RU

Bu dünya bir pəncərədir...

Hər gün gördüyümüz, əlimizlə toxunduğumuz, arxasında dayanıb fikrə daldığımız, dərdimizi bölüşdüyümüz, heyran-heyran dünyaya baxdığımız pəncərələr. Həyatımızda, günümüzdə bizə çox lazımlıdır, vacibdir, çünki üzümüzə işıq düşür. Hər açanda küləyi telimizi darayan havası ürəyimizə sərinlik gətirir, vücudumuza rahatlıq verir. 

Pəncərələr tikililərin, binaların bəzəyidir, gərəyidir. Onlarsız evlərimizin yaraşığı olmur, otaqlarımıza təmiz hava dolmur, işıqlı olmur. 

Atalarımız, babalarımız bir zamanlar qoynunda yaşadığımız bu böyüklükdə  dünyanı balaca pəncərəyə bənzədiblər. Fikirlərini poetik şəkildə ifadə edərək deyiblər ki, "dünya bir pəncərədir hər gələn baxar gedər". Amma bəzən iş tərsə düşür, heç bu pəncərədən baxa bilməyənlər də olur. O pəncərəni görə bilməyənlər də olur. 

Ölçüsü, boy-buxunu, duruşuğu, yaraşığı bir-birinə bənzəməyən pəncərələr var. Biri-birindən bir az böyük, bir az kiçik, bir gözlü, iki gözlü, üç gözlü, min-min gözlü pəncərələr. Dili, dodağı daim sözlü-söhbətli, xatirələrlə dolu gözlü pəncərələr dünyaya baxışlarımızı formalaşdırır, bizi çox sirlərdən agah edir. 

Həmişə yeri yuxarı başda olan, bəzən açıq, bəzən də bağlı qalan, tez-tez ürəklərə, qəlblərə, könüllərə nur çiləyən, işıq salan pəncərələr həyatımızın bir parçasıdır. Bəzən insanların ağrı-acısına, kədərinə şahidlik edən, sanki kövrələn, dərdlərinin od-alovuna yanan, soyuqda, şaxtada, qarda-boranda üşüyüb, titrəyib donan pəncərələr, gözümüzün önündədir. 

Bəzən də yerini, mövqeyini, səmtini, istiqamətini dəyişən pəncərələri görürük. Heç vaxt qoyulduğu yerdən tərpənməyən, gözdən, könüldən uzaqlara getməyən pəncərələr də diqqətimizi çəkir. Həmişə bir yerdə qalıb acılı-şirinli ömür sürən, yavaş-yavaş qocalan, qocala-qocala, da neçə-neçə insanları kədərli, qəmli, bir az da nəmli baxışlarla yola salan, dünyaya gələnləri, təzə doğulanları şirin təbəssümlə, gülərüzlə, şirin sözlə əl çalıb qarşılayan, alqışlayan pəncərələr, beləcə, həyatımıza şahidlik edirlər. 

Bəzən əlçatan, ünyetən, günyetən, heç kimin xətrinə dəyməyən, qürurundan kimsəyə baş əyməyən pəncərələrlə də rastlaşırıq. Bəzən də əlçatmayan, ünyetməyən, günyetməyən, insanların xətrinə dəyən, qürurunu unudub kimə gəldi baş əyən pəncərələr də qarşımıza çıxır. Belə pəncərələri heç kim sevmir, uzaqdan daş atıb şüşəsini sındırırlar, sonra da taxtasını parça-parça edib ocağa atıb yandırırlar. 

Bəzən bəxtləri gətirmir, diqqətdən, qayğıdan, nəzərdən uzaqda qalır pəncərələr. Buna görə də üzləri, gözləri gülmür, saralıb-solur pəncərələr. Qırılır, sınır, bir tərəfi sallanır, sonra da yerindən üzülür, divardan aşağı düşür pəncərələr. Belə anlarda gözlərindən damla-damla yaş süzülür. Nə qədər çətin olsa da, sabahlarda yaşayacaqları xoş günlərin xətrinə bütün çətinliklərə dözüb dayanırlar. 

Onlar heç vaxt mübarizələrindən qalmırlar, küləklə, yağışla döyüşürlər, qarla, çovğunla öcəşirlər.  

Müxtəlif istiqamətlərə - içəri, çölə, sağa, sola, geriyə, irəliyə, dağa-daşa, bağa-bağçaya, meşəyə, çöllərə, düzlərə, küçələrə, yollara səmt verir pəncərələr. Üstünə gün düşəndə şüşəsindən göz qamaşdıran şüalar saçır pəncərələr. 

Müxtəlif rəngli, həzin ahəngli, xoş müjdəli pəncərələr var. Ağ, qara, sarı, göy, qırmızı, bənövşəyi və başqa-başqa rənglərə boyanmış pəncərələr göz oxşayır. Hər gün, hər səhər gözümüzün ilk dikildiyi pəncərələr olur. Necə də bənzərsiz, rəngbərəng, bir-birindən qəşəngdir pəncərələr. Həmişə könlümüzü oxşayıb, ürəyimizi açan, qəlbimizə işıq saçan pəncərələr...

Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Избранный
68
azerbaijan-news.az

1Источники