Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid Mahir Bəxtiyar oğlu Paşayevin ailəsini ziyarət edib. Söhbət zamanı şəhidin şərəfli həyat yolundan danışılıb və ev-muzeyindəki əşyaları nəzərdən keçirilərək xatirəsi anılıb.
Rayon rəhbəri ailənin qayğı və ehtiyacları ilə maraqlanıb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ailələrinə hər zaman böyük diqqət və qayğı göstərildiyini bildirərək, bu sahədə həyata keçirilən işlərin Cəlilabadda da davam etdirildiyini bildirib.
Şəhidin ailəsi dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan razı qaldıqlarını ifadə ediblər.
Qeyd edək ki, Mahir Paşayev 1997-ci il sentyabrın 1-də Cəlilabad rayonunun Əsədli kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Mahir Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin, Cəbrayılın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mahir Paşayev oktyabrın 9-da Cəbrayıl döyüşləri zamanı şəhid olub.
44 günlük Vətən müharibəsində adını qəhrəmanlar sırasına yazdıran Mahir Paşayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, 3-cü dərəcəli "Rəşadət" ordeni, "İgidliyə görə", "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
"Azərbaycan"