RU

ISW: Rusiya NATO ölkələrinə pilotsuz zərbələrlə reaksiyanı sınaqdan keçirir...

Məqsəd gələcək münaqişələrdə alyansın cavab imkanlarını öyrənməkdir...

Poliqon xəbər verir ki, ABŞ-nin Müharibələrin Öyrənilməsi İnstitutu (ISW) Rusiyanın NATO ölkələrinin hava məkanına pilotsuz uçuş aparatları ilə (PUA) hücum etməsinin əsas səbəbini alyansın müdafiə və reaksiyasını test etmək kimi qiymətləndirib. Analitiklərə görə, Moskva əldə olunan təcrübədən gələcək potensial münaqişələrdə istifadə etməyi hədəfləyir.

Hesabatda bildirilir ki, Kremlin qarşısında böyük büdcə kəsiri yaranıb və hakimiyyət iqtisadi yükü əhalinin üzərinə yönəltmək üçün istehlak vergilərinin artırılmasını nəzərdən keçirir. Məqsəd Rusiya-Ukrayna müharibəsini maliyyələşdirmək üçün əlavə resurs toplamaqdır.

Məlumatlara görə, Rusiya hökuməti əlavə dəyər vergisini (ƏDV) 20 faizdən 22 faizə qaldırmaq imkanını araşdırır. Beləliklə, büdcəyə hər il əlavə 1 trilyon rubl (təxminən 11,9 milyard dollar) və ya ölkə ÜDM-nin 0,5 faizi həcmində gəlir daxil ola bilər. Ekspertlərin sözlərinə görə, bu qərar istehlakçıların üzərinə ciddi maliyyə yükü qoyacaq, çünki şirkətlər əlavə xərcləri qiymətlərə yansıdacaq.

Rusiya Maliyyə Nazirliyinin 9 sentyabr açıqlamasına görə, 2025-ci ilin yanvar-avqust aylarında federal büdcə kəsiri 4,2 trilyon rubl (təxminən 50 milyard dollar) təşkil edib. Bu göstərici ilin əvvəlində planlaşdırılan 3,8 trilyon rubl (təxminən 45 milyard dollar) kəsirdən xeyli çoxdur.

ISW xatırladıb ki, Vladimir Putinin açıqlamasına əsasən, Rusiyanın hərbi büdcəsi hazırda ÜDM-in 6,3 faizini və ya 13,5 trilyon rublu (təxminən 160 milyard dollar) təşkil edir. Bu vəsaitin böyük hissəsi federal büdcə kəsirini artıran əsas səbəblərdəndir. Həmçinin qeyd olunur ki, hərbi büdcəyə müdafiə sənayesinə ayrılan investisiyalar daxil deyil. Kreml iyul ayında kiçik PUA istehsalçıları üçün ƏDV-ni sıfırlamağı təklif edib.

Xatırladaq ki, sentyabrın 10-na keçən gecə Rusiyanın Ukraynaya kütləvi hücumu zamanı azı 21 PUA Polşa hava məkanına daxil olub. NATO müttəfiqlərinin hərbi hava qüvvələri həmin hədəflərin məhv edilməsi üçün aviasiyadan istifadə edib.

PUA-lardan bir hissəsi Ukraynaya silah təchizatında əsas logistik mərkəz olan Jeşuv şəhərinə yönəldilib. Hücumdan sonra Polşa ordusu 16 PUA-nın qalıqlarını aşkarlayıb.

Baş verənlərin ardınca NATO Avropanın şərq cinahının müdafiəsini gücləndirmək məqsədilə “Şərq Mühafizi” adlı əməliyyata start verdiyini açıqlayıb.

Poliqon.info

Избранный
25
poliqon.info

1Источники