RU

Vəfat edən şəxsin pensiyasının 30 faizi ailəyə əvvəlcədən ödənilə bilərmi? - Açıqlama

"Vəfat edən şəxsin pensiyasının sosial sığorta məbləğinin 30 faizi ailəsinə əvvəlcədən ödənilməlidir".

Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərli komitənin iclasında çıxış zamanı deyib.

O qeyd edib ki, bəzən vəfat edən şəxsin həyat yoldaşı ərinin pensiyasını almaq üçün 10 il gözləməli olur:

"Bu çox uzun müddətdir. Hesab edirəm ki, sosial sığorta məbləğinin heç olmasa 30 faizi əvvəlcədən ödənilərsə, daha məqbul olar".

Bəs bu təklif nə qədər mümkünə çevrilə bilər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Musavat.com-a danışıb:

"Bu, absurd təklifdir. Azərbaycanda pensiya sistemi bunun üzərində qurulmayıb. Ailə başçısının itirilməsinə görə sosial müavinət var. Deputatlar istəyirsə ki, ailə başçısının itirilməsinə görə ailənin təminatı yaxşılaşsın, həmin o sosial müavinətin artırılmasına dair təklif verə bilərlər. Yəni indi nə qədər verilirsə, deyə bilərlər ki,  10 qat, 5 qat artırılsın, uşaqların sayına, sosial təminatına uyğun olaraq daha da çoxaldılsın və s. Bunun üçün konkret olaraq dövlət müavinət mexanizmi yaradıb. Onun həcminə dair təkliflər verilə bilər, artırıla bilər".

İqtisadçı bildirir ki, qeyd olunan məsələ özəl pensiya fondları vasitəsilə tənzimlənə bilər:

"Hökumət bunu nəzərdə tutur, hazırda özəl pensiya fondları haqqında qanunvericilik hazırlanır. Deyirlər ki, yəqin bu il olmasa da, yaxın vaxtlarda təqdim ediləcək. Özəl pensiya fondları çərçivəsində bu məsələlər daha çevik olacaq və vərəsəlik prinsipi də yaranacaq. Hətta şəxs vəfat etsə belə, o kapital ailə üzvlərinə tam olaraq transfer ediləcək. Bundan əlavə, daha tez götürmək, daha çevik istifadə etmək, könüllülük əsasında müxtəlif sxemlər üzrə iştirak etmək imkanları olacaq. Amma təbii ki, bunun üçün vətəndaş özü əlavə pul ödəməli olacaq.

İndiki sistem icbari pensiya sistemidir. Pensiya sistemi özünü maliyyələşdirmə prinsipi ilə qurulub. Hazırda işləyənlərdən toplanan vəsait mövcud pensiya təminatının ödənilməsinə yönəldilir. Əgər deputat arzulayırsa, qeyd etdiyim kimi, sosial müavinətin artırılmasına və minimum pensiyanın daha sürətlə, daha yaxşı artırılmasına dair təklif edə bilər ki, pensiya təminatı yaxşılaşsın. Amma pensiya kapitalının 30 faizinin qabaqcadan ailəyə ötürülməsi indiki pensiya sisteminin ruhuna və fəlsəfəsinə uyğun deyil. İndiki sistem ondan ibarətdir ki, işləyən şəxslərdən pul götürülüb, pensiya yaşına çatmış şəxslərə ödənilir. Hətta dövlət işləməyən şəxslərə də minimal pensiya verir ki, onların sosial təminatı olsun".

Xalid Kərimli vurğulayıb ki, indiki zamanda əsas diqqət yalnız minimal pensiyanın daha çox artırılmasına yönəldilməlidir:

"İndiki şəraitdə biznes məqsədli yanaşma məntiqli deyil, çünki bu, özəl pensiya fondları sistemində tənzimlənəcək. Burada isə əsas diqqət yalnız minimal pensiyanın daha çox artırılmasına yönəldilməlidir. Pensiyaların artırılması üçün isə iqtisadi mənbələr düşünülməlidir – neftin qiymətinin artması, yeni quyuların qazılması və əlavə gəlir əldə olunması. Çünki ölkənin başqa geniş iqtisadi bazası yoxdur. Bununla yanaşı, ailə başçısını itirməyə görə sosial müavinət sistemini də daha güclü təşkil etmək lazımdır".

Xalidə Gəray
Musavat.com

Избранный
24
3
musavat.com

10Источники