ain.az, Metbuat portalına istinadən məlumat yayır.
Rusiya Federasiyası “rəqəmsal suverenlik” konsepsiyasını irəli sürərək, interneti qlobal infrastrukturdan mümkün qədər müstəqil fəaliyyət göstərə biləcək “milli seqment”ə çevirməyi hədəfləyir. Belə modelin əsas nümunəsi Çin və onun məşhur “Great Firewall” sistemidir ( https://russiancouncil.ru/en/analytics-and-comments/analytics/digital-sovereignty-in-russia-and-china/ ).
Rusiya bu konsepsiyanı reallaşdırmaq, sosial şəbəkələri və bütövlükdə interneti öz nəzarəti altında saxlanılmaq üçün geniş qanunvericilik aktları qəbul edib, institusional tədbirlər həyata keçirib. Bu addımlar bir tərəfdən milli təhlükəsizlik və kibercinayətkarlıqla mübarizə, digər tərəfdən isə informasiya məkanının mərkəzləşdirilməsi və dövlət nəzarətinin gücləndirilməsi ilə əsaslandırılır ( https://dgap.org/en/research/publications/russias-quest-digital-sovereignty ).
“Suveren internet” haqqında Qanun
2019-cu ildə Rusiyada "Rabitə haqqında" Federal Qanuna, həmçinin, "İnformasiya, informasiya texnologiyaları və informasiyanın mühafizəsi haqqında" Federal Qanuna dəyişikliklər edilməsi barədə qərar verilib ( https://en.wikipedia.org/wiki/Sovereign_Internet_Law/Федеральный закон №90-ФЗ). 1 may 2019-cu il tarixdə qüvvəyə minən bu qərar şərti olaraq "Suveren internet haqqında Qanun” adlandırılır. Qanunun əsas missiyası Rusiyada “Milli DNS sistemi”nin qurulmasıdır. Ölkə daxilində məlumatların yönləndirilməsi üçün ayrıca domen adlarının tətbiqi bu qanuna istinad edir. Qanun xarici serverlərdən asılılığın azaldılması tələbini irəli sürür, Rusiya daxilində data-mərkəzlərin genişləndirilməsini şərtləndirir. TSPU texnologiyasının (Технические средства противодействия угрозам – internet trafikini izləmək və lazım gəldikdə bloklamaq üçün xüsusi avadanlıqlar) tətbiqini vacib fəaliyyət kimi irəli sürür.
2023-cü ildə Çeçenistanda tətbiq testləri həyata keçirilərək “suveren internet” modeli sınaqdan çıxarılıb.
“Human Rights Watch” qeyd edir ki,“suveren internet” konsepsiyası Rusiyanın qlobal internetdən təcrid olunmuş ayrıca seqment qurmaq imkanlarını xeyli artırıb. Bununla yanaşı, tifadəçilərin internet informasiya resurslarından, xüsusilə sosial şəbəkə platformalarından məlumat əldə etmələrinə ciddi məhdudiyyətlər yaradıb ( https://www.hrw.org/news/2019/10/31/russia-new-law-expands-government-control-online ).
Sosial şəbəkələrin tənzimlənməsi üzrə digər qanunlar
Rusiya hökuməti sosial media platformalarını nəzarətə götürmək üçün ardıcıl qanunlar qəbul edir. Şərti olaraq “Saxta xəbərlərlə mübarizə haqqında” qanun (Russian fake news laws ) əslində 2019-cu ildə sonra Rusiya Federasiyası ərzisində yeni qəbul edilmiş, yaxud, əlavə və dəyişikliklərlə təkmilləşdirilmiş qanunlar qrupunu əhatə edir. Bu qanunlardan ən məşhuru Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra qəbul edilmiş, 4 mart 2022-ci il tarixdə qüvvəyə minmiş №32 ФЗ Federal Qanunudur. O, Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə (Roskomnadzor) saxta hesab olunan xəbərlərin məhkəmədənkənar şəkildə onlayn yayımını bloklamağa icazə verən federal qanunlar qrupudur ( https://en.wikipedia.org/wiki/Russian_fake_news_laws).
Qanun, digər kommunikasiya vasitələri kimi, sosial şəbəkələr üzərindən də etibarsız məlumatların yayılmasını qadağan edir. Pozuntulara görə 30 min rubldan 1,5 milyon rubla qədər cərimələr nəzərdə tutulur. COVID-19 pandemiyası və 2022-ci ildən Ukrayna müharibəsi dövründə ən çox sayda tətbiq olunan cəzalar bu qanuna əsaslanıb.
“Hakimiyyətə qarşı hörmətsizlik” qanunu (2019) – dövlət orqanları, Konstitusiya və simvollara qarşı hörmətsizliyi cinayət kimi qiymətləndirir (№28 ФЗ). Çoxlu sayda sosial media fəallarının “hörmətsizlik” ittihamı ilə məsuliyyətə cəılb edilməsi və cəzalandırılması bu qanunun nəticəsidir.
“Ekstremist məzmun axtarışına qarşı” qanun 2025–ci ildə qüvvəyə minib. Qadağan edilmiş materialları VPN vasitəsilə axtarılması bu qanuna əsasən, hüquqi məsuliyyət yaradır. Adı çəkilən qanun beynəlxalq təşkilatların hesabatlarında internet senzurasının daha sərt forması kimi dəyərləndirilir ( https://www.reuters.com/world/russia-passes-law-punishing-searches-extremist-content-2025-07-22/ ).
“Sosial reklam” tələbi də sosial şəbəkələr üçün müəyyən hüquqi məsuliyyətlər yaradır. Qanun özü 2006-cı il qəbul olunub. 2025–ci ildə əlavə və dəyişikliklər edilərək sosial şəbəkələrə tətbiq edilmək üçün uyğunlaşdırılıb. Bütün onlayn resurslar illik reklam həcminin ən azı 5%-ni sosial reklam üçün ayırmalıdırlar. Bu reklam dövlət və ya ictimai fayda məqsədlərinə xidmət etməlidir.
Alternativ platformalar və messencer sistemləri
“Max” messencer tətbiqi üzrə hüquqi tələb 2025–ci il sentyabrın 1-də qüvvəyə minib. Onun Rusiya ərazisində bütün mobil cihazlara quraşdırılması məcburidir. VK şirkəti tərəfindən hazırlanmış bu tətbiq “WeChat” tipli “super-app” modelini təqlid edir. Tənqidçilər onu “casus tətbiq” adlandırırlar və şəxsi məlumatların izlənməsi riskinə diqqət çəkirlər ( https://www.bbc.com/news/articles/ce9rj2145jgo ).
“RuStore” tətbiq mağazası “Google Play” və “App Store”nin əvəzinə istifadəçilərə məcburi təqdim olunur. “LIME HD TV” isə 2026-cı ildən etibarən smart-televizorlarda avtomatik quraşdırılacaq.
Bundan əlavə, hələ 2016-cı ildə qəbul edilən “Yarovaya qanunu” yeni versiyada təkmilləşdirildikdən sonra, internet provayderləri üçün bütün istifadəçi trafiki və meta-məlumatları saxlamağı məcburi edir. Bu norma FSB-yə şifrələnmiş məlumatları oxumaq səlahiyyəti verir.
Kibercinayətkarlıqla mübarizə qanunları
2025-ci ilin fevralında qəbul edilən qanun dəyişikliyi ilə 30-dan çox norma sərtləşdirilib və kibercinayətkarlıqla mübarizə tədbirlərinə uyğunlaşdırılıb. Uzunmüddətli həbs cəzalarının (5 ildən 15 ilə qədər) tətbiqiqanuniləşdirilib. Yeni qaydalara əsasən, kibercinayət yolu ilə əldə edilmiş gəlirlər müsadirə olunacaq. İri miqyaslı haker işləri üzrə ictimai məhkəmə prosesləri keçiriləcək və ictimaiyyətə açıq olacaq.
Rusiya xaricdəki şübhəlilərin təqibini də gücləndirib. Beynəlxalq ekstradisiya mexanizmlərini sərtləşdirib.
İnzibati idarələr: “Roskomnadzor”un missiyası
“Roskomnadzor” (Telekommunikasiya və İnformasiya Texnologiyalarına Nəzarət üzrə Federal Xidmət) əsas icra orqanıdır. O, KİV və internet üzərində həm senzura, həm də bloklama səlahiyyətlərinə malikdir. Qanunsuz məzmunu məhkəmə qərarı olmadan bloklaya bilir. Reklam və sosial reklam normalarına nəzarət edir. Fərdi məlumatların qorunması adı altında istifadəçi trafikinə müdaxilə edir. 2022-ci ildən sonra minlərlə sayt, o cümlədən “Facebook”, “Instagram”, “Twitter” bloklanıb. İstifadəçilər əsasən VPN-lərə müraciət etsə də, bu xidmətlər də ardıcıl olaraq bloklanır.
Beynəlxalq reaksiya və tənqidlər
Human Rights Watch Rusiyanın internet siyasətini “təcrid, senzura və nəzarətin gücləndirilməsi” kimi qiymətləndirir. “Sərhədsiz Reportyorlar” təşkilatı (Reporters Without Borders) isə Rusiyanı “internet azadlığının düşməni” elan edib. Texnoloji şirkətlər – “Apple”, “Google”, “Cloudflare” və “Mozilla” bəzi hallarda hökumət təzyiqlərinə müqavimət göstərsələr də, qanuni tələblərə uyğunlaşmaq məcburiyyətində qalıblar. Qərb hökumətləri Rusiyadakı məhdudiyyətləri tənqid edir və alternativ informasiya kanallarını dəstəkləyir.
Rusiyanın sosial şəbəkələrin tənzimlənməsi modeli milli təhlükəsizlik arqumenti üzərində qurulsa da, praktikada ifadə azadlığını, məlumat əldə etmək imkanlarını və şəxsi həyatın toxunulmazlığını məhdudlaşdırır. Dövlət özünə “rəqəmsal suverenlik” anlayışı ilə haqq qazandırır. Amma bu, beynəlxalq ictimaiyyət tərəfindən “rəqəmsal izolyasiya” və “internet üzərində avtoritar nəzarət” kimi dəyərləndirilir.
Hazırda Rusiya Çinə bənzər milli internet məkanı formalaşdırmağa çalışır. Lakin fərq ondadır ki, Çin xarici sosial şəbəkə platformalarının əksəriyyətini əvvəldən öz ərazisinə buraxmayıb. Rusiya isə ərazisində əvvəllər mövcud olmuş qlobal platformaları mərhələli şəkildə sıxışdıraraq yerli alternativlərlə əvəzləməyə çalışır. Nəticə etibarilə, Rusiyanın sosial şəbəkələr və internet üzərində nəzarət mexanizmləri dövlətin informasiya siyasətində tam dominantlıq yaratması ilə yekunlaşıb. Bu isə ölkə daxilində fikir müxtəlifliyini boğur, beynəlxalq miqyasda Rusiya cəmiyyətini informasiya təcridi ilə üz-üzə qoyur.
Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.
Məqalələr maarifləndirici xarakterlidir. Sosial şəbəkə seqmentində informasiya təhlükəsizliyinin təmin edilməsi prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir.
Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi və tənzimləmə modelləri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.