RU

Üzüm və Şərab Festivalının ikinci günü

Şamaxı, 14 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

Şamaxının Meysəri kəndi iki gün ərzində rəngarəng və unudulmaz festivalın mərkəzinə çevrilib. Festival çərçivəsində həm yerli, həm də xarici istehsalçıların təqdim etdikləri müxtəlif çeşidli şərab məhsullarının dequstasiyası keçirilib. Dadın, ənənənin və zəhmətin vəhdətini özündə birləşdirən bu məhsullar qonaqların xüsusi marağına səbəb olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, builki proqram üzüm istehsalı və şərabçılıqla yanaşı, Azərbaycanın turizm potensialını da əks etdirən maarifləndirici və əyləncəli tədbirlərlə zəngin olub. Məqsəd ölkəmizin qədim üzümçülük və şərabçılıq ənənələrini yaşatmaq, bu sahədə görülən işləri, ixrac imkanlarını və yeni bazarlara çıxış perspektivlərini geniş ictimaiyyətə təqdim etməkdir.

Festival ərazisində müxtəlif sərgilər, məşhur restoranların pavilyonları qurulub, qonaqlar üçün rəssamların üzümçülük mövzusunda yaratdıqları əsərlər sərgilənib. Bu, ziyarətçilərə həm dadın, həm də incəsənətin bir araya gəldiyi unikal bir mühit yaradıb. Tədbirin birinci günü xüsusi hazırlanmış şou ilə başlanıb. Səhnədə retro və caz musiqisinin incə notları ilə auditoriya coşub, daha sonra pop musiqinin enerjili ifaları qonaqları ovsunlayıb. Latın Amerikası ritmləri isə festivalı əsl rəqs və əyləncə bayramına çevirib.

Festivalın ikinci günü proqramın rəngarəngliyi ilə davam edib. Bu günün açılışını müasir pop janrında çıxış edən, səsi və fərqli səhnə təqdimatı ilə seçilən gənc ifaçı Sevanna edib. İstedadlı saksofonçu, “Suleymanbeyli Group” layihəsi ilə çıxış edən Teymur Süleymanbəyli və qrupun solisti Nəzrinin də ifaları unudulmaz anlarla yadda qalıb. İki dəfə “Eurovision”da çıxış edən, “The Voice Türkiye” yarışmasının qalibi Elnur Hüseynov, digər “Eurovision” təmsilçimiz, festivalın hər iki gününün qonağı Nigar Camal, populyar müğənni Samir Piriyev, Meksika və samba üslubunda musiqi əsərləri ifa edən “Mexican band”, populyar estrada müğənnisi Nura Suri, Humay Aslanova, caz və xalq musiqisini birləşdirən ifaları ilə tanınan Xalq artisti Tünzalə Ağayeva, gənc DJ Kamo festivalı daha ritmli və dinamik ediblər. Ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanmaqla yanaşı, müxtəlif oyunlara da qatıla biliblər.

Uşaqlar və gənclər üçün təşkil edilən əyləncəli oyunlar və interaktiv proqramlar isə festivalın ailəvi məzmununu daha da gücləndirib.

Xatırladaq ki, dördüncü dəfə təşkil olunan Üzüm və Şərab Festivalı şərab istehsalçıları üçün yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq və Azərbaycanın bu sahədəki potensialını beynəlxalq miqyasda nümayiş etdirmək baxımından mühüm platformaya çevrilib.

Qeyd edək ki, festival sentyabrın 13-dən başlanıb. Şamaxı Rayon İcra Hakimiyyətinin, “Abqora” restoranının və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə keçirilən bu möhtəşəm tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Şamaxının ucsuz-bucaqsız bağlarının fonunda keçirilən bu festival həm regionun iqtisadi, həm də mədəni həyatına yeni nəfəs qataraq, qonaqlara əsl bayram ovqatı bəxş edib.

 

Избранный
5
1
azertag.az

2Источники