RU

Yol polisi yeni tədris ili ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi bütün şagirdləri, tələbələri, müəllimləri və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və yol hərəkəti qaydalarına ciddi əməl olunmasının vacibliyini xatırladıb.

Qurum qeyd edib ki, paytaxtda tədris ilinin başlaması ilə nəqliyyatın hərəkəti daha da intensivləşir, xüsusilə məktəb, bağça və universitetlərin yerləşdiyi ərazilərdə. Sürücülərə şəxsi avtomobildən zərurət olmadıqda istifadə etməmək, ictimai nəqliyyata üstünlük vermək, dayanma-durma qaydalarını pozmamaq və təhsil müəssisələrinin yaxınlığında sürəti azaltmaq tövsiyə olunub.

Valideynlərə uşaqları məktəbə gətirərkən kortej şəklində hərəkət etməmək, imkan daxilində bir nəqliyyat vasitəsindən bir neçə şagirdin daşınması üçün istifadə etmək və avtomobilləri yalnız icazə verilən yerlərdə saxlamaq tövsiyə olunub. Uşaqlar avtomobildən düşərkən onların səkiyə yaxın qapıdan çıxmasına nəzarət edilməlidir.

Piyadalara, o cümlədən şagird və tələbələrə, yalnız nişanlanmış piyada keçidlərindən istifadə etmək, qəfil yola çıxmamaq və hərəkət zamanı diqqəti yayındıran amillərdən uzaq durmaq xatırladılıb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün təhsil ictimaiyyətini təbrik edib və vurğulayıb ki, yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır.

N.Təbrizli

Избранный
50
9
anews.az

3Источники