Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsi ilə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi (AQDİM) arasında iki tərəfli rəsmi görüş keçirilib. Baş Klinik Hospitalda baş tutan görüşün əsas məqsədi qan donorluğu sahəsində əməkdaşlığı gücləndirmək, ölkədə donor proqramlarını daha səmərəli təşkil etmək və gələcək birgə tədbirlər planını müəyyənləşdirmək olmuşdur.
Rəsmi tədbirdə Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəis müavini, Baş Klinik Hospitalın rəisi, tibb xidməti polkovnik Elçin Abdullayev, Millət vəkili, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyənin fəxri üzvü, Ilahiyyət üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyənin sədri Fuad Rəsul, AQDIM –nin fəxri üzvü, idarə heyəti sədrinin müavini, iki şəhid bacısı , müharibə veteranı Məhəbbət Paşayeva, həmçinin Baş Klinik Hospitalın Qan Bankı bölməsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Mərdan Hümbətov və Qan Tədarükü və Transfuzyalogiya şöbəsinin həkim-transfuzoloqu Kazım Quliyev movzu ətrafında geniş çıxışlar ediblər.
Tərəflər qan ehtiyatlarının artırılması, donorların cəlb edilməsi, qanvermə aksiyalarının təşkili, irsi qan xəstəliyindən əziyyət çəkən ailəllərə qayğı, həmçinin klinik və pedaqoji təlimlərin keçirilməsi kimi məsələləri müzakirə edilib. Həmçinin, donorların hüquq və təhlükəsizliyinin təmin olunması, qanvermə prosedurlarının beynəlxalq standartlara uyğun həyata keçirilməsi kimi strateji məsələlər də diqqət mərkəzində olub.
Xüsusilə vurğulanıb ki, Ali Baş komandan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihə və proqramlar bu sahədə misilsiz addımlar kimi qiymətləndirilir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə irsi qan xəstəliklərindən əziyyət çəkən şəxslərin və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, müasir tibbi xidmətlərə çıxış imkanlarının artırılması, həmçinin maarifləndirmə tədbirlərinin təşkili istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Görüşdə Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul yaradılan şəraitə və göstərilən böyük dəstəyə görə Azərbaycan Respublikasının Müdafiə naziri, cənab General-Polkovnik Zakir Həsənova dərin təşəkkürünü ifadə edib. O, həmçinin gələcək əməkdaşlığın əhəmiyyəti, birgə təşəbbüslərin uğurla həyata keçirilməsinin vacibliyindən söz açıb.
Görüş sonunda birgə fəaliyyət planının hazırlanması qərara alınmış, müxtəlif təlimlər, maarifləndirici tədbirlər və könüllü qanvermə aksiyalarının təşkili istiqamətində konkret addımlar müəyyənləşdirilmişdir. Bu əməkdaşlıq sayəsində həm Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın Qan Bankı bölməsinin, həm də Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin fəaliyyətləri daha koordinasiyalı və effektiv şəkildə həyata keçirilməsi vurğulanıb.




