdur. Maksimum fayda əldə etmək üçün pəhrizdə müxtəlif növ soğan növbə ilə istifadə olunmalıdır.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az